İsveçrədə erməni sevgisi belə formalaşdırılıb - İlginc faktlar

İsveçrədə təqribən 5 minə yaxın erməni yaşayır. Saylarının bu ölkədəki türk icmasından az olmasına baxmayaraq, daha yaxşı təşkilatlana biliblər. 

İsveçrədə təqribən 5 minə yaxın erməni yaşayır. Saylarının bu ölkədəki türk icmasından az olmasına baxmayaraq, daha yaxşı təşkilatlana biliblər. 

Bu cür birliklərin başında 1993-cü ildən Sürix şəhərində fəaliyyət göstərən erməni apostol kilsəsi durur. 10-a yaxın ictimai təşkilatı, dərnəyi olan İsveçrə erməniləri kilsədə bir araya gəlirlər. Kilsə, demək olar ki, daima birləşdirici faktor kimi çıxış edir.

Avropada çalışan türk diplomatlarına terror təşkil etmiş ASALA terror təşkilatı 90-cı illərdən başlayaraq, silahlı mücadilə taktikasını dəyişib - silahı yerə qoyub. Terror təşkilatının bazasında onlarca xeyriyyə təşkilatı, ictimai birliklər yaradılıb. Erməni Xeyriyyə Təşkilatı, Sürix Erməniləri Dərnəyi, İsveçrə Erməniləri Birliyi, İsveçrə-Ermənistan Assossasiyası ən güclü təşkilatları sayılır. Bu təşkilatların üzvlüyündə yerli isveçrəlilər də az deyil. 

Yeri gəlmişkən, İsveçrədə onlarca erməni dili öyrədən bazar günü məktəbləri fəaliyyət göstərir. Bu cür məktəblərin fəaliyyəti İsveçrə hökuməti tərəfindən maliyyələşir. Bu məktəblərin əsas məşğuliyyəti erməni dilinin öyrədilməsiylə yanaşı, ermənilərin övladlarına "qondarma erməni soyqırımı"nı təbliğ etməkdən ibarətdir.

***

Milli.Az aznews.az-a istinadən bildirir ki, ermənilərin İsveçrədə "Artzakank" adlı qəzeti, Masis adlı futbol klubları da var. Erməni təşkilatları arasında fəaliyyət formasına görə digərlərindən fərqlənəni "Sürix erməniləri dərnəyi"dir. Özəyini erməni gənclərin təşkil etdiyi dərnək erməni mənşəli həkimləri, müəllimləri, iş adamlarını və digər prestijli peşə sahiblərini birləşdirir.

Təşkilat, demək olar ki, hər ay xeyriyyə marafonu təşkil edir. İyun ayında keçirilmiş xeyriyyə marafonu qondarma "DQR"-a yardım kampaniyası adı altında keçirilib və 5 min Amerikan Dolları miqdarında maliyyə vəsaiti toplanıb. Fransız dilində dərc olunan "Artzakank" qəzətinin maliyyələşməsində aparıcı rol da bu təşkilata məxsusdur.

Təşkilatın internet səhifəsindən də (www.hayastan.ch) dərnəyin fəaliyyətinə qiymət vermək mümkündür. Daha çox yerli isveçrəliləri dərnəyin fəaliyyətinə cəlb etməklə erməni yalanları dayanmadan təbliğ olunur. Bununla yanaşı, "ənənəvi erməni günü", "erməni körpələrin və uşaqların görüşü" adlı çoxsaylı tədbirlər keçirir və bu tədbirlərdə iştirak edən hər bir erməni təşkilata maliyyə yardımı edir, üzvlük haqqı ödəyir. Sürix erməniləri dərnəyi qondarma "DQR"in İsveçrə nümayəndəliyinin açılacağını da anons edib. Çox güman ki nümayəndəlik ilk öncə qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərəcək.

Erməni təşkilatları içərisində ən qocamanı 1943-cü ildə yaradılmış "İsveçrə Erməniləri Birliyi"dir. Təşkilatın erməni gənclərin təhsil alması, İsveçrə cəmiyyətinə inteqrasiyası istiqamətində xüsusi rolu var. Təşkilatın nəzdindəki komissiya ali məktəblərdə təhsil alan erməni mənşəli tələbələrin qeydiyyatı və himayəsiylə məşğuldur. 

***
Erməni təşkilatlarının ən böyük təbliğat metodu kitab dərcidir. "Erməni Məktəb və Ailə dərnəyi" nəzdində bu kitabların təqdimatı keçirilir. Kitabların böyük hissəsi qondarma soyqırıma və ya bu hadisələrin şişirdilməsinə, yozulmasına həsr olunur. Təqdimat mərasimlərinə isveçrəli jurnalistlər, yazıçılar, alimlər dəvət olunur. Dərc olunmuş kitablar erməni diasporunun maliyyə vəsaiti sayəsində İsveçrədə fəaliyyət göstərən kitabxanalara, universitetlərə paylanır. Qondarma soyqırım haqqındakı yalanlar təhsil ocaqlarına yol tapmaqla ayaq tutub yeriyir.

***
Maliyyə vəsaiti toplanışlarının əsas təşkilatçılarından biri də İsveçrə Erməni Yardım Mərkəzidir. Yardım mərkəzi adıyla fəaliyyət göstərən qurum əsasən qondarma DQR-ə maliyyə vəsaiti toplayır. Bu təşkilatın çətiri altında İsveçrənin iri şəhərlərində mədəniyyət mərkəzi adıyla çoxsaylı dərnəklər fəaliyyət göstərir. Erməni yalanlarının yayılması üçün meydan- idman və mədəniyyət tədbirləri bu mərkəzlər tərəfindən yaradılır. 

Məhz bu mərkəzlərin dəstəyi sayəsində İsveçrə hökuməti qondarma erməni soyqırımını tanıyıb.

Erməni təşkilatlarının Türkiyə və Azərbaycana qarşı mübarizəsində ən yaxın tərəfdarı PKK terror təşkilatıdır. Son illərdə PKK ilə erməni təşkilatlar arasında ciddi iş birliyi aparılır, birgə tədbirlər keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00