“Facebook”u almaq istəyib, əli boş qalanlar - YAXIN TARİX

Hazırda dünyanın ən populyar sosial internet şəbəkəsi olan "Facebook"u qurulduqdan sonrakı ilk illərdə iri şirkətlər dəfələrlə satın almağa cəhd göstəriblər, lakin Mark Zukerberq gələn təkliflərin hamısını rədd edib. İKT.lent.az-ın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, bu gün 1,5 milyard istifadəçisi olan "Facebook"un qurucusu və rəhbəri Mark Zukerberq vaxtilə iştah qabardan təklifləri qəbul etməyərək nə qədər uzaqgörən olduğunu göstərib.  2004-cü ilin iyun ayında adı açıqlanmayan bir iş adamı "Facebook"a bu gün olduqca komik görünən məbləğ - 10 milyon dollar təklif edib. Təklif qəbul olunmayıb. Eyni il dünyada ilk sosial şəbəkələrdən olan "Friendster" "Facebook"u almaq istəsə də, buna nail ola bilməyib. Bir qədər sonra "Google" eyni cəhdi təkrarlayıb, lakin uğursuzluğa düçar olub. 2005-ci ilin mart ayında "Viacom" media holdinqi "Facebook"a 75 milyon dollar təklif edib. Təklif rədd edilib. "MySpace"in təklifi də mənfi cavablandırılıb. "Viacom" daha bir cəhd göstərsə də, yenə eyni cavabı alıb. NBC yayım şirkəti də "Facebook"la maraqlananların sırasına qoşulub və nəticə əldə edə bilməyib.  "Yahoo" 2006-cı ildə "Facebook"u satın almaq üçün 1 milyard dollar təklif etsə də, M. Zukerberq bu təklifin qarşısında sınmayıb. Eyni il AOL da eyni məbləği təklif edərək eyni cavabla üzləşib. "Yahoo" bir qədər sonra rəqəmi 1 milyardın üzərinə çıxarıb, yenə əli boş qalıb.
Qeyd edək ki, bu gün "Facebook"un bazar dəyəri 300 milyard dollardan çoxdur və artıq onun hər hansı başqa şirkət tərəfindən satın alınması qeyri-mümkün hala gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00