“Kitayski Çovdarova” 15 il həbs
12 Yanvar 2016 14:36 DünyaÇinin şimalındakı Tyantszin şəhərində məhkəmə ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Li Dunşenə 15 il həbs cəzası kəsib. Virtualaz.org xəbər verir ki, o, korrupsiyada ittiham olunub. Li Dunşen 1996-2013-cü illərdə ictimai təhlükəsizlik nazirinin müavini olub. İstintaq bildirir ki, keçmiş nazir müavini vəzifə səlahiyyətlərindən sui-istifadə edib, "xeyli miqdarda" rüşvət alıb və ayrı-ayrı şəxslərin maraqlarını təmin edib. Li Dunşenin qardaşı Li Fuşenlə birlikdə cəmi 3.3 milyon dollara yaxın rüşvət aldığı təsbit olunub. Bu puldan cəmi 600 min dolları nazir müavininin cibinə gedib. Li Dunşen istintaqla əməkdaşlıq edib, törətdiyi əməllərdən peşiman olduğunu bildirib və aldığı rüşvətin hamısını istintaqa verib. Buna baxmayaraq o, uzunmüddətli həbs cəzasından xilas ola bilməyib. BBC Li Dunşenin işini Çinin keçmiş ictimai təhlükəsizlik naziri Çjou Yunkanın işi ilə əlaqələndirir. Çjou Yunkan 2015-ci ilin iyun ayında korrupsiya və dövlət sirrini yayma maddələri ilə ömürlük həbsə məhkum edilib. O, Çində korrupsiyaya görə hbs edilən ən iri məmurdur.
Xatırladaq ki, Azərbaycanda da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və müavinlərinin, MTN-in bir çox vəzifəli şəxslərinin çoxsaylı quldurluq, reket, talama, adam oğurluğu və digər ağır cinayətlər törətdikləri üzə çıxıb. Mahmudov qruplaşmasının milyardlarla dolları taladığı məlum olub. E.Mahmudov hələ həbs olunmasa da MTN-in bir sıra keçmiş vəzifəli şəxsləri həbsdədir.