Qərbin yeni planı

İmperialist güclər bu dəfə müsəlman dünyasını Yəməndə qarşı-qarşıya qoyur

Onsuz da münaqişə bölgəsi olan Yaxın Şərq bu gün Yəmən hadisələri ilə bir qədər də gərgin duruma düşüb. Hazırda bütün dünyanın diqqəti Yəmənə yönəlib ki, bu ölkədə baş verən hadisələrin sonu nə ilə nəticələnəcək? Ümumiyyətlə, Yəmənin yenidən gərginlik mərkəzinə çevrilməsinin başlıca səbəbi nədir?

Yaxın Şərq regionu üzrə araşdırmaçı, siyasi ekspert Vüqar Zifəroğlu deyir ki, Yaxın Şərqdə baş verən son hadisələrin fonunda mövqelərini kifayət qədər gücləndirməyə müvəffəq olmuş İran Qərbin başının Rusiyaya qarışdığı bir dönəmdə fürsətdən maksimum yararlanmaq qərarına gəlib. Həmçinin bu ölkənin ABŞ-la münasibətlərində son zamanlar müşayiət olunan istiləşmə, Əsədin İŞİD faktoru səbəbi ilə arxa plana keçərək öz mövqelərini daha da möhkəmləndirməsi, eləcə də müntəzəm olaraq Yəmənin daxilində aktivləşdirilən "Husilər" faktorundan bəhrələnərək ərəblərin içinə doğru irəliləməyə cəhd göstərməkdədir: "Hazırda öz ətrafında kifayət qədər sağlam həlqə formalaşdırmağa müvəffəq olmuş İran, Yaxın Şərqdə özünü təsdiq etməyi hədəfləyən bir qüvvə olaraq ilk növbədə ərəblərə özünü qəbul etdirməli idi. Suriya, post-Səddam dönəmindəki İraq və Hizbullahın Livanı buna kifayət etmirdi. Yəmən növbəti zəif bənd oldu. Və husilərin "Ənsərullah" adı ilə başladıqları hərbi-siyasi hərəkat yanvar ayında uğurla nəticələnsə də, bunun belə uzun müddət davam etməyəcəyi aydın idi. İlk növbədə ona görə ki, ərəblər artıq İrana "dur!" deməyin zamanı gəlib çatdığını anlamışdılar. Və gözlər ərəb liqasının hazırda lideri funksiyasını ələ keçirmiş Səudiyyə Ərəbistanında idi".
Vüqar Zifəroğlunun sözlərinə görə, Yəmənin prezidenti Əbdürrabu Mansur Hadinin çağırışı isə Səudların hərəkətə keçməsi üçün tutarlı əsas oldu: "Ərəb yarımadası 100 hərbi təyyarə və 150 min əsgərlə, sözdə "Ənsərullah" terror təşkilatı, əslində isə İranla müharibəyə başladı. Səudların hərbi əməliyyata başlamasına ilk dəstək Qərbdən gəldi. Gözlənilən idi. Ən azı iki vacib səbəbə görə. Birincisi, Qərb İranın getdikcə artan çəkisi və eləcə də qiymətindən ehtiyat etməyə bilməz. İndi İran, Rusiyadan enerji asılılığında olan Avropanın qurtuluş qapısıdır. Bu, məsələn, ABŞ-ın rəhbərlik etdiyi "5+1" formatını nüvə danışıqlarında rəsmi Tehrana daha loyal yanaşmağa məcbur edir". Ekspert hesab edir ki, amma Qərb meydanı İrana təhvil vermək niyyətində də deyil: "Bu ölkənin strateji mövqedə yerləşməsindən tutmuş, prezident Hadinin Qərb üçün önəmli bir isim olmasına qədər vacib olan məqamları sıralaya bilərik. Yəmən prezidenti radikal qruplaşmalara qarşı Qərbin əməliyyatlarına birmənalı şəkildə dəstək vermiş bir şəxs kimi xarakterizə olunur. Yəni, bir sözlə, Qərbin inanılmış adamıdır.  Ərəblərin isə dəstəyi gözlənilən idi. Bunun öz siyasi-ideoloji səbəbləri var və bu səbəblərin ən başlıcası kimi ənənəvi sünni-şiə münaqişəsi fonunda İslamda liderlik uğrunda tarixi ərəb-əcəm qarşıdurmasını göstərmək mümkündür". Vüqar Zifəroğlu bildirib ki, İslam coğrafiyasında bu qarşıdurmanın kökü dərindir və İran 1979-cu il inqilabından sonra, bu qarşıdurmaya yeni bir çalar əlavə etməkdə idi: "Ərəblər "ərəb baharı"nın nəticələrindən ayılmamış bir-bir ölkələrində baş qaldıran xaos və qarşıdurmaların fonunda güclənən İran kölgəsini gec fərq etdilər. Onların başı, məsələn, Misirdə, Tunisdə, elə Yəmənin özündə "İxvan-ül Müslimin"in axırına çıxmağa, Suriyada və İraqda baş qaldıran İŞİD faktorunun özü ilə birgə gətirmiş olduğu dəhşətlərin nəticələrini hesablamağa qarışdığı zaman, İran İraqı ələ keçirmiş, Suriyada möhkəmlənmişdi. Livandan isə "Hizbullah"ın dili ilə növbəti düşəcək ərəb qalasının Yəmən olacağına işarələr verməkdə idi. Yəmən bu baxımdan təkcə prinsip olaraq siyasi-ideoloji əhəmiyyət daşımır, eyni zamanda iqtisadi qiyməti də böyükdür. Yəmən Oman dənizi ilə Qırmızı dənizin kəsişdiyi nöqtədə yerləşmiş, Şərqi Afrika sahillərini nəzarətdə saxlamaq imkanı ilə yanaşı, Sünni Ərəb dünyasının lideri və neft zəngini Səudiyyə Ərəbistanını cənubdan çevrələyən bir coğrafiyaya sahibdir. Bu səbəbdən Qırmızı dəniz- Oman dənizi - Bəsrə- Hörmüz xətti istiqamətində işləyən enerji daşıma xəttinə nəzarət etməkdə və Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin edilməsi baxımından son dərəcə ciddi strateji əhəmiyyətə malikdir. 40 minə yaxın gəminin keçdiyi bu boğazın illik 2 trilyon dollara yaxın bir ticari həcmi var. Digər tərəfdən Afrika ilə Asiya qitələrini bir-birindən ayıran bu boğaz dünya neft ticarətinin göz bəbəyi hesab edilir. 32 kilometr uzunluğunda olan "Bab'ül Məndab", Qırmızı Dənizi Hind Okeanına bağlayır və məhz bu boğazdan on minlərlə gəmi Asiyadan Afrikaya keçə bilir. Dünya neft ixracatının məhz yüzdə otuz faizi bu yolla aparılır. Və bu boğaz strateji əhəmiyyətinə görə Misir və İsrailin də xüsusi əhəmiyyət verdiyi məntəqə hesab edilir.  İçində Misir və Pakistanın da olduğu körfəzin onadək dövləti birbaşa hərbi dəstək verəcəklərini bildirərək Səudlarla birlik nümayiş etdirməkdədirlər. Qərblə yanaşı Türkiyə də yeni yaranmış ərəb koalisiyasına dəstək ifadə edib. İran isə ərəblərin liderliyi ilə yaranmış bu beynəlxalq koalisiyanın əslində özünə qarşı olduğunun fərqindədir. Lakin Yəməndən də geri çəkilmək niyyətində deyil. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin açıqlamasından da göründüyü kimi, "İran Yəməndəki böhranı nəzarətdə saxlamaq üçün sonadək əmək sərf edəcək". Əslində iranlı diplomatın "əmək sərf etmək" adı altında nəyi nəzərdə tutduğu aydındır. Ərəblər isə, bu dəfə deyəsən daha qətiyyətli görünürlər".


S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31