Terrorizmlə mübarizə niyə effekt vermir?
Bu yaxınlarda Çinin Xancjou əyalətində inkişaf etmiş 20 dövlət başçılarının iştirak etdiyi sammitdə terrorizmlə mübarizə hər bir dövlətin siyasi və iqdisadi maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının ana xətti kimi vurğulanmışdır.
30 Sentyabr 2016 13:15 DünyaBu yaxınlarda Çinin Xancjou əyalətində inkişaf etmiş 20 dövlət başçılarının iştirak etdiyi sammitdə terrorizmlə mübarizə hər bir dövlətin siyasi və iqdisadi maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının ana xətti kimi vurğulanmışdır. Məsələ ABŞ və Rusiya prezidentlərinin bir saat ərzində davam edən görüşünün müzakirə predmetinə çevrilmişdir. Lakin bütün cəhdlərə baxmayaraq dünya ölkələri tərəfindən terrorizmə qarşı mübarizədə həmrəyliyin sərgilənməsi müşahidə olunmur. "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev qeyd edib ki, "Cinayətkarlığın xəbərdarlığı və cinayətkarlarla rəftar" üzrə BMT-nin 1990-cı ildə Havanada keçirilmiş VIII beynəlxalq konqresində terrorçuluğu doğuran səbəb və şərait, onun qarşısının alınması məsələləri müzakirə predmetinə çevrilmişdir. Bu səbəblər sırasında - yoxsulluq, işsizlik, beynəlxalq aləmdə ümumi maraqlara xidmət edən ideologiyanın qatı əleyhinə olmaq, sosial həyatın qurulmasında çətinliklər, təhsil səviyyəsinin təkmil olmaması, kadrların hazırlanmasında mənəvi dəyərlərin nəzərə alınmaması, əhalinin müəyyən hissəsinin marginallaşması (latın sözü marginalis-sosial həyatın kənarında - son həddində olma - avaraçılıq, yoxsulluq) sosial bərabərsizliyin hiddətlə qarşılanması, ailədə, cəmiyyətdə mədəni və mənəvi tərbiyənin aşağı düşməsi, miqrasiyanın neqativ nəticələri, özünü dərketmə qabiliyyətinin ibtidailəşməsi, mədəni- -məişət obyektlərinin hamı üçün "açıq" olmaması, KİV-də bərabərsizliyə və zorakılıqlara səbəb olacaq ideya və baxışların təbliği və s. göstərmək olar: "Terrorizm, cinayətkarlığın və cinayətlərin xüsusi növü kimi daha çox "idarə olunan" qrupun düşmən axtarışında olduğu yerlərdə inkişaf edə bilir. Müvafiq qurumlar belə yerləri vaxtında görə bilmədiyindən baş verəcək olayları zərərsizləşdirməkdə və lokallaşdırmaqda çətinliklər yaranır. İşsizliyin və inzibati amirliyin hökm sürdüyü ölkələrdə narkomanlığı da əlavə etsək, bir az da miqyaslı düşünsək terrorçuların və kriminal aləmin sərbəst hərəkətləri, cəzasızlıq mühiti və onlara beynəlxalq səviyyədə havadarlıq terrorçuluğun inkişafına imkan yaradır. Uzun illər Rusiyada, Dağıstan, İnquşetiya, Çeçenistan və s. ölkələrdə baş verən belə faktlar bu gün də ciddi narahatlıq doğurur. Dünya terrorçuların və İŞİD-in əlində aciz qalıb".
Terrorizmi yaradan səbəblər
Hüquqşünas ekspertlərin terrorçuluğun səbəbləri barədə mülahizələri siyasi, diplomatik personalara və beynəlxalq təşkilatlara yaxşı məlumdur. Bu səbəblərə: İlk növbədə Sosial-iqtisadi faktorları göstərmək olar. Birlik rəhbərinin fikrincə, bu qrupa həyat şəraitinin aşağı düşməsi, (həsəd, paxıllıq, qisasçılıq, keçmişə nostalji hisslərlə qapanma) iqtisadi və enerji böhranı, qiymətlərin sürətlə artımı, inflyasiya, insanların alıcılıq imkanlarının yoxluğu, müəyyən sosial və professional qrupların fəaliyyətində böhran və durğunluq, xüsusən hərbçilərin - peşəkarlığı və təcrübəsi ilə seçilən hərbi zabitlərin məşğulluğunun olmaması (partlayıcı maddələrlə bağlı geniş biliyə və təcrübəyə malik zabitlər nəzərdə tutulur, bu insanların peşəkarlığından terrorçular məharətlə istifadə edə bilirlər), işsizliyin miqrantların axınına təsir edəcək səbəblərin qarşısını almaqda mürəkkəb şərait, bazar iqtisadiyyatı sahəsində şəxsiyyətin psixoloji və peşəkarlıq cəhətdən deqradasiyası; əhali arasında odlu silahın, hərbi sursatın daşınması və saxlanılmasına meylin artımı; müəyyən qrupun hakimiyyətin devrilməsinə cəhdi (məs: Qərbi Almaniyanın "Qırmızı ordu Fraksiyası", İtalyada yenə "Qırmızı Briqada" və s.); Son hadisələrdə qardaş Türkiyədə baş verən qiyamı və s. aid etmək olar. Ermənistanın güya erməniləri xilas etmək istəyən "Asala" terror qrupu da, bura aiddir. KİV-də zorakılıq və bərabərsizliklərlə bağlı ideya və baxışların heç bir maneə olmadan yayımı diqqət çəkən məqamlardandır: "Daha sonra siyasi səbəblər kimi, yəni, hakim elita tərəfindən repressiv metodların, cəmiyyətin ikrah hissi ilə qəbul etdiyi qeyri ənənəvi xarakter daşıyan sosial- -siyasi qaydaların tətbiqi; dövlət daxilində siyasi münaqişələrin güclənməsi, müəyyən regionda iki dövlətin siyasi və iqtisadi maraqlarının (uyğun gəlməməsi) toqquşması; hakimiyyətin daxili, xarici və milli siyasətində kobud səhvlərin buraxması; ayrı-ayrı adamlar, qruplar, partiyalar (dini radikal qruplar) tərəfindən milli münaqişələrin inkişafına çağırışların edilməsi, məqsədyönlü qızışdırmalar və s. göstərmək olar.
Başqa dövlətlərə qarşı aqressiya və işğalçılıq siyasəti nəticəsində, silah və güc tətbiq etməklə dinc əhaliyə maddi ziyan dəyir. Əhali - qurbanlar qismində uzun dövr ərzində bu vahimənin və dəhşətin "təəssüratından ayrıla bilmir, psixoloji gərginliklər, daxili iztirablar tükənmir. Terrorçuları həvəsləndirmə, onları hərbi arsenal və maliyə ilə təchizetmə, onlara dövlət siyasəti daxilində dəstək vermə; Dominant dövlətlərin kiçik saydıqları müstəqil dövlətlərin siyasəti ilə razılaşmaması və s. siyasi səbəblərdəndir".
Dini səbəblər daha təhlükəlidir
Son zamanlar dini fanatizm, dini səbirsizliklər sanki nümayiş etdirilir. Müsəlman ölkələrində, bütövlükdə dünyada məscidlərin sayı indi 3, 4 dəfə artmışdır. Çox təəssüf ki, burada bəzən başqa ideyaları camaata çatdırırlar. İnsanları hidayət yoluna çağıranların şəxsiyyətləri ətrafında bulanıq məlumatların olması dini radikalizmə meyli artırır: "Bəzi "İmamların"ilahiyyatla bağlı səviyyələri ya çox aşağı, ya da natamamdır. İmamın vəzifəsi təkcə saqqal saxlamaqdan ibarət deyil. Qənaətimə görə Allah evlərinin əksəriyyətində yad baxışlı xüsusi kəşfiyyat nümayəndələrinin izi var, namaz qılmağa gedən "möminlər" sonradan radikallaşaraq vəhşiliyə doğru addımlayırlar. Bu baxımdan Terrorun bir səbəbi də fanatizmdir. Fanatizm siyasi, ideyalı və dini ola bilər. Dini fanatizm radikallığa aparan mütləq inamda ifadə olunduğundan, "kafirləri - inanmayanları" öldürməklə guya qatil cənnəti qazanmış olur. Bu damğa altında öldürülənlərin hər biri, bu insanların yaddaşında kafir kimi qəbul olunur, bir növ "Rəbbimiz qarşısında borcumu yerinə yetirdim"- deyə öyünürlər. Bəzən də, qadınlar bu missiyanı çiyninə götürürlər. Terrorçular adətən proqramlaşdırılan adamlar olur. Belələri bu yolla "şəhid" olmağı şərəf sayırlar. İslam isə bu cür vəhşi təxəyyüllüləri rədd edir. Bu sayaq davrananlar Məhəmməd (s.ə.s) peyğəmbərin vəsfə sığmaz nüfuzuna da ziyan vururlar. Aparılan tədqiqatlardan məlum olur ki, terrorçular axmaq, ağlı dayaz adam da deyillər. Vahimə doğuran, xüsusi ilə ağır cinayəti, yaxud hansı düyməni basmaqla nəyi dağıtmaq olar - vəzifəsini kəmağıla həvalə (etməzlər) etməyin özü də ağılsızlıqdır. Burada hər şey zərgər incəliyi və saat dəqiqliyi ilə icra edilir. Allahın "qanunlarına" sədaqət göstərənlər çirkin əməllərinin həyata keçirilməsində tərəddüd etmirlər, vicdanları üşümür. Məscidlərdə ruhanilərin izdihamı silkələyə və yaxud, ağır bir cinayətin qarşısını ala biləcək, kütləvi qırğına yox deyəcək, nüfuzlu şəxsin qətlini pisləyəcək moizələri çox azdır ( bəlkə də yoxdur.) Qurani Kərim, inananın da, inanmayan bir günahsızın da, qətlə yetirilməsini pisləyir. "Sizinlə vuruşanlara qarşı siz də vuruşun" - deyir. Bir günahsızı qətlə yetirməklə, bütün insanlara qarşı törədilən əməlin ağır olduğu vurğulanır".
Terrorozmi kimlər dəstəkləyir?
Onun sözlərinə görə, dünyada vahiməli əməllərin - terror hadisələrinin baş verməsində bəzi dövlətlərin xüsusi xidmət sahələrinin yarıtmaz fəaliyyətini qeyd etməmək olmur. Bu xidmət sahələrinin təhlükəsizliyin təminatına yönələn faktor kimi cəmiyyətin dəstəyindən istifadə edə bilməməsi, necə deyərlər əhalidən kənar fəaliyyətləri, məlumat bankında maraq doğuran hadisələr və törədiləcək ağır cinayətlər barədə "şəbəkənin" məlumatsızlığı ictimaiyyətə baha başa gəlir. Əməliyyat məlumatları ya yoxdur, ya da həmin məlumatlarla işləmək bacarığı və yaxud qabiliyyəti aşağıdır. Belə ölkələrin kəşfiyyat miqyası həddən artıq dar və hüquq mühafizə orqanlarına işə qəbul qaydaları proteksiya yolu ilə həyata keçirildiyindən professionallığın inkişafı yubanır, terrorla mübarizə adı altında hakimiyyət qorunur, insanların təhlükəsizliyinin müdafiəsi unudulur, cəmiyyətdə zorakılıqlara şərait yaradılır: "Faktiki olaraq beynəlxalq aləmdə terrorizmi doğuran səbəb və şəraiti aradan qaldırmaq, onunla mübarizə Don Kixotun yel dəyirmanı ilə mübarizəsinə bənzəyir. Ona görə də, ötən əsrdə, həm də XXI 100 ildə terrorçuluq artıq bütün dövlətlərin baş ağrısına çevrilmişdir. Güc yolu ilə bunun qarşısını almaq ən azı siyasi sadəlöhvlükdür. Çünki terrorçuluq vəhşi heyvanların nümayişi deyil ki, onlara qarşı güc, silah tətbiq edilsin. Bu, vətəndaş müharibəsinin variantlarından biri, özülündə isə sosial, iqtisadi, dini radikalizm və siyasi səbəblər durur".
Alim