“Ermənistan yenidən kəskin antiRusiya mövqeyindədir”
4 Avqust 2017 14:57 Dünya"NATO-da antirusiyaçılığın güclənməsi Ermənistanın marağını daha artırıb". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloq vurğulayıb ki, Rusiya Dövlət Dumasında Rusiya Federasiyası ərazisində konkret olaraq sürücülük vəsiqəsinin tanınması müzakirəsi zamanı Ermənistan respublikasının sürücülük vəsiqəsinin tanınmaması Ermənistanda narazılıq yaratmışdı: "Ermənistan tərəfi bu problemi Rusiya qarşısında qaldırdı. Əlavə olunan dəyişikliklərdə rus dilinin dövlət statusuna malik olduğu ölkələrin sürücülük vəsiqəsinin Rusiya ərazisində tanınması barədə dəyişiklik əlavə edildi. Bu da erməniləri qane etmədi. Ermənistan parlamentinin yeni spikeri A. Babloyan RF Dövlət Dumasının spikeri V.Volodinlə görüşəndə bu məsələni bir daha qaldırdı. Volodin məsələnin həlli üçün Ermənistanda rus dilinə dövlət statusu verməyi təklif etdi. V.Volodinin bu təklifi Ermənistanda bomba effekti yaratdı. İqtidarlı müxalifətli bütün deputatlar, müstəqil və ya müxalifətçi bütün ekspertlər kəskin surətdə bu ideyanın əleyhinə çıxdılar: Ermənistanda rus dili heç zaman dövlət dili statusu ala bilməz. Təhqirli ifadələr işlədildi.
Bunun nəticəsi olaraq Ermənistanın AİB-dən çıxmaq məsələsi aktuallaşdırıldı. Prezident S.Sərkisyan vəziyyəti cilovlamaq üçün komandasına təlimat verdi. Ermənistan təbliğatının ağır çəkililəri, parlamentin vitse-spikeri, hakim "Respublika" partiyasının mətbuat xidmətinin rəhbəri E.Şarmazanov, "Respublika" partiyasının sədr müavini, keçmiş təhsil naziri, parlamentdə komissiya sədri A.Aşotyan "AİB-dən çıxmaq üçün heç bir siyasi və iqtisadi əsasın olmadığı" tezisini dövriyyəyə buraxdılar. E.Şarmazanov bir az da irəli gedərək AİB-ə üzv olduqdan sonra qazın qiymətinin ucuzlaşdığını bildirdi. Ermənistanın siyasi elitası, o cümlədən prezident S.Sərkisyan antiRusiya fikirlərin hal-hazırkı dövrdə təhlükəli olduğunun mahiyyətini başa düşür. Amma bu S.Sərkisyana xarakterik xüsusiyyətdir. AİB-dən çıxmaq təşəbbüsünün müəllifi olan Edmon Marukyan Ermənistanda çox məhdud dairədə nüfuza malikdir. S.Sərkisyanın dəstəyi olmasaydı, o deputat seçilə bilməzdi".
Mübariz Əhmədoğlu deyib ki, Ermənistan NATO-nun Rumıniyada keçirilən hərbi təlimlərində iştirak etdi və hal-hazırda Gürcüstan ərazisində keçirilən NATO-nun hərbi təlimində iştirak edir: "Digər belə təlimdə də iştirakına razılığını verib və hazırlaşır. Ermənistanın NATO ilə əlaqələrinin inteqrativ mahiyyətli olmasını NATO Baş Katibinin Qafqaz və Cənubi Asiya üzrə köməkçisi C.Appaturayın Ermənistana son səfəri bir daha göstərdi. RF-NATO münasibətləri Ermənistan rəhbərliyinə bəllidir. NATO-nun Qarabağ məsələsində Ermənistana dəstək verməməsi də aydındır. Türkiyə NATO-nun üzvüdür. Bu parametrlər çərçivəsində Ermənistan NATO-ya can atırsa, deməli, bunun mahiyyəti antirusiyaçılıqdır. Ermənistanda müəyyən qruplar NATO qrantlarından pul qazanırlar. Amma əgər pul prizmasından məsələyə yanaşsaq Aİ Ermənistana daha çox pul təklif edə bilər. NATO-dan fərqli olaraq Aİ sərt antirusiyaçılıq nümayiş etdirə bilmir. NATO Rusiyaya qarşı mövqeyini sərtləşdirdikcə, Rusiya ətrafında hərbi qüvvələr topladıqca, Ermənistanın NATO-ya doğru meyli daha da güclənir. NATO-ya doğru belə siyasətin müəllifi prezident S.Sərkisyandır. S.Sərkisyan təlimat verəcəyi təqdirdə rəsmi təbliğat maşını NATO-nun əleyhinə danışacaq. NATO-nun əleyhinə danışılmırsa deməli, prezident S.Sərkisyan belə istəyir.
Bəzi məsələlərdə Ermənistanın Rusiyadan qorxması fonunda NATO ilə əlaqələrə can atmaqda davam etməsi rəsmi Yerevanın NATO ilə artan münasibətlərinin təkcə rəsmi Yerevanın deyil, rəsmi Yerevanla Moskvadakı ermənilərin və erməni lobbisinin birgə işinin məhsulu olduğunu göstərir. Məhz ermənilər NATO ilə artan əlaqələrini maskalamaq üçün Azərbaycanı belə antiRusiya sifətdə təqdim edə bildilər.
Ermənistanın NATO ilə əlaqələrinə Rusiya tərəfinin reaksiya verməməsi bəzi erməni ekspertlərini xeyli ruhlandırıb. Onların fikrincə, Rusiya Cənubi Qafqaz regionunu NATO-ya təhvil verib. ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini bir qrup erməni eksperti sevinclə qarşılayıb və bu sanksiyaları ermənilərin xeyrinə şərh edirlər. Rəsmi Yerevanı Kremlin təzyiqi ilə antiABŞ bəyanatlar verməməyə çağırırlar".
Politoloq deyib ki, "Rusiyanın sonu", "Rusiya imperiyasının qürubu", "Rusiyanın dağılmasının ikinci mərhələsi başlana bilər", "V.Putin hakimiyyətinin sonu" və s. bu kimi terminlər Ermənistanın siyasi elitasında və mətbuatında aparıcı terminlərə çevrildi: "İctimai-siyasi mühitdəki bu dəyişikliyi təkcə qərbin qrantlarına bağlamaq düzgün deyil, hakimiyyətin də vacib rolu var".
M. Əhmədoğlu sonda vurğulayıb ki, "Ermənistanda ABŞ-ın kiçik də olsa hərbi bazasını yaratmaq lazımdır" politoloq Q.Ambaryanın bu təklifi mətbuatda geniş rezonans yaratmasa da hər halda daxili müzakirələrin ciddi hədəfi olması istisna deyil. Azadinform.az