Rusiyanın müsəlman dünyasının jestinin pərdəarxası məqamları

Moskvada tarixi Mərkəzi Məscidin açılışı və ardınca Rusiya Prezidenti Vladimir Putunun İslam dini barədə övgü dolu nitqi, bütün dünya mediasında müzakirə predmetinə çevrilməkdədir. Avropanın öz qapılarını Yaxın Şərqdən gələn köçkünlərin üzünə bağladığı və ya buna hər cür üsullardan istifadə etməklə cəhd göstərməsinin fonunda rus prezidentinin bu çıxışı başqa cür qarşılanmaya bilməzdi. Bu çıxış istər daxili (Rusiya müsəlmanları), istərsə də xarici auditoriya (Yaxın Şərq və Qərb) üçün hesablanmış uğurlu nitq idi.

"Oğuz" Müstəqil Araşdırmalar Mərkəzinin sədri Vüqar Zifəroğlu deyir ki, həm bu, həm də "rusların Suriya macəraları", soyuq şimal ölkəsinin öz maraqlarını isti Şərqdə kimsəyə güzəştə getmək niyyətində olmadığını ortaya qoymuş oldu: "Bəlkə də bütün bu olanlar, 1991-ci il Sovet İmperiyasının çöküşündən sonra Rusiyanın Yaxın Şərq və İslam sivilizasiyasına yönəlik açıq şəkildə ilk demarşı idi. Təbii ki, post-Sovet məkanında mövqelərini - həm Ukrayna, həm də Cənubi Qafqazda - gücləndirmək üçün var qüvvəsi ilə Qərbin ona elan etmiş olduğu iqtisadi müharibəyə dirəniş göstərən Rusiyanın, belə bir çətin zamanında Yaxın Şərqi düşünməsi əslində bir çoxlarına qəribə gələ bilər. Amma baş verənləri vahid bir tablo olaraq nəzərdən keçirdikdə görürük ki, Yaxın Şərqdə müəyyən qədər əllərini gücləndirməklə Moskva, Qərbə əlavə təzyiq imkanları, eləcə də özü üçün müəyyən iqtisadi və hərbi dividendlər əldə etmiş olur. Bu isə indi şimal qonşumuzun ən çox ehtiyac duyduğu məqamlardır. Mərkəz rəhbəri deyir ki, Rusiyanın Yaxın Şərq siyasətində prinsipuial olaraq nəzərə aldığı faktorlar isə Susiya, İran və Türkiyə amilləridir. Onun sözlərinə görə, Rusiyanın Türkiyə siyasəti həm iqtisadi, həm də siyasi maraqlar üzərində qurulan mürəkkəb toru xatırladır: "Onların biri-birindən xoşu gəlmir, lakin bəlli prinsipial məqamlarda manevr etmək üçün biri-birilərindən kənarda da dura bilmirlər. Diqqət edək: Putinin qondarma soyqırım səfərindən sonra araları kifayət qədər soyumuş hər iki dövlətin başçısı məscid açılışında yenə bir araya gəlir. Və bütün bunlar Suriya danışıqların getdiyi bir zamana təsadüf edir. Türkiyəyə Rusiya, hazırki dönəmdə qaz qiymətlərini aşağı salmaq və eləcə də ticari dövriyyəni artırmaq üçün lazımdır. Rusiya eyni zamanda Qərblə manevr etmək üçün Ankaranın zamanla istifadə etməyə çalişdiğı prinsipial alternativdir. Ankaranın indi buna ehtiyacı var. Qərb AKP hökümətinə bir o qədər loyal deyil. Separatçılara endirilən zərbələr də, müttəfiqləri bir o qədər razı salmır, onlar əsas hədəf olaraq İŞİD-i göstərmişdilər. Qərb seyid Əhməd əli ilə ilanı tutmaq istəyirdi, amma hər şey istədikləri kimi getmədi. Və daxili istiqrarsızlıq, Qərbin müəyyən narazılıqları, eləcə də iqtisadi geriləmələr Moskvanı yenə yada saldı. Rusiyaya isə Türkiyə bir bazar olaraq maraqlıdır və eləcə də bu ölkə vasitəsi ilə həm Şərqə, həm də Qərbə açılmaq mümkündür. Türkiyə Rusiya üçün isti dənizlərə bir qapıdır, bu bəlkə də ən önəmli faktorlardan biridir. Məhz bu səbəb Türkiyəni Rusiya üçün prinsipial dərəcədə əhəmiyyətli edir. Və Moskva az qala hər şey etməyə hazırdır ki, Ankaranı, Avrasiya İttifaqına doğru bir neçə addım olsa belə yaxınlaşdırsın. Moskva eyni zamanda Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatının da ən vacib tərəfdaşı olaraq görmək arzusundadır. Rusiyanın Türkiyədən almağa niyyətli olduğu daha bir strateji məqam - "Türk axınıdır". Putinin böyük şövqlə "Cənub axını"nın adını dəyişərək türk həmkarına xoş gəlsin deyə belə adlandırdığı bu layihə, əslində Moskvanın düşünülmüş və gələcəyə planlaşdırılan son dərəcə önəmli bir layihəsidir. Lakin Qərblə münasibətlər bu planın reallaşmasına əngəl oldu. "Türk axını" ideya kimi ortaya atılmışdı, amma bunun reallaşması həm daxili, həm də xarici faktorlara görə gündəmdən düşdü. İqtisadi layihədən daha çox siyasi layihə olan "Türk axını" ilə Rusiya Ukraynanı kənarda qoymağı və təbii qaz ehtiyatlarını Türkiyə vasitəsilə Avropaya daşımağı nəzərdə tutmuşdu. Rusiyanın qarşısına qoyduğu əsas hədəf bu idi. Bu isə nə Qərbi, nə Rusiya ilə Ukrayna məsələsi ilə bağlı çox ciddi fikir ayrılığına malik ABŞ-ı razı sala bilməzdi. Məhz bu faktorlar layihənin gerçəkləşməsini şübhə altına salırdı. Türkiyə özü də bu layihəyə laqeyd yanaşırdı: "Türkiyə üçün daha vacib olan TAP və TANAP layihələrinin işə düşməsi idi. Bu layihələr Türkiyənin dövlət və milli maraqlarına daha çox cavab verirdi, nəinki "Türk axını" layihəsi. Digər tərəfdən layihənin reallaşmasına Ukrayna faktoru da mane olurdu. Rəsmi Ankara Krım məsələsi ilə bağlı nə qədər səssiz görünməyə çalışsa da, milli maraqları onu konkret mövqe ortaya qoymağa məcbur edirdi. Müəyyən fikir ayrılıqlarına baxmayaraq Türkiyə Qərbin müttəfiqi və NATO dövlətidir. Bu isə önəmli reallıqdır.  Ortada maraqları toqquşduran geosiyasi nöqtələr də var ki, bunlar da son dərəcə önəmlidir. Suriya bunun ən vacib, kilid adıdır.


S.İsmasyılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31