Papa Ermənistan səfəri öncəsi videomüraciət yaydı Video
23 İyun 2016 15:05 DünyaFransisk bu dəfə "soyqırım" sözündən istifadə etməyib.
Katolik dünyasının dini lideri Papa Ermənistana səfəri öncəsi videomaterial yayıb. ANS PRESS-in məlumatına görə, Papa Fransisk müraciətində sülh və uzlaşmaya çağırıb.
"Deutsche Welle"nin məlumatına görə, Papanın İrəvana səfəri sabah başlayacaq və iyunun 26-dək davam edəcək. Xristian lider Ermenistana "sülhün xəbərçisi", "bir qardaş" olaraq "sülhə gedən yoldakı bütün səyləri dəstəkləmək", "uzlaşmaq yolundakı addımları müşayiət etmək" üçün gedəcəyini deyib.
Papa Fransisk 1915-ci il hadisələri barədə ermənilərin gözlədiyi kimi "soyqırım" sözündən istifadə etməyib. "Atalarınızın yaşadığı faciənin acısını hiss etdiyini" deyən Papa acı xatirələrin qəlbləri zəbt etməsinə imkan verilməməli olduğunu deyib.
Roma Papası səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və erməni katalikosu ikinci Qaraginlə görüşəcək. Papa İrəvandakı proqramını başa vurduqdan sonra Gümrü şəhərinə yola düşəcək. Fransisk Ararat dağına tərəf göyərçin uçuracaq.
Papa bu il sentyabrın sonu, oktyabrın əvvəllərində Azərbaycan və Gürcüstana da səfər edəcək.
Qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Roma Papasının "soyqırım" haqqında dedikləri Vatikanla Türkiyə münasibətlərinin pozulmasına səbəb olmuşdu. Lakin bundan 10 ay sonra erməni terrorunun qurbanı olan diplomat Vatikan tərəfindən anılmışdı. Bu hadisədən sonra Türkiyə tərəfi diplomatik münasibətləri düzəltmək qərarına gəlib. 2015-ci il aprelin 12-də Vatikandan geri çağırılan səfir Mehmet Paçacı da vəzifəsinin başına geri qaytarılmışdı.