Sultanahmetdə terror: azı 10 nəfərin öldüyü bildirilir
12 Yanvar 2016 13:44 Dünyaİstanbul valiliyi Sultanahmet meydanında baş vermiş terror aktında azı 10 nəfərin həlak olduğunu təsdiqləyib, valilik 15 nəfərin yaralandığını açıqlayıb. Yaralıların bir çoxunun vəziyyəti kritikdir və ölənlərin sayı arta bilər. Partlayışda 15-20 nəfərlik turist qrupu hədəf alınıb. Turistlərin əksəriyyəti ölüb və ya yaralanıb. Onların hansı ölkənin vətəndaşları olduqları hələ məlum deyil. Sultanahmet meydanı İstanbulun xarici turistlərin ən çox baş çəkdiyi məkanlarından biridir.
***
Son məlumatlara görə İstanbulun Sultanahmet meydanında baş vermiş terror aktında 10-a yaxın adam ölüb. Çoxlu yaralı var. Lakn rəsmi orqanlar hələ partlayışda ölən və yaralananların sayı haqda açıqlama vermir. Hadisə yeri polis mühasirsindədir. Polis səsgücləndiricilərlə insanları hadisə yerindən uzaq durmağa çağırır. Şahidlərin bildirdiyinə görə, partlayış bir qrup turistin arasında baş verib. Şahidlərdən biri deyib ki, o, hadisə yerinə çatanda yerdə ölü və yaralı xeyli insan, habelə parçalanmış insan cəsədləri görüb. Böyük ehtimalla partlayışı intiharçı-terrorçu törədib. Hadisə yerinə bomba zərərsizləşdirən qrup göndərilib. Partlayış o qədər şiddətli olub ki, səsi İstanbulun bir çox məhəllələrində eşidilib.