Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da xeyrinədir
28 İyun 2016 14:30 DünyaElxan Şahinoğlu: "Hər 3 ölkə arasındakı münasibətlərin normal olması rəsmi Bakını mürəkkəb seçimdən qurtarır"
Məhəmməd Əsədullazadə: "Rusiya Türkiyə yaxınlaşması, Qarabağ münaqişəsinin həlli istiqamətində proseslərə də öz təsirini göstərəcək"
Türkiyə-Rusiya münasibətlərində nəhayət ki, buzlar əriməyə başladı. Keçən ilin dekabrında məlum təyyarə olayından sonra gərginləşən Ankara-Moskva münasibətlərinin normallaşması üçün Kreml dəfələrlə Türkiyədən üzr istəməyi tələb etsə də, lakin ikincinin son günlərə qədər inadkarlıq göstərməsi münasibətlərin normallaşmasına imkan vermirdi. Nəhayət, ötən gün Türkiyə bir daha böyüklük nümayiş etdirərək Rusiyadan məlum təyyarə olayına görə üzr istədi. Prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə yazmış olduğu məktubda bu öz əksini tapdı. Paralel olaraq bu arada Türkiyə İsraillə də münasibətləri normallaşdırmağa başladı. Bəs görəsən bütün bu gözlənilməz proseslər Türkiyə, eləcə də regiona nələr vdə edir?
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, 27 iyun Türkiyə xarici siyasətində önəmli yerə malik olacaq: "Birincisi, Türkiyə-İsrail münasibətlərinin normallaşmasını saxlayan sənəd qəbul edildi. Əslində bu gərginliyə ehtiyac yox idi, hər iki tərəfin əsəbi addımları uzun onilliklərin strateji tərəfdaşlığına son qоymuşdu. İkincisi, eyni gündə Ankara Rusiya iqtiqamətində də vacib həmlə həyata keçirdi. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan faktiki vurulan təyyarərə görə rusiyalı həmkarı Vladimir Putindən üzr istədi, öldürülən pilotun ailəsinə başsağlığı verdi". Elxan Şahinoğlu bildirir ki, sonrakı mərhələdə Ankaranın öldürülən pilotun ailəsinə təzminat ödəyəcəyi də mümkündür: "Top yenə Rusiyanın meydanındadır. Kremlin özünü daha çox naza qoyması özünə ziyanlıdır. Rusiyanın Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə münasibətlərinin soyuq olduğu günlərdə yenidən Türkiyəni strateji tərəfdaş kimi qazanmaq şansı yaranıb". Mərkəz rəhbərinin sözlərinə görə, Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da xeyrinədir. O, bildirib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail strateji tərəfdaşı, Rusiya isə tərəfdaşıdır. Hər 3 ölkə arasındakı münasibətlərin normal olması rəsmi Bakını mürəkkəb seçimdən qurtarır.
Politoloq Məhəmməd Əsədullazadə deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinə yazdığı məktubda üzr istəməsi, yaxud üzüntünü bildirməsi,hər iki ölkənin siyasi-iqtisadi əlaqələrinin bərpasına yönələn bir addımdır: "Hadisələrin
bu,nöqtəyə gəlməsində səbəbkar Rusiyadır.Çünki,Rusiya qırıcıları Türkiyənin dəfələrlə xəbərdarlıqlarına rəğmən qardaş ölkənin hava sərhəddini pozmuşdu. Nəticədə Türkiyə tərəfindən Rus qırıcısı düşürülmüşdü.Bu,bir dövlətin öz milli suverenliyi çərçivəsində atdığı addım idi və beynəlxalq qanunulara əsaslanırdı.Hər iki ölkənin Suriyada strateji maraqları üst-üstə düşmürdü və Putin Türkiyəyə əzələ nümayiş etdirirdi.Bunun cavabı bir mənalı verilməli idi". Politoloq onu da deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məlum olaydan sonra üzr istəməməsi, onun xarizmasına bağlıdır: "Həmin dönəmdə toplum,məhz onu tələb edirdi. Putinin bu ay Afinada Türkiyə ilə əlaqələrin bərpası haqqında söylədiyi müsbət fikirlər proseslərin barışığa gedəcəyinə işarə idi.Bu,əlaqlərin normallaşması, iqtisadi təzyiqə məruz qalan Moskvaya daha da vacib idi. Kreml də öz növbəsində Ərdoğanın dərhal Türkiyə ilə əlaqlərin bərpasında maraqlı olduğunu göstərdi". Məhəmməd Əsədullzadə hesab edir ki, Türkiyənin İsraillə anlaşması və tələblərini qəbul etdirməsi,ardınca Rusiya ilə normallaşma prosesinə keçməsi Ərdoğanın son illərdə səhv xarici siyasətinin yoluna qoyulmasının başlanğıcıdır: "Rusiya ilə Türkiyənin barışığı həmçinin Türkiyədə PKK-ya ötürülən zenit raketlərin qarşısını almağa və kürd separatizmin inkişafını əngəlləməyə yönələr.Rusiya qırıcı olayından sonra PKK-ya "iqla" zenit raketləri verir, terroru etnik qarşıdurma kimi dəyərləndirirdi.Moskvada YPG qərargahının açılmasına kimi Türkiyə əleyhinə fəaliyyətdə iştirak edirdi.Bundan əlavə hər iki ölkənin iqtisadiyyatı da ciddi şəkildə zədələnirdi. Bundan sonra,Putinlə Ərdoğanın münasibətləri əvvəlki kimi olmaya da bilər.Amma,dövlətlərarası əlaqələr öz axarına düşəcək". Politoloqun sözlərinə görə, Rusiya Türkiyə yaxınlaşması,Qarabağ münaqişəsinin həlli istiqamətində proseslərə də öz təsirini göstərəcək: "Türkiyənin Rusiya ilə yaxınlamasının,ermənilərin ciddi narahatlığına səbəb olacağı gözlənilir.ABŞ-a da Rusiya- Türkiyə əlaqələrinin bərpa olunması "soyuq duş" effektini verəcək. ABŞ Şimali Suriyada kürd terrorçularına dəstək verməklə,Türkiyə əleyhinə kürdlərlə iş birliyindədir.Bundan sonra,Türkiyə Rusiyanı şimali Suriyada kürdlərə dəstək verməkdən kənarlaşdıra bilər.ABŞ hər iki ölkənin əlaqələrinin yenidən pozulması üçün istənilən ssenarini hazırlaya bilər. Hər halda Türkiyə-Rusiya və Türkiyə-İsrail yaxınlaşması, bu ölkələr arasında münasibətlərin normallaşması bütün halda regional proseslərə öz müsbət təsirini göstərəcək".
Füzuli