İstanbul terroru-Qərbin Rusiya-Türkiyə yaxınlaşmasına “sürprizi”

Ankaraya qarşı məkirli oyunlar yeni mərhələdə

Türkiyədə yenə acı terror hadisəsi yaşandı. Xəbərlərdən də aydın olduğu kimi ötən gün İstanbuldakı Atatarük Hava Limanında 50-dən artıq insanın ölümünə, 100-dən artıq şəxsin isə yaralanmasına səbəb olan terror aksiyası həyata keçirilib. Silahlı şəxs əlində avtomat silahla hava limanında qarşısına çıxan hər kəsə atəş açaraq onlarla insanı qətlə yetirilib. Az sonra polis tərəfindən vurulan terrorçu can verdiyi anda üzərindəki partlayıcı maddəni işə salaraq daha çox insan tələfatına yol açıb. Hadisədən dərhal sonra İŞİD terror təşkilatı İstanbul Hava Limanında baş vermiş terror aksiyasının məsuliyyətini öz üzərinə götürüb.

Cavabı çətin olan suallar

İstanbul terroru öz-özlüyündə bir neçə sualın meydana çıxmasına səbəb olub. Ən vacib suallardan biri odur ki, silahlı şəxs hava limanının təhlükəsizlik xidmətinin diqqətindən necə yayınaraq ora daxil ola bilib. Nəzərə alsaq ki, hava limanlarında gücıü təhlükəsizlik qaydaları hökm sürür və İstanbul Hava Limanı da təhlükəsizliyin yüksək səviyyəyə təmin olunduğu terminallardan biri sayılır, o zaman belə bir şübhə yaranır ki, təhülksəzilik xidmətində çalışan əməkdaşlardan biri məhz terraktın hazırlanmasında vasitəçilərdən olub. Əks təqdirdə silahlı şəxs heç bir mane görmədən Hava Limanına daxil ola bilməzdi. Digər bir məqam isə terrorçunu ağır yaralayan polisin hansı səbəbdən onu tam zərərsizləşdirməməsi ilə bağlıdır. Yayılan videogörüntülərdən aydın olur ki, yaralı terrorçunun çətinliklə üzərindəki bombanı partlatmağa cəhdini müşahidə edən polis onu öldürmək və daha geniş miqyaslı tələfatın qarşısını almaq əvəzinə, hadisə yerindən qaçmağa cəhd göstərir. Bu isə terrorçunun öz planını həyata keçirməyə əlverişli imkan yaradır. Hər halda bu məqamlar Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır.

Terrorun Ankara-Moskva münasibətlərinə bağlılığı

İstanbul terroru barədə ortaya çıxan suallardan biri də terraktın Ankara-Moskva münasibətlərinin normallaşması zamanına təsadüf etməsi ilə bağlıdır. Belə ki,

İŞİD məlum terror aktını nə üçün Ərdoğanın Putinə ünvanladığı məktubdan həmən sonra həyata keçirdi? Əgər İŞİD-in Türkiyədən qisas almaq niyyəti olsaydı, terroru bir neçə gün, yaxud bir neçə həftə əvvəl də gerçəkləşdirə bilərdi. İndiki halda, daha dəqiq desək Rusiya-Türkiyə münasibətlərinin normallaşmağa doğru getdiyi bir ərəfədə Türkiyədə qanlı terror aksiyasının həyata keçirilməsi onu deməyə əsas verir ki, terraktın həyata keçirilməsi təkcə İŞİD terror təşkilatının maraqları çərçivəsində deyil. Bu bir danılmaz faktdır ki, hazırkı situasiyada Ankara-Moskva münasibəıtlərinin normallaşmağa doğru getməsi Qərbi, Avropanın bəzi dairələrinin ürəyincə deyil. Tam əksi həmin dairələr bu iki ölkə arasında gərginliyin daha da dərinləşməsi, münasibətlərin düşmənçilik zəmininə gəlib çıxmasında maraqlıdırlar. Məlum təyyarə olayı zamanı hətta məluim dairələr Türkiyə ilə Rusiya arasında savaşın meydana çıxması üçün də caba sərf edirdilər. Bununla Rusiyanı tamamilə çökdürməyə nail olacaqlarını düşünənlər həmçinin Türkiyənin də bu savaşda siyasi və iqtisadi cəhətdən zəifləyəcəyini hesab edirdilər. Hər iki ölkənin zəfiləyib sıradan çıxması isə həmin güclərin asanlıqla Yaxın Şərq planının reallaşmasına yol açacaqdı. Lakin nəticədə proseslər heç də onların arzu etdiyi kimi olmadı və Qərbin bir güllə ilə iki quş vurmaq planı boşa çıxdı. Təbii ki, buna qarşı da hansısa plan ortaya qoyulmalı idi və bu plan da terrorun həyata keçirilməsindən ibarət oldu. İŞİD-in Qərb tərəfindən yaradıldığı, onun insan potensialının əksəriyyətinin avropalılar təşkil etdiyini nəzər alsaq, tam əminliklə deyə bilərik ki, İstanbul terroru Türkiyə və Rusiya yaxınlaşmasına qarşı ortaya qoyulmuş bir qisasçılıq mövqeyidir. Bu arada Birləşmiş Ştatların Dövlət Departamentinin Türkiyədə mümkün terror aksiyası barədə xəbərdarlığı da təösadüfi sayıla bilməz. Məlumata görə, Birləşmiş Ştatların Dövlət Departamenti İstanbulun Atatürk hava limanında baş verən terror aktından əvvəl vətəndaşlarına xəbərdarlıq edib. Belə ki, Dövlət Departamentinin bundan əvvəl Birləşmiş Ştatlar vətəndaşlarının Türkiyəyə səfəri ilə bağlı yayımladığı xəbərdarlığı yeniləməsindən sonra Atatürk hava limanında partlayış olub. Xəbərdarlıqda ABŞ vətəndaşları terror hücumları və bəzi terrorçu qrupların təhdidləri səbəbindən Türkiyədə səyahətləri zamanı diqqətli olmağa çağırılıb.

Təsadüf, yoxsa zərurət

Terror aksiyasının hava limanında həyata keçirilməsi də təsadüfi sayıla bilməz. Məlumdur ki, qarşıdan turizm mövsümü gəlir və bir qayda olaraq hər il Türkiyəyə çoxsaylı turistlər təşrif buyurur. Bu baxımdan turizm mövsümündə İstanbul Hava Limanından istifadə edənlərin sayı digər aylarla müqayisədə dəfələrlə çox olur. İndi İŞİD-in əli ilə həyata keçirilmiş terror aksiyasının başlıca hədəflərindən biri də Türkiyə turizminə ciddi zərbə vurmaqdır. Bundan əvvəl Taksim meydanı, Sultanəhməd camisi ətrafında həyata keçirilən terraktlarda da məqsəd bundan ibarət idi. Bir məqamı da qeyd etmək lazımdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həımkarına ünvanladığı üzrxahlıq məktubundan sonra rusiyalı

turistlərin bu ilı də daha çox Türkiyəyə üz tutacaqları barədə yayılan məlumatlar da qardaş ölkənin turizm sektoru, bununla da iqtisadiyyatına zərbə vurmaq istəyənlər üçün xoş xəbər sayılmırdı. Elə son terror aksiyasının məhz İstanbul Hava Limanında həyata keçirilməsi də məhz buna hesablanıb.

Əksər ekspertlər, ictimai-siyasi xadimlər də bu qənaətdədirlər.

Türkiyəni zəiflətmək planı

Millət vəkili Sahib Alıyev deyir ki, bu qəbildən olayları kimlərin törətdiklərini bilmək üçün terror baş verən ölkənin güc strukturlarının açıqlamasını gözləməyə ehtiyac yoxdur: "Bəlli çevrələr var ki, onlar Atatürk hava limanında baş verən, eləcə də ona bənzər digər terror aktları haqqında hər kəsdən daha artıq bilgilidirlər. Həmin çevrələrin kimiliyini və İŞİD, Əl-Qaidə, PKK, eləcə də digər terror şəbəkələrinin də məhz onlara xidmət etdiyini də bilməmiş deyillər". Millət vəkilinin sözlərinə görə, İstanbul Hava Limanında həyata keçirilən terror aksiyası hazırda Yaxın Şərqdə gedən qlobal savaşın bir parçasıdır: "Lənətləyirəm, o savaşı başladanları da, həmin savaşı başladanların əlində alət olan İŞİD, Əl-Qaidə və PKK terror təşkilatlarını da"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyədə hava limanında baş verən terror aktında başlıca məqsəd Türkiyə turizmini hədəfə almaqdır: "Həmçinin Türkiyə ilə Rusiya əlaqələrinin bərpası istiqamətində atılan addımlara, bu barışığı istəməyən Qərbin müəyyən dövlətlərinin, qrumların dəstəyi ilə heyata keçirdiyi terraktdı. Artıq dövlətlər birbirinə terror heyata keçirməklə təzyiq etməkdədirlər". Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, terror təşkilatları müəyyən dövlətlərin əlində bir vasitədir: "Buna görə də İŞİD, PKK, ASALA kimi terror təşkilatları öz mövcudiyyətlərini saxlamaqdadırlar. Türkiyəyə Qərb dövlətləri təzyiq edir. Artıq Türkiyəni zəiflətmək planı işə salınıb. PKK terroru, İŞİD və digərləri Yaxın şərqdə Türk və İslam birliyini zəiflətmək, parçalamaq istiqamətində yaradılıb". Politoloqun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasətdə, xüsusən yaxın qonşularla münasibətdə ifrat düşmənçiliyi, Türkiyənin daxili istiqrarına da sirayət etməkdədir. Türkiyə rəhbərliyi artıq öz xarici və daxili siyasətində korrektələr etməli, ordunun nüfuzunu yenidən özünə qaytarmalıdır. Ordunu zəiflətdikdən sonra, Türkiyə də terrorun miqyası genişlənməkdədir. Türkiyə, yalnız düşmənlərinə güclü ordu vasitəsilə qalib gəlib".

Qərbin maskası yırtılır

Millət vəkili Elşən Musayevin qənaətincə isə artıq Qərbin maskası yırtılıb: "Artıq Qərb açıq oynayır, Rəcəb Tayyib Ərdoğanın hər jestinə bir qarşılıq verir. Bununla da Rusiya-İsrail-Türkiyə İttifaqına münasibət bildirir". Millət vəkili deyib ki,

"Atatürk" hava limanı Avropanın ən ciddi qorunan strateji məkanlarından biridir: "Orada quş quşluğu ilə uça blməz, nəinki avtomatlı terrorist. Demək ki, hava limanının təhlükəsizlik xidmətinə aylar, ya da illər öncə emissar yerləşdirilib. Və bu gün "düymə" basılıb". Elşən Musayev bildirib ki, canlı bombalar (kamikadzelər) bütün hallarda psixotrop maddələrlə anlaqsız vəziyyətə gətirilən icraçılardır və onlar yalnız prosesin "icra-ölüm" mərhələsində istifadə olunur: "Qətlin lokal planını quran əsl simalar isə çox güman terror anında yaralıları, ölüləri təcili yardım maşınına daşıyanların arasındadır. Antalya da daxil digər istiqamətlərə birbaşa və transfer uçuşlarını həyata keçirən hava limanı son 6 ay ərzində ən gərgin qrafiklə məhz bu gün işləyib. "Gediş" terminalının seçilməsi də təsadüfi deyil: "23.00-23.50" - ara məsafəli uçuşlar "Atatürk"ün ana reysləri hesab olunur. Həmin radələrdə giriş qapısından uzanan növbələr qaçılmazdır və cinayətkar dəstə o təəsüratı yaratmaq istəyib ki, hadisə daxildən deyil, çöldən içəri nəql edilib. Təyyarə uçuşları və giriş-çıxış hazırda bağlıdır. Və bu tam yalnış bir təhlükəsizlik strategiyasıdır. Nəzərə alsaq ki, terror olayı mil dəqiqliyində hesablanıb, o zaman "B" variantı da nəzərdən keçirilə və panik durumda hər an ikinci (növbəti) terror aktı törədilə bilər". Millət vəkili onu da qeyd edib ki, bu gün Türkiyəyə, prezident Rəcəb Tayyib Ərdoğana qarşı qurşaqdan aşağı oynayırlar: " Amansızcasına, ibliscə, vicdansızca. "Demokartik dünya" nın əsl sifəti budur".

AXCP sədri Razi Nurullayev isə bildirib ki, bu xain və alçaq terror aktını törədənlər Türkiyənin zəifləməsinin, ərazi itirməsinin və zəif bir dövlətə çevrilməsinin planını quranlardır: "Onlara ən sərt cavab Türkiyənin sınmaması, başını daha da dik tutması və daha da güclənməsi olacaq. Başını dik tut, sən hansı fəlakət və çətinlikləri adlamadın ki? Böyük Sultan Süleyman xan zamanından bu yana sənə qarşı min cür fitnə-fəsad törədilib, amma ayaqda qalmağı bacarmısan, yenə də bacaracaq və düşmənlərin gözünə bir ox kimi saplanacaqsan".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00