Avropa təsisatları əvvəlki effektivliklə fəaliyyət göstərə bilmirlər

Rafael Hüseynov: "Hərdən kömək umduğumuz təşkilatların özlərinin yardıma ehtiyacı olduğunu dərk edirik"
 

Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi bir sıra Avropa təşkilatlarının fəaliyətinin yenidən nəzərdən keçirilməsi zərurətini yaradıb. Buna səbəb bəzi beynəlxalq qurumların üzv dövlətlər qarşısında üzərinə götürdüyü öhdəlikləri icra edə bilməməsi və yaxud, həmin qurumların dünyanın güc mərkəzlərinin əlində alətə çevrilməsi olub. Məhz bu kimi səbələrdən Avropada mövcud olan bir sıra qurumlar əvvəlki effektlə fəaliyyət göstərə bilmirlər. Elə buna görə də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında "Avropa təsisatlarında şəffaflıq və açıqlıq" adlı məruzə müzakirəyə çıxarılıb. Serbiyalı deputat Nataşa Viskoviç və Çiora Takatkişvilinin təqdim etdikləri bu məruzə ətrafında müzakirələrə qatılan parlamentarilər bir çox uğurlarla yanaşı Avropa təsisatlarının problemlər üzərində də dayanıblar. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışında bir sıra Avropa təsisatlarının, təəssüflər ki, daha əvvəlki effektivliklə fəaliyyət göstərə bilmədiklərini vurğulayıb. Onun sözlərinə görə, nümunəvi müştərək Avropa Evinin qurulması, qanunun aliliyinin daha artıq bərqərar olması, insan hüquq və azadlıqlarının daha geniş ölçüdə təmin edilməsi səmtində Avropa təsisatlarının gördüyü işlərin təsiri və əhəmiyyəti çox böyükdür. Lakin uzaqdan görünən və yaxından, xüsusən də daxildən izlənilən Avropa təşkilatlarının fərqi var: "Bəzən qıraqdan ideal təsəvvür edilənin içəridən seyr edilərkən çox qüsurlu olduğunu da duyur, hərdən kömək umduğumuz təşkilatların özlərinin yardıma ehtiyacı olduğunu dərk edirik. Uzağa niyə gedirik, elə lap çoxdan Avropa Şurasında biz islahatların zəruriyyətindən danışmırıqmı, bu istiqamətdə az, ya çox effektli ayrı-ayrı cəhdlər etmirikmi? Təbii ki, belə təşəbbüslər başqa nüfuzlu beynəlxalq təşkilatlarda da edilir. Lakin təəssüf ki, səmərə heç də həmişə arzulanan kimi olmur. Etiraf etmək lazımdır ki, bir sıra Avropa və dünya təsisatları daha 25-30 il qabaq və ondan daha əvvəllərdə olduğu kimi uğurlu fəaliyyət göstərə bilmir. Bunun bir səbəbi iş metodlarının köhnəlməsi, dəyişən dünya və cəmiyyətlərə uyğun çevik mexanizmlərdən istifadə edilməməsidirsə, digər mühüm səbəb həmin qurumlara arzu olunmayan təmayüllərin yol tapması, obyektivlik, ədalət meyarlarına lazım olan səviyyədə riayət edilməməsidir. XX əsrin sonlarından etibarən, xüsusən də yeni əsrdə biz Avropa təsisatlarlnın fəaliyyətlərində ikili standartların varlığından, daha tez-tez bəhs etməyə başlamışıq". R.Hüseynov Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini aradan qaldırmaq səmtində BMT, Avropa Şurası və digər mötəbər təşkilatların qətiyyətsiz mövqeyini də tənqid edərək bildirib ki, Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar hələ 1990-cı illərin əvvəllərində 4 qətnamə qəbul edibsə, lakin əlində həmin sənədlərin icrası üçün mexanizmlər olduğu halda 20 ildən artıq bir müddətdə kəsərli addım atmayıbsa və bu müddətdə hansısa başqa sərt tələbli qətnamələrini dərhal icra etməyi bacarıbsa, istər-istəməz bu mötəbər quruma inam azalır: "Avropa Şurası hələ 2005-ci ildə Ermənistanı işalçı kimi rəsmən tanıyan xüsusi qətnamə qəbul edirsə və 10 ildən artıq bir müddətdə həmin üzv ölkəyə qarşı heç bir tədbir görmürsə, kağız üzərində qalan belə qərarlar təşkilatın səmimiliyinə və gərəkliliyinə olan etibarı sözsüz ki, sarsıdır. Xüsusən, görəndə ki, Avropa Şurası başqa bir üzv dövlətə qarşı belə halda ləngimədən və qətiyyətlə sanksiya tətbiq edir, heyrətlənirsən - hamımız eyni ailənin bərabərhüquqlu üzvüyüksə, belə fərqli münasibətlər nə deməkdir". R.Hüseynov Avropa Parlamentinin də Azərbaycana qarşı qərəzli mövqeyinə sərt münasibətini ifadə edib və bütün bunların sifarişlə atılan addımlar olduğunu söyləyib. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00