Bu gün müsəlmanların oruc bayramıdır

Bu gün müsəlmanların Oruc bayramıdır. Mən sekulyar bir insanam və dini həyat tərzi keçirmirəm. Oruc tutmuram, namaz qılmıram. Dini dünyagörüş sahibi də deyiləm. Hesab edirəm ki, akademik fəaliyyətlə məşğul olan və olmayan hər kəs 21-ci yüzildə məhz elmi dünyagörüş sahibi olmalı, istənilən məsələyə pozitiv elmin prinsip və metodları ilə yanaşmalıdır.

Bu baxımdan uzun illər Azərbaycanda xarici mərkəzlərdən idarə olunan dini təbliğata qarşı çıxmış və sekulyarlığı müdaifə etmişəm. Yenə də müdafiə edirəm. Bu, respublikaçılıq borcumuzdur. Amma son illər onu da müşahidə edirəm ki, cəmiyyətimizin öz içindən gələn din anlayışı- ənənəvi cərəyanlar xarici konfessiyalara qarşı öz sözünü qətiyyətlə deyir. Odur ki, kökəncə müsəlman və xalis şiə olaraq öz ənənəvi cərəyanlarımızı- hər iki məzhəbi- müdafiə edirəm. Azərbaycanda islamın ənənəvu sünni və şiə məzhəbləri arasındakı qarşıdurma çoxdan- 1917-ci ildə Əlimərdan bəy Topçubaşovun sayəsində, elə onun təşkilatçılığı ilə və sədarətində baş tutan Müsəlman Qurultayında aradan qaldırılıb. Zaqafqaziya müsəlmanları heç bir məzhəb ayırımına qapılmadan varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı altında birləşib. Mürtəcə kəsim milli müqəddaratımızın təyinində söz sahibi olmaq haqqını da, imkanını da itiriblər. Bunu Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev Firudin bəy Köçərli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Xəlil bəy Xasməmmədov kimi münəvvərlərə və dövrün mütərəqqi din xadimlərinə borcluyuq.

Bir misal çəkim. Fətəli xan Xoyski Baş nazir olduğu dönəmdə yanına gələn ən üst mövqeli din xadimlərinə taxıl biçininin qızğın çağı olduğunu, ölkənin ərzaq təhlükəsizliyini nəzərə alıb həmin ruhani liderlərdən ramazan ayının vaxtının dəyişdirilməsi barədə fətva vermələrini xahiş ettmişdi. Düzdür, bu xahiş yerinə yetirilmədi, amma rifah və təhlükəsizlik məsələsində dövlətin öncəliyini ortaya qoymuş oldu.

Bu olayı niyə xatırladıram?

QMİ uzun illərdən sonra ilk dəfə və haqlı olaraq ramazan təqvimimizi Qumdan ayırıb və Məkkəyə uyğunlaşdırıb. Qumda görünməyən ayı Məkkədə görünən aydan daha müqəddəs sayan xomeynipərvərlər başqa müstəvi tapmadıqlarından sosial şəbəkələrdə aranı qarışdırmağa başlayıblar. Azərbaycan müstəqil olduğu gündən bəri şiəliyi quma batırmaq, ayın üzünə palçıq yaxmaq üçün dəridən-qabıqdan çıxırlar.

Çifayda!

Bizim ayımız da, ulduzumuz da, günəşimiz də, səmamız da, torpağımız da, hətta Allahımız da İrandan ayrıdır.

Bəli, bir olan, rəhman və səməd olan Allahın keyfiyyətləri İran ideologiyası tərəfindən təhrif edilib.

Bizim inandığımız Tanrı Türkə yar olan, Azərbaycanı 44 günlük savaşda zəfərlə müjdələyən ilahi gücdür. Xaliqə imanımız Xalqa və Respublikaya xidmətimizdir.

Bizim qəbul etdiyimiz islam Əhməd Yəsəvinin sufi süzgəcindən keçən, cəhalətin hər cür qumunu və palçığını ələyən inancdır. Peyğəmbərimiz Mədinədə, qibləmiz Məkkədə, pirlərimiz, mürşidlərimiz Ərdəbildə- Şeyx Səfi ocağındadır. O ocağın sahibləri bizik- azərbaycanlılar!

Araz fiziki məkanımızı ayıra bilər, ancaq xalqımızın birlik və vahid Azərbaycan dövlətində bütövləşmək atəşini əsla söndürə bilməz.

Bu atəş Azərbaycanın adında, ismin canında və sakrallığındadır.

Bu atəş Ergenekonda dəmir dağları əridən, o dağların dəmirindən Alp Ər Tunqaya, Attilaya, Oğuz xaqana, Çingiz xana, Əmir Teymura qılınc yapan oddur.

Bu atəş Babəkin Bəzdə qaladığı tonqal, Şeyx Səfinin Ərdəbildə çatdığı ocaqdır.

Fars şovinizmi Qacar sarayını ələ keçirdi, uzurpator Rza ilə eynən ermənilər kimi saxta dövlətçilik nağılı uydurdu, Xomeyni ilə Həzrət Əlinin inanc dünyamızdakı haqq qapısını işğal edib 30 milyonluq Güney Azərbaycan türkünün hüququnu tapdaladı.

İmam Hüseynin Kərbala şəhadətini sinə vurmaqdan, baş yarmaqdan o yana dərk edə bilməyən Tehran mollaları əllərindəki cəhalət zəncirini Quzeydəki dünyəvi Azərbaycan Respublikasının ayaqlarına dolayıb Qarabağı azad etmək üçün başladığımız milli yürüşü dayandırmağa çalışdılar.

Başları daşa dəydi!

Azərbaycan ictimai şüur müəssisəsində din milliliyin, millilik xalqçılığın, xalqçılıq müasirliyin içindədir. Üst kimliyimiz vətəndaşı olduğumuz respublikaya, onun konstitusiyasına bağlıdır.

Konstitusiyamıza əsasən müstəqil, unitar, dünyəvi Azərbaycan Respublikası 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin evində, Əlimərdan bəy Topçubaşovun liderliyi ilə başlayan etno-politik hərəkatın dövlətləşmə mərhələsinin uğurlu quruluşudur. Dialektikamız davam edir. Ulu Öndər Heydər Əliyevin qoruduğu müstəqilliyə, həyatı bahasına qurduğu dövlətə qarşı olan bütün daxili və xarici təhdidlər prezident İlham Əliyevin yüksək intellekti, səriştəsi, qətiyyəti sayəsində bir-bir məhv edilir.

Bu tarixi keçid dönəmi Təbrizdə tamamlanacaq, buna heç kimin şübhəsi olmasın.

İran mollaları ayı görməyə bilərlər, amma mən Təbrizdə dalğalanacaq müstəqillik bayrağının üzərindəki hillalı görür və ona səcdə edirəm.

Bayramınız və səcdəniz mübarək olsun, Azərbaycanın bayrağındakı aya və ulduza tapınanlar!

Din qumsuz, Ay palçıqsız, bayram fitnəsiz, dünya Azərbaycan bayrağı ilə gözəldir!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31