Türkiyə Qərbin hədəf taxtasında

Bu gün bütün oyunlar inkişafda olan Türkiyə üzərində oynanılmaqdadır

Hazırda dünya ciddi bir böhran dövrünü yaşayır. Bir tərəfdən regional münaqişələr, terror və kütləvi iğtişaşlar, digər tərəfdən dərin iqtisadi böhran dünya əhalisini çətin sınaq qarşısında qoyub. Bu sınaqlardan öz potensialı, gücü ilə çıxmağa çalışan, regional münaqişələrdən uzaq olmaq istəyən Türkiyə və Azərbaycan kimi dövlətlər isə hər vasitə ilə dünyada cərəyan edən mənfi fəsadlara sürüklənməyə sövq edilir. Xüsusilə, bu gün Qərbin, Avropanın hədəf taxtasında qardaş Türkiyə Cümhuriyyəti yer alır. Qərbin başbilənləri hesab edirlər ki, Türkiyəni zəiflədə biləcəkləri təqdirdə Azərbaycana da müəyyən dərəcədə zərbə vura biləcək, onun təcrid olunmasına yol açacaqlar. Ankaranın istər İŞİD-ə qarşı mübarizəyə cəlb olunması, istər Rusiya ilə Türkiyə arasında gərginliyin yaradılmasının da arxasında məhz böyük güclər dayanır.

İzmirdəki Ege Dövlət Universitetinin məzunu, Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov da deyir ki, bu gün bütün oyunlar inkişafda olan Türkiyə üzərində oynanılmaqdadır. Onun sözlərinə görə, bu gün Çin Rusiya ilə normal əlaqələrdə olduğunu göstərsə də, reallıqda bu sadəcə zahiri bir görünüşdür. Cəlal İbrahimov hesab edir ki, ingiliz fitnəsi olan yerdə birlikdən danışmaq olmaz: "İngilislər fitnə yaratmaq mövzusunda təcrübəli olsalar da, eyni zamanda Çin də saxta oyunlarda təcrübəlidir. Rusiya unutmasın ki, Çin bir boşluq yaranan kimi torpaqlarını genişləndirmək arzusuna düşür. Bu istəklərin önündə isə Rusiyanın Sibir bölgəsi gəlir. Tarixdə olduğu kimi bir gün ingilis fitnəsi Çini Rusiyaya qarşı qoya bilər. Ancaq Çin güçlü olub diqtə edilməzsə, o halda Amerika Hindistandan Çin əleyhinə istifadə edə bilər. Ümumiyyətlə, ingilis siyasəti dünyayla bir şahmat oynayır. Bu oyunlar dünyanın bütün bölgələrində oynanılmaqdadır. Xüsusilə, bu oyunlara Afrika və Yaxın Şərqdə daha çox rast gəlirik". Cəlal İbrahimov bildirib ki, ingilis siyasətinin başlıca məqsədi   Rusiya və İrandakı vəziyyəti pozmaq və daha sonra Türkiyəni istədikləri kimi diqtə edərək parçalamaqdır: "Çünki ingilislərin siyasi gedişləri hiç bir zaman dəyişməyib. Artıq ərəb ölkələri olaraq Liviya, Misir, Birləşmiş Ərəb Əmirlikləri ingilis diqtəsiylə hərəkət etməkdədirlər. Ona görə dünyada oynanılan oyunların gedişini düşünərək hərəkət etmək lazımdır. Bunları edərkən də vacibdir ki, bir boşluq buraxılmasın. Çünki ingilislər bir boşluq görən kimi orada öz maraqları naminə hərəkətə keçirlər". Cəlal İbrahimov deyir ki, dünyanın beşdə birinə sahiblənən ingilislər dünya iqtisadiyyatını da təsir altında tuturlar: "Dollar isə ingilislərin istifadə etdiyi cəza növüdür. İnsanlara verilən nemətləri saxta yolla ələ keçirən ingilislər dünya ölkələrinin iqtisadiyyatına zərbələr vurmaqla haram yollarla əldə etdikləri bu nemətlərdən yararlanırlar. Ona görə də bu kimi oyunlara qarşı səbrlə hərəkət edib bu oyunu qazanmaq lazımdır. Əks təqdirdə onlara qarşı çıxmanın yolu dünya dövlətləri ilə əlaqələri kəsməkdir. Vaxtı ilə Sovetlər Birliyi bu yolu sınaqdan keçirərkən dünyayla əlaqələrini kəsmişdi. Lakin  ingilis siyasiləri bura da siyasi fitnələrini soxaraq sovetlər birliyinin dağılmasına səbəb oldular". Cəlal İbrahimovun sözlərinə görə,  bu gün ingilislərin növbəti hədəfi Türkiyədir: "Bu gün ingilis siyasi oyunlarına qarşı Türkiyə Şərq və Qərb arasında ədalətli bir balans yaratmaq durumundadır. Türkiyə tərəfindən həyata keçirilən bu siyasət həm Avrasiya, həm də dünyamız üçün xoş gələcəyə vəsilə olacaq. Çünki Türkiyə hər baxımdan çox təcrübəli, ədalətli və ədəbli bir ölkədir. Türkiyə artıq bütün ölkələrlə necə əlaqələr quracağını çox yaxşı bilir. Hazırkı AKP iqtidarı Türkiyəni yüksəklərə qaldırıb və bundan sonra da ən müasir mədəniyyətlər zirvəsinə daşıyacaq. Buna heç kim əngəl ola bilməz. Uzun illərdir Qərbdə batmış günəş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində yenidən doğdu. Bu günəşin bir daha batmaması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00