Şimali İrlandiya Böyük Britaniyadan ayrıla bilər

Şimali İrlandiyanın millətçi partiyası "Şinn Feyn" bəyan edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxışı İrlandiya ilə yenidən birləşmə haqqında referendumun keçirilməsi üçün əsas ola  bilər.

Bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Partiyanın sədri Deklan Kirni deyib ki, bu Şimali İrlandiyada siyasi landşaftı kəskin dəyişdirir: "Biz referendum üzrə səylərimizi fəallaşdırırıq".

Siyasətçi onu da əlavə edib ki, referendumun nəticələri Britaniya hökumətini Şimali İrlandiyanın maraqlarını təmsil etmək hüququndan məhrum edir.

"İrlandiya Respublika Ordusu" (İRA) radikal qruplaşmasının mövcudluğu dövründə yaranan "Şinn Feyn" partiyasını bu təşkilatın siyasi qanadı hesab edirdilər.

1921-ci ilin dekabrında Böyük Britaniya və İrlandiya arasında sülh müqaviləsi imzalanıb. İrlandiya 1949-cu ildə tam (dolu) müstəqilliyini qazanıb. Şimali İrlandiya isə həmin vaxtda Böyük Britaniyanın bir hissəsi olaraq qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00