Dünyada ilk bitkoin bank açılıb
14 Fevral 2017 20:05 DünyaAvstriyanın paytaxtı Vyana şəhərində dünyanın ən populyar kriptovalyutası olan bitkoinlə işləyən ilk bank açılıb.
Almaniyanın kiçik "Bit Trust Services" startapı tərəfindən açılmış "Bitcoin-Bank"-da müştərilər kriptovalyuta haqda məsləhət ala və sistemdə qeydiyyatdan keçə bilərlər. Virtual pul kisəsinin sahibləri isə öz bitkoinlərini avroya və ya əksinə çevirə bilərlər.
Avstriyanın iqtisadi sistemində kriptovalyutanın dövriyyəsinə qadağa qoyulmayıb. Bu ölkədə hələ üç il əvvəl ilk bitkoin bankomat açılıb. Vyana şəhərində təxminən 20 şirkət və müəssisə bitkoindən ödəniş məqsədilə istifadə edir.
Bitkoin ən populyar virtual valyutadır. İki tərəf arasında elektron ödəniş heç bir vasitəçi olmadan həyata keçirilir. Bu halda komissiya ya çox cüzi, ya da ümumiyyətlə yoxdur. Sistemdə həyata keçirilmiş bütün əməliyyatlar haqda informasiya vahid açıq reyestrdə qeydə alınır. "ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır.