Saakaşvili İstanbul aeroportunu partladan çeçenlə bağlı şok məlumat açıqladı

İstanbul aeroportunda terror aktını törədən şübhəlilərdən şəxsiyyəti müəyyən edilən çeçen əsilli Əhməd Çatayev Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanda keçirilən  əməliyyat  zamanı həbs olunub.

Avropa.info xəbər verir ki, bu barədə "Facebook" səhifəsində Saakaşvilinin özü yazıb. Çatayevin nə vaxt həbs olunduğunu Saakaşvili dəqiqləşdirməyib. Onun sözlərinə görə, Çatayev 2012-ci ildə azad olunub, belə ki, Gürcüstanda hakimiyyətə gələn yeni hökumət üzvləri onu siyasi məhbus sayaraq, azad ediblər.

"Mən hələ prezident idim və qəti şəkildə onun azad olunmasına qarşı idim. Lakin hökm prokurorluq tərəfindən ləğv olundu" - Saakaşvili belə yazıb.

Qeyd edək ki, Əhməd Çatayevin İstanbul terroruna aidiyyətinin olması haqda Türkiyənin "Yeni Şafak" qəzeti yazmışdı.

Çatayev qanunsuz hərbi birləşmələrdə iştirak ittihamı ilə 2008-ci ildən bəri Rusiyada federal axtarışdadır. 

Türkiyə təhlükəsizlik orqanlarının məlumatına görə, aeroportda partlayışı törədənlər Rusiya, Özbəkistan, Qırğızıstan vətəndaşlığı daşıyıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00