Davudoğlunun istefasına səbəb nə idi?

AKP-də yeni səhifə açılacaq

Bu günlərdə Türkiyənin siyasi həyatında baş verən proseslər bu ölkə cəmiyyətində şok effekti yaradıb. Baş nazir Əhməd Davudoğlunun qəfil istefası bir sıra ehtimalların ortaya atılması, mülahizələrin səslənməsinə yol açıb. Əsas etibarilə bir fikir səslənir ki, Əhməd Davudoğlunun istefası AKP-də, eyni zamamda hazırkı iqtidarda dərin böhranın olduğundan xəbər verir. Bəs əsl reallıq nədən ibarətdir? Ümumiyyətlə, Davudoğlunun istefasının arxasında nə dayanırdı?
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu deyir ki, prezident Rəcəb Tayyib Ərdoğan ilə baş nazir Əhməd Davudoğlu arasında ciddi fikir ayrılıqlarının olduğu ilə bağlı söhbətlərin ardından "Pelikan dosyası" adı ilə gündəmə gələn və narazılıqları açıq şəkildə ortaya qoyan yazı Türkiyənin gündəminə hakim oldu. Politoloqun sözlərinə görə, Ərdoğanın "Rəis", Davudoğlunun isə "Hoca" olaraq adlandırıldığı dosyedə, ilk dəfə baş nazir və tərəfdarları - "hocaçılar" açıq şəkildə hədəfə alınırdı: "Elə həmin günün axşam saatlarında isə Davudoğlu tərəfdarları olaraq bilinən "Hocaçılar"dan əks-həmlə gəldi. Sosial media hesabından edilən paylaşımlarda, aralarında bələdiyyə başqanlarının da olduğu AKP-dən bir sıra adların "kirli əlaqələrindən" söz edilirdi. Paylaşımda bildirilirdi ki, "hədəf partiya içinə rəisçi kimi sızmış bütün sapık və xainləri tez bir zamanda təmizləməkdir. Bu yazıların yayımından 4 gün sonra gündəm artıq baş nazirin istefası ilə bağlıydı". Vüqar Zifəroğlu bildirib ki, Davudoğlunun istefasına səbəb olacaq məqamlar AKP daxilində gələcəklə bağlı müəyyən fikir ayrılıqlarının olması və bunun zaman keçdikcə daha da dərinləşməsi ilə bağlıdır: "Komanda da olan fikir ayrılığı, Davudoğlunun, - "Mən yola çıxdığımız yoldaşlarımın mənimlə olduqlarını bilmək istərəm, olmadıqları anda mənə söyləmələrini arzu edərəm", - cümləsindən də açıq şəkildə görülməkdədir. Bu çıxışda təkcə 2014-cü ilin 27 avqustundan sürən bir zaman üçün verilən hesabat deyil, eyni zamanda bir az sitəm, bir az inciklik var idi, amma bütün bunlara rəğmən Davudoğlunun heç bir halda yol yoldaşlarına, əsasən də lideri olaraq qəbul etdiyi Ərdoğana qarşı getməyəcəyi və partiyada qalaraq millət vəkili kimi fəaliyyətini davam etdirəcəyi də açıq şəkildə ifadə edilirdi. Elə isə, əslində böyük ümidlə baxılan ikilinin yollarını ayırmalarına səbəb nə oldu?. Təbii ki, ən başlıca səbəb bəzi məqamlarla bağlı olan fikir ayrılıqlarıdır. 14 avqust 2014-cü ildə Ərdoğanın baş nazirlikdən prezidentliyə keçməsinin və yerinə Əhməd Davudoğlunu gətirməsinin ardınca hər kəs, onun AKP liderinin tam olaraq idarəsi altında olacağına inanırdı. Lakin zaman bunun əksini göstərdi. Kəşfiyyat rəhbəri Hakan Fidanın deputatlığa namizədliyi, "Şəffaflıq dosyası", koalisiya hökumətinə münasibət, eləcə də partiyada kadrların yerləşdirilməsi, bir sıra qanunların qəbulu, həbs edilən terror dəstəkçisi "akademisyenlerin" və jurnalistlərin qiyabi yarğılanmaları, bölücü kürd liderlərlə görüşlərə başlanması, müstəqil bir Mərkəz Bankı rəhbərinin təyin edilməsi, Avropa Birliyinə getdikcə daha artıq inteqrasiya
və s. Bütün bu məqamlar fikir ayrılıqlarını təşkil edən başlıca məsələlər idi. Bu cür ciddi məsələlərdə olan fikir ayrılıqları təbii ki, partiyanın daxilinə də sirayət etməli idi, necə ki, etdi. Parlamentar sistemdə xalqın iradəsi ilə seçilmiş prezident və baş nazir arasında istər-istəməz ziddiyyətlər olmalı idi və səlahiyyət çatışması labüd idi. Bu sistemin özündən qaynaqlanan bir problemdir və hazırda keçiş sürəcində olan Türkiyə üçün bu məsələ son dərəcə həssas bir məqamdır. Əslində prezidentlə baş nazirin yollarını ayırmalarının daha bir səbəbi də məhz hazırki keçid sürəcində sistemdə olan bu ikibaşlılıqdan qaynaqlanır. Güclü və xarizmatik prezident, eyni zamanda iradəli, öz fikirləri və baxışları olan baş nazir. Əslində bu zidiyyətlərə yol açacaqdı. Davudoğlunun açıqlamaları və fəaliyyəti ilə parlamentar sistemə tərəfdar olması da, başqanlıq sisteminə keçidi artıq neçə ildir ki, açıq hədəf olaraq göstərən Ərdoğan və AKP üçün məqbul hesab edilə bilməzdi". Politoloq deyir ki, aprelin 29-da partiyanın Mərkəzi İdarə Heyətində vilayət və rayon təşkilatları rəhbərlərini təyin etmək hüququnun sədrdən alınması ilə bağlı qərar qəbul olundu: "Artıq bu hüquq, heyətində daha çox böyük əksəriyyəti partiyanın qurucusu olan hazırkı prezidentə yaxın şəxslər olan MİH-yə aid idi. Partiya sədri olaraq səlahiyyətlərinin azaldılması, təbii ki, baş naziri narahat etməyə bilməzdi. Bununla yanaşı, Davudoğlu Ərdoğanın da mövqeyini özü üçün dəqiqləşdirmək istəyirdi. Məhz Ərdoğan- Davudoğlu görüşündən sonra sonuncunun 22 mayda keçiriləcək konqress toplantısında namizədliyini verməyəcəyini açıqlaması, birincinin onun xeyrinə qərar çıxartmaması ilə barışması demək idi. Əslində baş nazirin, problemi prezidentin həll edəcəyinə bir ümidi var idi. Bəlkə də məhz bu inamın olması, eyni zamanda partiya rəhbərliyində təmsil olunan bəzi isimlərin vasitəçiliyi səbəbindən baş nazir görüşə cibində istefa məktubu ilə getmədi. Görüş zamanı da alınan ortaq qərar o oldu ki, istefaya gedilməsin, konqress çağrılsın və vəzifə devr edilsin. Burada başlıca diqqət çəkən məqam budur ki, Davudoğlu bununla razılaşdı və əslində qarşılıq verməkdən imtina edərək, partiyadaxili qarşıdurmaya getməyəcəyini də nümayiş etdirmiş oldu. Məhz başqanlıq sisteminə (prezident üsul-idarəsi) keçidlə əlaqədar olaraq prezident-baş nazir modelində bir dəyişiklik edilməsi önəm daşıyan faktordur. Məsələn, prezident Ərdoğan-baş nazir Davudoğlu münasibətlərində "Güçlü lider- çalışqan baş nazir" modeli vardı. Davudoğlundan sonra baş nazir vəzifəsinə gələcək adla prezident Ərdoğan münasibətlərində yeni model ortaya qoyulacaq. Və bu daha çox rəsmi xarakter daşıyacaq və prezidentin arxasında yer alacaq bir vəzifə kimi daha çox xarakterizə olunacaq. AKP "başqanlıq sistemi"nə keçid hədəfindən vaz keçməyib və ən azı 367 millət vəkili qazanmaq və anayasanın referendiuma getmədən də dəyişdirmək üçün güc sərf etməkdədir. Əslində baş verən bu dəyişiklik, AKP-nin Türkiyədə son aylarda sürətlə dəyişməkdə olan siyasi partiyalar sistemində öz mövqeyini qorumaqda iddialı olması fonunda baş verir və bu partiya üçün münbit şərait yaratmır. MHP-də baş verən son hadisələr və qurultay məsələsi, əslində milliyyətçilərin sağ düşərgədə revanş etmək niyyətində ciddi olduqlarının göstəricisidir. Düşünmək olar ki, MHP yaxın gələcəkdə yola artıq Bahçalı ilə davam etməyə bilər və siyasi meydanda tamamən yeni və son dərəcə ciddi bir partiya görə bilərik. Bu isə AKP-nin son on ildə MHP-dən özünə çəkmiş olduğu elektoratı geri qaytarması deməkdir. Məhz bu səbəbdən AKP-yə yeni partiya
başqanı və baş nazir lazım ola bilər. Bu yeni başqanın daha texnokrat və çevik olması vacib şərtdir". Bəs Davudoğlunu kim əvəz edə bilər?. Vüqar Zifəroğlunun sözlərinə görə, Türkiyə medyasında da yer aldığı kimi siyasi kulislərdə Davudoğlu sonrası dönəm üçün müxtəlif adlar səslənsə də, 3 ad əsas müzakirə obyektləridir: "Ədliyyə naziri Bekir Bozdağ, energetika naziri Berat Albayrak, nəqliyyat naziri Binali Yıldırım. Hər halda Ərdoğanın sürpriz ad üzərində duracağına inanmaq çətindir və böyük ehtimal ki, bu isimlərdən biri baş nazir kürsüsünə əyləşəcək. Erkən seçimlərə isə gediləcəyinə ehtimal vermirik. AKP hələlik mövcud statusda mövqelərini qorumağa və möhkəmləndirməyə çalışacaq. Partiyada sədr dəyişikliyi və bununla təbii olaraq paralel gedən baş nazir yenilənməsi əslində ciddi məqamdır və hazırda partiya bunu ən sakit və ağrısız şəkildə geridə qoymağa çalışacaq. İstənilən halda Davudoğlunun gedişi ilə AKP öz tarixində yeni bir səhifə açmaqdadır. Və açılan bu yeni səhifə təkcə partiya üçün deyil, Türkiyə üçün yeniliklərə vəsilə olacaq".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31