Rəsulullahın(s) möcüzələri haqqında- BU YAZI ÇOX MƏTLƏBLƏRƏ AYDINLIQ GƏTİRƏCƏK

Ərəbcədən tərcümə edəni ELMİRA QAFAROVA

Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlani(h.t 851-923; miladi 1473-1545) mühəddis,tarixçi,fakih, Quran oxuyan olub. Şeyxülislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi, imam Əl-Əcluni və başqaları onun müəllimləri olub. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik "İrşədu-s-sari li şərhi sahih əl-Buxari"(digər adı "Məvahibu-l-ləduniyyə"); 8  cildlik "Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac";"Məşəriku-l-ənvar əl-madıyyə"- bu onun İmam Büseyrinin "Burda"qəsidəsinə şərhidir-və s.göstərmək olar. İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik  "Məvahibu-l-ləduniyyə"-"İlahi rəhmət"-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın  "Fəthu-l-Bəri", digəri isə Bədruddin əl-Ayninin "Umdatu-l-qari"əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin "Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə"adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrin məşhur şafi alimi olsa da  onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.

a) Möcüzə nədir?

Möcüzə, nəbilərin doğruluğunu, onların haqq peyğəmbər olduqlarını təsdiq edən qeyri-adi hadisələrə deyilir. Möcüzə baş verdiyi zaman nəbi buna inanmayan kafirlərdən təhəddə- eynisini göstərməsini istər(halbuki, kafirlərin tapındıqları məbudlar möcüzə yaratmağa qadir deyil). "Təhəddə" ərəb dilində bir insanın rəqibindən göstərdiyi məharətin eynisini göstərməsini istəməsinə deyilir. "Gövhəri""Qamus"un müəllifi "təhəddə" sözünün mənasını belə izah etmişlər. (Möcüzəni məharət, bacarıq, istedadla qarışdırmaq olmaz. Belə ki, möcüzəni onu yaradandan savayı bir kimsə yaratmağa qadir deyil, möcuzə yaratmaq qüdrəti yalnız Allaha məxsusdur, məharət, qabiliyyət, bacarıq və istedad isə insana xas olan xüsusiyyətdir; nisbidir, çünki bir insan başqasından daha istedadlı, daha bacarıqlı ola bilər-tərc.).

Möcüzəni şərtləndirən cəhətlərdən biri onu yaradandan savayı bir kimsənin eynisini yaratmağa qadir olmasının mümkünsüzlüyüdür. Allahın Elçisinin(s) göstərdiyi Ayın ikiyə yarılması və digər möcüzələr, Musa(ə)-ın əsasının əjdahaya dönməsi və buna bənzər hadisələr möcüzədir. (Muhəmməd peyğəmbərin(s) möcüzəsi ilə Ayın parçalanması "QURANİ-KƏRİM"in "ƏL-Qəmər"("Ay") surəsində öz əksini tapıb: "Qiyamət yaxınlaşdı, Ay (Peyğəmbərin(s) möcüzəsi ilə) parçalandı. Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr(imandan) üz döndərib: "Bu uzun müddət davam edən bir sehrdir!"-deyərlər. Onlar (Ayın parçalanmasını,digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. (54;1-3 ayələr)-tərc). Muhəmməd Peyğəmbərin(s)üzərində buludun kölgə salması, mübarək sinəsinin yarılması,İsa (ə)-ın beşikdə dil açıb danışması və buna bənzər(nübuvvətdən əvvəl baş vermiş)hadisələr isə möcüzə deyil, irxasdır.

İrxas-bir peyğəmbərə nübuvvət gəlməzdən əvvəl peyğəmbərliyinin həqiqiliyini təsdiq edən qeyri-adi hadisələrə deyilir. Bənzərini bir kimsənin yaratmağa qadir olmadıgı hesab edilən sehri irxasa aid etmək doğru olmaz, çünki peyğəmbərlər sehr yaratmağa qadir idilər. Belə ki, Musa(ə) Fironun sehrbazlarının sehrindən daha üstününü göstərərək onları məğlub etmişdi.

Bəs sehr nədir? Göz bağlamaq, yoxsa nəyinsə təbiətini dəyişdirmək qabiliyyətidir? Həqiqətənmi sehrbaz sehrlə bir şeyi öz təbiətindən çıxarıb onu istədiyi şəklə salmağa qadirdir, yoxsa onun etdikləri xəyal və göz bağlayıcılıqdan başqa bir şey deyil?Bu barədə alimlərin fikirləri müxtəlifdir. Onlardan bəziləri sehrin çox şeyə, hətta insanı heyvana döndərməyə qadir olduğunu söyləyirlər. Digərləri isə bu fikirlə razılaşmayıb Allah-Təaladan başqa əşyanın (və ya canlının)təbiətini dəyişdirəcək bir gücün olmadığı qənaətindədirlər.

Nəbilərin göstərdikləri möcüzələri onlar üçün Allah-Təala yaradır. Allahın yaratdığını isə sehrbazın yaratması mümkün deyil! Əgər peyğəmbərlərin yaratdıqlarını sehrbazlar da yaratmağa qadir olsaydı, o zaman onlarla peyğəmbərlər arasında heç bir fərq olmazdı. Qazi Əbu Bəkr Baqillani (möcüzə ilə sehr arasındakı) fərqi təhəddə ilə müəyyən etməyin mümkün olduğunu söyləyir, lakin onun bu fikri kökündən yanlışdır, batildir, çünki:

birincisi, möcuzə ilə sehri təhəddə ilə fərqləndirmək kifayət deyil, möcüzənin Kitabda, sünnədə və ya hədislərdə də əks olunması şərt olaraq vacibdir;

ikincisi, Muhəmməd peyğəmbərin(s) möcüzələri təhəddəsiz ( yəni kiminsə tələbilə deyil, qeyri-ixtiyari) baş verirdi. Peyğəmbərin(s) barmaqlarından su axması, əlinin bərəkətli və şəfalı olması (Əli(ə)-ın ağrıyan gözlərinə tüpürüb mübarək əlini sürtməsilə sağaltmışdı) və digər  bu kimi möcüzələri misal olaraq göstərmək olar. (Kafirlərin ondan dağları aralamaq, yeri parçalamaq, ölmüş əcdadlarını diriltmək, Allahdan özü üçün bağlar, qəsrlər və xəzinələr istəməsi tələbinə isə Allahın Elçisi(s) belə cavab verirdi: "Mən bunu etməyəcəyəm. Allahımdan sizin istədiklərinizi istəməyəcəyəm. O məni sizin yanınıza(möcüzələr göstərməkdən) ötrü göndərməyib. Allah məni müjdəçi və nəsihətçi kimi göndərib-tərc)."

Allahın Elçisi(s) möcüzə baş verdiyi(və ya birisi ilə bağlı söyləmiş olduğu xəbər təsdiqləndiyi) zaman: "Əşhədu ənni Rasulullah" (Şəhadət edirəm ki, mən Allahın Elçisiyəm)-deyə buyurardı. Bir dəfə o(s),bir (əməlisaleh müsəlmanı) göstərib: "O adam Cəhənnəm əhlindəndir!"-deyə buyurmuşdu. Sonralar həmin müsəlman Peyğəmbərlə(s) birlikdə bir çox qəzvələrdə iştirak etmiş, çoxlu sayda kafir öldürmüş və ağır yaralanmışdı. Ağrılara dözə bilməyib intihar etdikdə Peyğəmbərin (s) söylədiyi gerçəkləşdi və o zaman Allahın Elçisi: "Əşhədu ənni Rasulullah"-deyə söylədi.

Üçüncüsü, möcüzələri yaradan Allahın qarşısında təhəddə-şərt qoymaq doğrudurmu? Bu, Onun Qüdrətinə şəkk etməkdir, küfrdür. "Qurani-Kərim"də möcüzələrin yalnız Allahın əlində olduğuna dəlalət edən bir çox ayələr var. Quranda möcüzə sözü "ayə" sözü ilə ifadə olunub. Məsələn: "...Kul innəmə-l-əyətu ində-llahi...(Ya Muhəmməd!) De ki : "Möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!" ("Əl-Ənkəbut";50). Digər ayədə isə buyurulur: "Va mə mənəanə ən nursilə biləyəti...Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin(keçmiş ümmətlərin)onları yalan etmələridir...(Əl-İsra;59)."

Dördüncüsü: təhəddə edənin, yəni möcüzə göstərənin möcüzəsi iddiasına uyğun olmalıdır. Məsələn, peyğəmbərlik iddiasında olan birisi möcüzə göstərəcəyi insanlara: "Mən bu heyvanı danışdıracağam!"-desə və o heyvan həqiqətən də danışsa, lakin şəhadət edib: "Bu adam yalançıdır!"-desə, bu, möcüzə sayıla bilməz (nə çox indi tutuquşu danışdıran,hərəsi bir iddia ilə çıxış etsə-vay halımıza!-tərc) çünki Allah-Təala möcüzəni peyğəmbərlərin doğruluğuna dəlil olaraq yaradır, yalançılığına dəlil olaraq yaratsa möcüzə olmaz, peyğəmbərlik iddiasında olanın yalan söylədiyi təsdiqlənər, peyğəmbərlik iddiasında olmuş Müseylimə kimi. O, haqq peyğəmbər olduğunu sübut etmək üçün bir quyunun suyu çoxalsın deyə içinə tüpürmüş, lakin quyunun suyu qurumuşdu; gözləri ağrıyan adamın gözlərinə tüpürmüş-həmin adam kor olmuşdu. Müseylimənin məqsədi Muhəmməd(s) kimi etmək və peyğəmbər olduğunu sübut etmək idi. Lakin Allah-Təala onun etmək istədiyinin əksini göstərməklə onun yalançı olduğunu üzə çıxarmış və bununla da rusvay olmuşdu.

Ardı var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31