Parlament seçkiləri, yoxsa seçki hərracı?
Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəicələrinə görə hakim Respublika Partiyası qalib hesab olunub. Məlumata görə, sözügedən partiya seçicilərin böyük əksəriyətinin səsini toplayıb.
4 Aprel 2017 13:53 DünyaATƏT: "Səslərin satın alınması, dövlət qulluqçularına təzyiq, seçicilərə hədə-qorxu gəlinməsi barədə dürüst informasiya var"
Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəicələrinə görə hakim Respublika Partiyası qalib hesab olunub. Məlumata görə, sözügedən partiya seçicilərin böyük əksəriyətinin səsini toplayıb. Xatırladaq ki, bu məlumat Ermənistan Mərkəzi Seçki Komissiyasına məxsusdur. Seçki prosesini izləyən yerli və beynəlxalq müşahidəçilər isə tamamilə əks fikirdədirlər. Müşahidəçilərin qənaətinə görə, parlament seçkiləri kütləvi saxtakarlıqla müşahidə olunub. Kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılan foto və video materiallar deməyə əsas verir ki, Sərkisyan rejimi seçkilərdə ehtimal onunan saxtakarlıqları ört-basdır etmək üçün nə qədə ciddi hazırlıq işləri aparsa da reallığın ictimaiyyətə sızmasının qarşısını almağa nail ola bilməyib. Elə ilk saxtakarlıq faktı işğalçı ölkənin prezidenti Serj Sərkisyandan gəlib. Belə ki, səsvermə prosesində quraşdırılan cihaz hərbi-xunta rejiminin rəhbərinin şəxsiyyət vəsiqəsini tanımayıb. Şəxsiyyət vəsiqəsinin saxta olduğunu xatırlayan Sərkisyan dərhal cibindən ikinci vəsiqəni çıxararaq seçki komissiyasına təqdim edir. İndi təsəvvür edin ki, cibində saxta şəxsiyyət vəsiqəsi gəzdirən, adı seçki siyahısında olmayan dövlət başçısının rəhbərliyi ilə hansı əsasla seçkilərin demokratikliyindən danışmaq olar? Digər çoxsaylı saxtakarlıqlar və seçki cinayətlərindən isə danışmağa dəyməz. Çünki, bu məlumatlar seçkilərdə iştirak edən digər partiyalarda kifayət qədərdir və onların beynəlxalq müşahidəçilərə təqdim ediləcəyi istisna olunmur. Məsələ orasındadır ki, demokratiyadan dəm vuran beynəlxalq təşkilatların müşahidəçilərinin seçki saxtakarlığına reaksiyası heç də əvvəlki seçkilərdən fərqlənməyəcək. Belə halda Ermənistanda keçirilən parlament seçkiləri xalqa nə verəcək?
Yeri gəlmişkən qeyd edək ki, ATƏT aprelin 2-də Ermənistan parlamentinə keçirilən seçkiləri tənqid edib. Təşkilatda hesab edirlər ki, ümumxalq səsverməsində seçicilərin səslərinin satın alınması, dövlət qulluqçularına təzyiq və partiyaların nümayəndələri tərəfindən seçki prosesinə müdaxilə halları qeydə alınıb. ATƏT-in seçki ilə bağlı hazırladığı ilkin hesabatda deyilir ki, səslərin satın alınması, dövlət qulluqçularına, o cümlədən məktəb və xəstəxanalarda çalışanlara təzyiqlər, habelə müəyyən partiyanın lehinə səs toplamaq məqsədi ilə seçicilərə hədə-qorxu gəlinməsi barədə dürüst informasiya var. Bu da seçki prosesinə qarşı ümumi narazılıq doğurub".
Məlumatda o da bildirilir ki, "Vətəndaş müşahidəçi" təşəbbüsünün nümayəndələri də seçkilərdə bir sıra pozuntu halları qeydə alıblar. Söhbət texniki vasitələrin nasazlığından, insanların bir yerə toplaşmasından, səsvermə sirrinin pozulmasından, seçkiqabağı rüşvət verilməsi hallarından gedir. Müşahidəçilərin bəyanatında deyilir: "Seçki prosesində yeniliklərin seçicinin etimadını bərpa edəcəyi ilə bağlı gözləntilərə baxmayaraq, bu, baş vermədi. Bizim seçkilərin vətəndaşların iradəsini sərbəst ifadə etmələrini şübhə altına almaq üçün ciddi əsaslarımız var".
Xatırladaq ki, Ermənistan prezident idarə üsulundan parlament idarə üsuluna keçid üçün konkret addım atıb. Belə ki, aprelin 2-də keçirilən parlament seçkiləri bu, ölkədə parlament idarə üsuluna keçidi nəzərdə tutan 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra ilk seçkidir. Proporsional seçki sistem əsasında formalaşan yeni parlament daha sonra prezidenti 7 illiyə seçəcək. Prezident isə parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi bolkun namizədini baş nazir təyin edəcək. Rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, "Rusiyanın Cənubunun Analitikası" dövri nəşrinin baş redaktoru Yevgeni Mixaylov deyib ki, Ermənistanda parlament seçkilərində hakim Respublika Partiyasının qələbə qazanması bu ölkənin xalqına heç bir xeyir verməyəcək. Onun sözlərinə görə, Ermənistan sakinləri yenə də öz ölkələrini tərk edəcəklər, Serj Sarkisyan isə azərbaycanlılara münasibətdə daha çox nifrət təlqin etməklə Dağlıq Qarabağ münaqişəsi üzrə gərginliyi artırmağa davam edəcək: "Sarkisyanı sərt beynəlxalq çərçivəyə salmaq lazımdır, yoxsa bu vəziyyət davam edəcək". Ekspert bildirib ki, bu gün Ermənistanda S.Sarkisyanı vəzifəsini tərk etməyə məcbur edə bilən güc yoxdur: "Ermənistandan fərqli olaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində tamamilə fərqli siyasət yürüdür. Rəsmi Bakı Azərbaycanla sülhün tərəfdarı olan ermənilərin də fəal iştirak etdiyi münaqişənin nizamlanması üzrə sülh platforması yaradıb". Millət vəkili Bəxtiyar Sadıqov qeyd edib ki, Ermənistanda keçirilən parlament seçkiləri əvvəlki seçkilərdən heç nə ilə fərqlənmədi. Aprelin 2-də keçirilən seçkilər yenə də saxtakarlıq, seçiciləri ələ almaq, onların iradəsinə təzyiq etmək halları ilə yadda qaldı. Deputat bildirib ki, seçki zamanı baş verən bütün hadisələr proqnozları doğrultdu: "Yəni, Sarkisyan tamamilə nüfuzunu itirib, xalq tərəfindən dəstəklənmir. Ancaq Sarkisyanın Ermənistana rəhbərlik etməsində maraqlı olan xarici qüvvələr var və onlar bu seçkidə də onun "qələbə" qazanmasına yardımçı oldular. Hətta seçkilər elə səviyyədə "təşkil olunmuşdu" ki, Sarkisyanın özünün adı o siyahıdan çıxmadı. Cibindən iki pasport çıxarandan sonra, barmağını iki dəfə işarələdəndən sonra Sarkisyana seçici bülleteni verə bildilər. Bütün bunlar göstərir ki, Ermənistanda seçkilər qanun pozuntuları ilə, anidemokratik keçirilib". B.Sadıqov vurğulayıb ki, ermənilər artıq Sarkisyani istəmir: "Seçkidə iştirak edən bloklar Sarkisyana qarşı ittihamlar səsləndirirdilər. Belə bir vəziyyətdə Ermənistanı böhrana gətirən, dilənçi vəziyyətinə salan, forpost dövlətə çevirən Sarkisyan yenə də Ermənistana rəhbərlik etmək fikrindən əl çəkmir. O, ümumiyyətlə, erməni xalqının maraqlarını fikirləşmir, ancaq öz şəxsi maraqlarındam çıxış edir və bu istiqamətdə də hərəkət edir".
Zəka