Amerika-Rusiya gərginliyi regionda ciddi problemlər yaradacaq

Dünyanın iki super gücü arasında gərginlik hər ötən gün artmaqdadır. Birləşmiş Ştatların bu günlərdə Rusiyaya qarşı sanksiyaları yenidən qüvvədə saxlaması və Ağ Ev rəhbərinin onu təsdiqləməsi Kremli cavabsız qoymayıb. Belə ki, şimal qonşumuz da öz ənənəsinə sadiq qalaraq Vaşinqtona qarşı adekvat addımlar atıb. Ancaq mənfi tendensiya ondan ibarətdir ki, iki güc mərkəzinin mövqe savaşı Cənubi Qafqaz fonunda baş verir.

Dünyanın iki super gücü arasında gərginlik hər ötən gün artmaqdadır. Birləşmiş Ştatların bu günlərdə Rusiyaya qarşı sanksiyaları yenidən qüvvədə saxlaması və Ağ Ev rəhbərinin onu təsdiqləməsi Kremli cavabsız qoymayıb. Belə ki, şimal qonşumuz da öz ənənəsinə sadiq qalaraq Vaşinqtona qarşı adekvat addımlar atıb. Ancaq mənfi tendensiya ondan ibarətdir ki, iki güc mərkəzinin mövqe savaşı Cənubi Qafqaz fonunda baş verir. Belə ki, hazırda hər iki güc mərkəzinin daha çox üz-üzə gəldiyi regionlardan biri Cənubi Qafqazdır. Birləşmiş Ştatların Gürcüstanda hərbi təlim keçirmək istəyinə Rusiyanın Osetiyaya öz silahlılarını göndərməsi Vaşinqtonla Moskva arasında gərginliyi daha da artırıb. Bütün bunlar isə region üçün heç də müsbət məqamlar vəd etmir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Birləşmiş Ştatların Rusiyaya qarşı iqtisadi sanksiyaları rəsmi Kremlin Şərqi Avropa və Cənubi Qafqaz siyasətində daha da aqressiv siyasət aparmasına səbəb olur. Onun sözlərinə görə, Rusiyanın Belarus ərazisində keçirəcəyi hərbi təlimlər və Cənubi Qafqazda Gürcüstan ərazisində və Ermənistanda hərbi hərəkətliliyi burada bazalarını gücləndirməsi regionda ciddi problemlər yaradacaq: "Qeyd edim ki, Moskva Gürcüstanda Qərbə qarşı, həm siyasi, həm də hərbi təzyiqlərdən istifadə edəcək. Artıq rəsmi Kreml Gürcüstanda bəzi siyasi partiyalara dəstək verir və onların rəsmilərini Moskvaya dəvət edir. Göründüyü kimi, Gürcüstanda ciddi siyasi mübarizənin bundan sonra daha da qızışması gözlənilir. Vladimir Putin Gürcüstanda dəstək verdiyi partiyalarla hakimiyyəti dəyişə bilməsə də, ciddi siyasi böhran yaratmağı planlayır. Gürcüstanda Putinin siyasi məqsədi Moskvaya bağlı hakimiyyət formalaşdırıb, Qərbi regiondan çıxartmaqdır. Amma iqtisadi sanksiyalardan boğulan Rusiyanın bunun öhdəsindən nə dərəcədə gələcəyi müəyyən zamanda bəlli olacaq".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Rusiya getdikcə daha çox özünü tələyə salır. Onun qənaətincə, Kreml necə illərdir Amerika ilə Avropanın arasını vurmağa çalışır: "Son günlər o bu istəyinə bir qədər yaxınlaşmışdı, ancaq elədiyi kobud səhv ucbatından yenidən hədəfindən uzaqlaşdı. Deməli, Birləşmiş Ştatlar Konqresi Rusiyaya qarşı sərt sanksiya qəbul etdikdən sonra Avropa İttifaqı buna qarşı çıxdı, Brüssel dedi ki, "Vaşinqton istəyir deyə biz Rusiya ilə iqtisadi əlaqələrə son verə bilmərik və sanksiya qərarını yanlış hesab edirik". Ancaq bunu deyənin özü iki gün sonra Rusiyaya qarşı sanskiyanı sərtləşdirdi, sənədə yeni şəxslərin və şirkətlərin adını əlavə etdi". Politoloq deyib ki, hər şey Almaniyanın məşhur Siemens konserninin kontrakt əsasında Rusiyanın Krasnodar vilayətində tikilən obyektə göndərdiyi 4 turbindən sonra başladı: "Belə ki, Rusiyanın müvafiq nazirliyi Almaniya konsernini aldadaraq həmin turbinləri Krımdakı oxşar tikintiyə göndərib. Siemens məsələdən xəbər tutan ki, turbinləri geri tələb edib. Şirkətin niyə belə etdiyi aydındır, işğal altındakı Krım sanksiyalar altındadır və bilinsə ki, hansısa Avropa şirkətinin birbaşa və dolayı yollarla yarımada ilə əməkdaşlığı var, həmin şirkətə qarşı da sanksiyalar tətbiq olunacaq. Ona görə də şirkət özü baş verən hadisə barədə Avropa İttifaqının qurumlarını xəbər edib və bundan sonra Brüssel keçmişdə qəbul etdiyi sanskiyaya yeni isimləri əlavə edib. Bundan sonra Avropa hansı əsasla Amerikaya deyəcək ki, "Sən Rusiyaya qarşı sanksiyanı sərtləşdirməklə düz etmirsən". Elxan Şahinoğlu hesab edir ki, Krımla bağlı son olay bizə nümunə ola bilər: "Şübhə etmirəm ki, işğalçı Ermənistan da Avropanın müxtəlif şirkətlərindən aldığı avadanlıqların bir hissəsini Dağlıq Qarabağa ötürür, sadəcə bir çoxundan xəbərimiz yoxdur. Avropa İttifaqının Krımdan fərqli olaraq Dağlıq Qarabağla bağlı sanksiya qərarı olmasa da, Brüssel Azərbaycanın ərazi bütövlüyünü tanıdığından öz şirkətlərinə Krımla yanaşı digər separatçı bölgələrdə fəaliyyətini də qadağan etməlidir. Fikrimcə, bu məsələdə separatizmdən əziyyət çəkən Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna səylərini birləşdirərək Brüsseldən işğal altındakı torpaqlarla bağlı xüsusi qətnamənin qəbulunu istəyə bilərlər. Yəni hər hansı Avropa şirkəti bilməlidir ki, Ermənistan onu aldadaraq avadanlıqlarını Dağlıq Qarabağa göndərərsə, bu ona baha başa gələcək. Ancaq bunun məhz belə olması üçün müttəfiqlərlə birgə işləmək və Avropaya daha yaxın olmaq lazımdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31