Ermənilər işğal olunmuş ərazilərdə narkotik becərirlər
Azərbaycanda narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri öz nəticəsini verməkdədir.
4 İyul 2016 13:05 DünyaBundan əldə olunan vəsaitlə silah alınır
Azərbaycanda narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri öz nəticəsini verməkdədir. Reallaşdırılan inzibati, maarifləndirmə tədbirləri ilə yanaşı narkotik vasitələrin məhv edilməsi mərhələsi də bu istiqamətdəki mübarizədə müzsbət dəyərləndirlir. Məlumat üçün qeyd edək ki, təkcə bir gün ərzində Bünyad Sərdarov adına "Maşınqayırma Zavodu"nun inzibati ərazisində 210 məhkəmə hökmü ilə müsadirə olunmuş 470 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən 5173 ədəd psixotrop maddələr və 2624 ədəd çətənə bitkisi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir. Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 250 kq 885,742 qr marixuana, 78 kq 886 ,257 qr tiryək, 89 kq 211,65 qr heroin, 51 kq 211,329 qr həşiş qətranı, 5173 ədəd psixotrop maddələr və 2624 ədəd çətənə bitkiləri təşkil etmişdir. Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 13 milyon manat həcmində dəyərləndirlir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, bu gün dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir: "Məlumdur ki, Azərbaycan ərazisinin 20 %-i 24 ildir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bundan əlavə, təcavüz nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 km-i Ermənistanın nəzarəti altındadır. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik əkilib-becərilir, xüsusi laboratoriyalarda emal edilir və müxtəlif ölkələrə göndərilir. Ə.Həsənov bildirib ki, bundan əldə olunan vəsaitlə silah əldə olunur: "Bu gün ermənilərin işğal altındakı ərazilərdə silahlı dəstələr hazırladığı da məlumdir. Orada silahlı dəstələr, terror qrupları hazırlanır və dünyanın bütün konflikt zonalarına göndərilir. Bu faktlarla bağlı Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər məlumat bazası toplanılıb və BMT-nin müvafiq strukturlarına təqdim edilib. Xususi olaraq vurğulamaq istəyirəm ki, bu ilin 19-21 aprel tarixində BMT Baş Assambleyası dünyada narkotik probleminin vəziyyətini müzakirə etmək üçün xüsusi bir sessiya təşkil etdi. Cənab Prezidentin tapşırığına əsasən həmin tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri kimi mənim rəhbərliyimlə nümayəndə heyəti də iştirak etdi və Azərbaycan hökuməti adından çıxış etdim. BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında əsas tribunadan birinci beş şəxsə söz verildi ki, onlardan biri Azərbaycan nümayəndə heyəti oldu. Təbii ki, bu Azərbaycan dövlətinə və Prezidentinə olan münasibətdən irəli gələn bir məsələ idi. Eyni zamanda, biz xüsusi sessiyada çıxışımızda ölkədə olan narkotiklərlə mübarizə haqqında qısa məlumat verdik, xüsusən ölkəyə daxil olan marşrutları bəyan etdik. Bildirdik ki, əvvəllər Əfqan narkotiki 3 marşrutla daxil olurdu və 4-cü marşrutun isə işğal altında olan ərazilərdən, yəni dövlət sərhədlərimizin 132 km bizim nəzarətimiz altında olmaması, bilavasitə Ermənistanın nəzarəti altında olması, həmin işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən külli miqdarda narkotiklərin əkilib becərilməsi, orada xüsusi laboratoriyalar vasitəsilə onun hazırlanması və satış üçün xaricə göndərilməsi təşkil edilir. Ondan əldə olunan gəlirlərlə silah alınır və bizim ölkəyə qarşı yönəlməsi faktlarını sadaladıq. Bundan əlavə bildirdik ki, orada xüsusi hərbi birləşmələrin formalaşdırılması və dünyada olan konflikt zonalarına göndərilməsi halları mövcuddur. Bütün bu faktlar haqqında məlumatı BMT tibunasından xüsusi sessiyada iştirak edən ölkələrin nəzərinə çatdırdıq. Bizim əlimizdə bütün bu faktlar toplandı və cənab Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti adından BMT-nin Vyana ofisinə göndərildi və tələb etdik ki, bu faktların yerində təsdiqini tapması üçün bir komissiya yaradılsın.Vyana ofisi belə bir komissiyanı yaratdı, ancaq Ermənistanda olan bu faşist, cinayətkar rejim onları ora buraxmadı". Baş nazirin müavini deyib ki, son illər Ermənistanın borcları durmadan artır, dərin iqtisadi-sosial böhranın yükünü kasıb və müflisləşən təbəqə daşımalı olur: "Ermənistanın ixracat siyasətinin tam iflasa uğradığı bir vaxtda hakim zümrə heç bir problem yaşamır. Əksinə, Sarkisyan hakimiyyətinin qara biznesi çiçəklənir. Bura narkotik maddələrin istehsalı, insan alveri, qara bazarda silah alveri və s. qeyri-qanuni ticari əməliyyatlar aid edilə bilər. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əldə etdiyi faktlara görə, hakim zümrə Azərbaycanın işğal olunmuş torpaqlarında narkotik bitkilər yetişdirir. Özü də bu qara biznesin başında Ermənistan prezidenti Sarkisyanın kürəkəni durur. Komissiyanın əlində real faktlar və videogörüntülər var. Eyni zamanda, işğal edilən ərazilərdən Azərbaycana narkotik keçirməyə çalışan kifayət qədər xarici ölkə vətəndaşları tutulub saxlanılıb ki, onların ifadələri və konkret faktlar sənədləşdirilərək, hüquq-mühafizə orqanlarında saxlanılır". Ə.Həsənov qeyd edib ki, Sarkisyan-Köçəryan cütlüyü Ermənistanı daha ciddi bir təhlükə ilə üz-üzə qoyur: "Nüvə materialları və nüvə tullantılarının alveri ilə, hətta qonşu Azərbaycanı "çirkli bomba" ilə hədələyən bu quldur cütlük Ermənistanı dünya və bölgə üçün təhlükəli dövlətlər sırasına sürükləyir. Nüvə təhdidlərinə beynəlxalq ictimaiyyətin heç bir vəchlə laqeyd qala bilməyəcəyini nəzərə alsaq, Ermənistanın ən sərt beynəlxalq sanksiyalarla üzləşəcəyi gün uzaqda deyil. Artıq belə bir əminlik var ki, cinayət tərkibli kölgə iqtisadiyyatı tam hakim zümrənin nəzarəti altında aparılır və buna görə də hakimiyyəti zəbt etmiş dəstə heç bir korluq və sıxıntı keçirmir. Məhz buna görə də, Sarkisyan hakimiyyəti diaspor təşkilatlarından ikiəlli yapışır ki, qazanc mənbələrini itirməsin, olan ehtiyaclarını gələcəkdə də çirkli pullarla ödəsin".
Nurlan