Ankara-Moskva yaxınlaşması kimə daha çox sərfəlidir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üzrxahlıq məktubundan sonra Rusiya-Türkiyə münasibətləri dərhal müsbət məcraya yön aldı. Sanki Rusiya bu anı çoxdan gözləyirmiş kimi, Putinin təşəbbüsü ilə prezidentlər arasında telefon danışıqları baş tutdu və gələcək görüşün zamanı müəyyənləşdi, iqtisadi sanksiyalar, Türkiyəyə turist turlarına qoyulan qadağa ləğv olundu.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üzrxahlıq məktubundan sonra Rusiya-Türkiyə münasibətləri dərhal müsbət məcraya yön aldı. Sanki Rusiya bu anı çoxdan gözləyirmiş kimi, Putinin təşəbbüsü ilə prezidentlər arasında telefon danışıqları baş tutdu və gələcək görüşün zamanı müəyyənləşdi, iqtisadi sanksiyalar, Türkiyəyə turist turlarına qoyulan qadağa ləğv olundu. Politoloq Natiq Miri isə deyir ki, Rusiyanın Türkiyəyə münasibətdə bu qədər sürətlə yumşalması heç də Kremlin türkləri sevməsi ilə bağlı deyildi. Bunun arxasında ölçülüb, biçilmiş konkret geosiyasi niyyətlər dururdu ki, bu da Türkiyə-Rusiya barışından sonra baş verən geosiyasi hadisələrlə təzahür etdi: "Birincisi, Türkiyə-Rusiya barışığı NATO-nun Varşava sammiti ərəfəsində baş verdi ki, bu da qətiyyən təsadüf hesab oluna bilməz. Rusiya barış məktubunun məhz bu zamana təsadüf etməsinə ona görə razılıq vermişdi ki, Varşava sammiti öncəsində NATO-ya növbəti dəfə geosiyasi əhəmiyyətini, gücünü nümayiş etdirsin. Bununla da NATO-nun Rusiyanın çevrələnməsi qərarından vaz keçilməsinə nail olsun. İkincisi, Rusiya Türkiyə ilə münasibətləri tənzimləməklə NATO-nun Qara, Aralıq və Ağ dənizlərdə rus donanmasının tamamilə sıxışdırılmasının önünə müəyyən mənada sədd çəkdi ki, bu da Rusiya donanmasının dənizlərdə tamamilə zərərsizləşdirilməsini əngəllədi. Nəticədə NATO-nun cənub-şərq sərhədləri Rusiya üçün bufer zona olmaqdan çıxdı. Üçüncüsü, indiyədək Suriyada Rusiya ilə hərbi əməkdaşlıq etmək istəməyən ABŞ, barışıqdan sonraKremlə bu yöndə əməkdaşlıq təklifini irəli sürdü ki, bu da rəsmi Vaşinqtonun bu bölgədə ciddi nəticələr əldə edə bilməməsi ilə bilavasitə bağlıdır. Məhz bundan dolayıdır ki, ABŞ təkcə əməkdaşlıqla yetinmədi, həm də Əsəd rejiminin hakimiyyətdə qalması ilə razılaşdı. Və bütün bunlar məhz ABŞ-ın uğursuz Suriya siyasətinin nəticəsi olaraq düşünülməlidir. Dördüncüsü, Türkiyə ilə barışıq yenidən Rusiyanı aqressiv davranmağa sövq etdi. Rusiyanı o qədər ruhlandırdı ki, Putin Finlandiya səfərində NATO-ya üzv olduğu təqdirdə Finlandiya ilə sərhədə 10 min qoşun yığacağı ilə hədələdi. Və savaş olacağı təqdirdə NATO-nin son fin əsgərinə qədər onları fəda edə biləcəyini deməklə, NATO-nin güvənli bir müttəfiq olmadığına işarə etdi, həm də təşkilat daxilində müəyyən şübhələrə və parçalanmaya yol açdı. Beşincisi, Şimal axını-2 qaz layihəsindən sonra yenidən Qara dənizin dibi ilə keçəcək olan "Türk axını" qaz layihəsinin reallaşdırılmasına da yol açıldı ki, bu da Rusiyanın Qərb qarşısında yenidən geosiyasi mövqelərini gücləndirmiş oldu". Natiq Mirinin sözlərinə görə, Rusiya Türkiyə ilə barışıq vaxtını o zamana saldı ki, o ərəfədə Böyük Britaniya Avropa Birliyindən çıxmaqla bağlı qərar verdi: "Bu isə İttifaqda parçalanma, mərkəzdən qaçma prosesinə rəvac verdi. Üstəlik, Avropa Birliyi yenidən Türkiyəyə qapılarını bağladı ki, Rusiya da AB-nın bu yanlışından məharətlə istifadə etmək qərarı verdi. Artıq bundan sonra Avropanın miqrasiya problemi AB-dən deyil, Türkiyə və Rusiyanın geosiyasi qərarlarından asılı olacaq. Bu 2 güc mərkəzi istədikləri zaman AB-ni Suriya və Şimali Afrikadan yeni köç dalğasını tətiklyə biləcəklər ki, bu da Avropa Birliyinin dağılmasını sürətləndirə bilər. Bu da təkcə AB-ni deyil, həm də NATO-nu zəiflədəcək durum yarada bilər. Göründüyü kimi, Türkiyə ilə münasibətlərin tənzimlənməsi təngənəfəs olan Rusiyaya üçün yeni bir nəfəslik açdı". Bəs Türkiyə barışıq prosesindən nə qazandı? Politoloqun sözlərinə görə, əvvəla, Türkiyənin çökmüş turizm sahəsi yenidən canlanmağa başladı: "Rusiyadakı turizm turları digər ölkələrlə nisbətdə son 24 saatda Türkiyəni önə çıxardı. İkincisi, Türkiyənin Rusiyaya ixracatını və iş imkanlarını artıracaq ki, bu da Türkiyənin iqtisadiyyatına öz müsbət təsirini göstərəcək. Üçüncüsü, Türkiyə Rusiya və İsraillə barışığa getməklə, ətrafında süni şəkildə yaradılan mühasirəni dağıtmış oldu. Bununla da Yaxın Şərqdə yenidən həlledici amil olmaq imkanı qazandı. Bundan başqa həm Rusyanın "türk axını", həm də İsrailin Türkiyə üzərindən öz qazını Avropa qitəsinə daşımaq istəməsi Türkiyəni bir enerji mərkəzinə çevirməklə geosiyasi əhəmiyyətini artırdı. Həmçinin Rusiya ilə barışıqla regionda yeni bir savaş təhlükəsinin qarşısı alındı. Rusiya ilə yaxınlaşma ABŞ-ın Suriyanın şimalında "kürd koridoru və muxtariyəti" layihəsinin qarşısını almaq üçün imkan yaratdı. Və bu imkan Suriyada sözünü tutmayan ABŞ-a alternativ olaraq Rusiya və Suriya rejimi ilə anlaşmalar ola bilər". Natiq Miri hesab edir ki, ancaq bunun əksi də baş verə bilər: "Rusiya Türkiyə ilə əlaqələrindən istifadə edərək ABŞ-la ciddi bazarlıqlara gedə və Ankaranı PKK-nın Suriya qolu olan PYD/YPG terroçuları ilə əməkdaşlığa sövq edilə bilər. Son günlər Türkiyə mediasında gedən bəzi təhlil yazılar da göstərir ki, artıq bu yöndə hərəkətə keçilib. Fikir də ondan ibarətdir ki, əgər Türkiyə xristian Rusiyası ilə, yəhudu İsrail ilə işbirliyini gedə bilirsə, nədən müsəlman PYD/YPG ilə əməkdaşlığa getməsin?! Bunu ictimai fikrin hazırlanması kimi də yozmaq olar. Türkiyə onu qapı arxasında qoyan Avropa Birliyinə göstərdi ki, onun üçün bütün zamanlarda alternativlər mövcuddur, bununla da ordan gələcək təzyiqləri minimuma endirmiş oldu. Rusiya ilə barışığın Türkiyənin daxili və xarici təhlükəsizliyinə müəyyən qədər töhvə verəcəyini demək olar. Göründüyü kimi, barışıq hər iki tərəfin mənafeyinə uyğundur və bir çox geosiyasi üstünlüklər saxladığı ortadadır. Ancaq müqayisə etsək, Rusiyanın qazancları daha çoxdur. Çünki Rusiya hər tərəfdən tükənmiş vəziyyətə gətirilib və belə bir vəziyyətdə Türkiyə kimi nəfəsliyin açılması Rusiyanın bir çox cəbhələrdə mövqelərini gücləndirmiş oldu. Təbii ki, Türkiyənin də geosiyasi və geoiqtisadi qazancları vardır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00