Beynəlxalq birliyin diqqətsizliyi
Bu gün dünyanın fərqli ölkələrində beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan və olmayan bir çox proseslər cərəyan etməkdədir.
24 İyun 2016 12:55 DünyaYüz minlərlə insanın ölümünə yol açır
Bu gün dünyanın fərqli ölkələrində beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan və olmayan bir çox proseslər cərəyan etməkdədir. Təssüflər olsun ki, dünyanın daha çox diqqət yetirməli olduğu məsələlərin diqqətdən kənarda qalması, əksinə mənasız, bəşəriyyət üçün təhlükə yarada biləcək ideyaların reallaşdırılması nəticə etibarilə yüz minlərlə insanın həyatı bahasına başa gəlir. Necə ki, günümüzdə Afrika qitəsində anoloji mənzərə hökm sürür. Beynəlxalq birliyin qitə ölkələrinə diqqətsizliyi hər gün yüzlərlə insanın Afrikanın bu və ya digər ölkəsində aclıqdan ölməsinə səbəb olur.
Bu gün dünya Afrika qitəsində baş verən aclıq və səfaləti yalnız müşahidə etməyə üstünlük verir. 2011-ci ildəki daxili qarşıdurmalar və böyük quraqlıqdan sonra Somalidəki qorxunc mənzərələrə şahid olmuşduq. İnsanlar acından ölür, beynəlxalq ictimaiyyət reaksiya vermir və on beş milyon insanın acından ölməsini bütün dünya sadəcə seyr edirdi. Əlbəttə, bu problemə çarə tapmağa çalışanlar oldu, amma səyləri yetərli deyildi. Dünyanı hərəkətə keçirməyə gücləri çatmadı.
İndi eyni kütlə Somalidə bu qorxunc mənzərənin yenidən baş verməsindən çəkinir. Çünki quraqlıq əvvəlkindən daha güclü şəkildə bu regionda özünü göstərir. BMT Somalidə uzun müddətdir davam edən quraqlığa görə 305 min uşağın kifayət qədər qidalanmadığını, 58.300 uşağın ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğunu açıqlayıb. BMT-yə görə əhalinin 40 faizinin, yəni 4.7 milyon insanın humanitar yardıma ehtiyacı var. Bu vəziyyət Afrika buynuzunun digər halqalarına da təsir edir. Efiopiyada yağış yağmadığına görə, 10 milyondan çox insanın ərzaq yardımına ehtiyacı var. Zimbabvedə quraqlığın baş verdiyi yerlər fəlakət zonası elan edilib. Quraqlığın qismən şərqi və cənubi Afrikaya təsir edən Əl-Ninodan qaynaqlandığı bildirilir. Somalidə 1 milyon insan bu təhdidlə qarşı-qarşıya olduğu halda, ölkədə əsl təhlükəli bölgələr Puntland və Somaliland adlandırılan muxtar rayonlardır. Somalilanddakı quraqlıq isə minlərlə heyvanın ölümünə səbəb olub. Yeganə dolanışıq mənbəyi heyvandarlıq olan xalq hazırda yeməyə heç nə tapa bilmir. Beynəlxalq yardım təşkilatı "İslamic Relief" isə acından ölmək üzrə olan bəzi qadınların çaqqallar tərəfindən hücuma məruz qaldıqlarını bildirib.
"Save the Children" yardım təşkilatı, xüsusilə, 5 yaşından balaca uşaqlar üçün aclıq səviyyəsinin həyəcan səviyyəsində olduğunu bildirərək bu riskin daha da artmaqda olduğuna dair xəbərdarlıq edib. Bölgədə yaşayanlara görə bu quraqlıq tarixdə yaşadıqlarının ən pisidir.
Siyasi şərhçi Aysel Vəlizadə deyir ki, bəzi ölkələrin və qeyri-hökumət təşkilatlarının yardım fəaliyyətləri davam edərkən, bəzi ölkələrin hələ də Afrikanı istismar sahəsi kimi görməsi problemin əsasını təşkil edir: "Bir çox somalilinin tək qaçış yeri sayılan Keniyadan gələn xəbərlər isə Afrikadakı vəziyyətin gərginliyini daha da artırıb. Bu gün "Əş-Şəbab" Keniya üçün böyük təhdiddir. Məlum olduğu kimi, 2013-cü ildə Nairobidə bir alış-veriş mərkəzinə təşkil edilən hücumda 67
nəfər həyatını itirmiş, ötən il aprel ayında ölkənin şimalındakı bir universitetdə isə 140 tələbə öldürülmüşdü. "Əş-Şəbab"ın Keniyanı hədəfə almasının ən önəmli səbəblərindən biri isə Keniyanın Afrika Birliyi missiyası çərçivəsində radikal qruplara qarşı əməliyyatlarda iştirak etməsidir. Qaçqınlara gəlincə, yaşadıqları yerdən çıxarılma riski ilə qarşı-qarşıya qalan bu insanlar həm daxili münaqişələrin, həm də aclığın hökm sürdüyü Somali, Efiopiya və Sudan kimi ölkələrə qayıtmağı heç düşünmürlər. İnsan hüquqları təşkilatlarının tənqid oxları isə Keniya hökumətinə qarşı yönəlib. Beynəlxalq Amnistiya Təşkilatı Şərqi Afrika regional direktoru Muthoni V anyeki Keniyanın bu qərarla məzlum insanları qorumaq vəzifəsindən geri çəkildiyini və minlərlə insanın həyatını riskə atdığını bildirir".
Aysel Vəlizadənin sözlərinə görə, keçmişdən etibarən heç bitməyən Afrika problemi ancaq ciddi oyanış və məlumatlandırma ilə diqqət çəkə bilər: "Bunun üçün ictimai fikir yaratmaq olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, bu məqsədlə həm ayrı-ayrı dövlətlər, həm də nüfuzlu beynəlxalq təşkilatlar gecikmədən hərəkətə keçməlidirlər. Afrikada aclıq və qaçqınların vəziyyəti dəhşətli həddə çatmağına baxmayaraq, bu mövzuda keçirilən brifinqlər çox məhduddur. Yaşanan faciənin daha geniş miqyasda dünyaya çatdırılması, daha çox qeyri-hökumət təşkilatının hərəkətə keçməsini təmin edəcək, daha çox vicdanlı hökumətin məsələni ələ almasına kömək olacaq. Bəzən cəmiyyətin səsi daha güclü çıxır. O zaman artıq heç kimin qulaqlarını tıxama ehtimalı qalmayacaq".
Kamal