İslam dinində olmayan, heç bir məntiqə əsaslanmayan əməlləri edib dinimizə xələl gətirməməliyik
Hacı Ceyhun Şükürov: “Zəncir vurmaq, baş yarmaq və s. kimi mövhümat xarakterli, dini əsası olmayan hərəkətlər bir cəhalət sindiromudur”
10 Sentyabr 2018 12:14 DinHacı Ceyhun Şükürov: "Zəncir vurmaq, baş yarmaq və s. kimi mövhümat xarakterli, dini əsası olmayan hərəkətlər bir cəhalət sindiromudur"
"Hələ bunu savab bir əməl adlandırmaq Allaha və Rəsuluna iftira atmaqdan başqa bir şey deyil"
Müsəlman dünyasının müqəddəs aylarından sayılan Məhərrəmlik ayının başlaması ərəfəsindəyik. Hər il olduğu kimi bu il də Məhərrəmlik ayının başlaması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası fətva verib. QMİ-nin Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.
İdarə ənənəvi olaraq vətəndaşları Aşura günlərində bədənə, cana zərər yetirməməyi tövsiyə edir, cəmiyyətimiz, insanlarımız üçün daha faydalı olan qanvermə aksiyalarında iştirak etməyi məqsəduyğun hesab edir: "İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır". O da qeyd edilir ki, dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər. Din xadimləri Qazılar Şurasının Fətvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.
QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb. Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidir. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə xatir şəfa bəxş edəcəkdir.
Ancaq ölkədə hər vasitə ilə dini zəmində qarşıdurma yaratmağa çalışan qüvvələr var ki, onlar da hər il olduğu kimi bu il də QMİ-nin Məhərrəmlik ayının başlaması ilə bağlı verdiyi fətvanı əsassız olaraq tənqid edir, insanların dini inanclarına hörmətlə yanaşılmadığı barədə fikir formalaşdırmağa çalışırlar. Düzdür, zaman-zaman aparılan işlər, maarifləndirmə tədbirləri nəticəsində bu kimi təxribatçı qüvvələrin sayı seyrəlsə də, lakin onlar hələ də qalmaqdadırlar və hər vasitə ilə dövlətin atdığı müəyyən addımları cəmiyyətə yalnış yöndən çatdıraraq vətəndaşları dövlətə qarşı qaldırmağa çalışırlar. Belə qüvvələr bir qayda olaraq ayrı-ayrı ölkələrin maraqlarına xidmət edir. Elə Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəmlik ayının başlaması ilə bağlı verdiyi fətvada da bu məqama xüsusi diqqət yetirilir. QMİ Konstitusiya quruluşunun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, vətəndaşların din pərdəsi altında dövlətə qarşı itaətsizliyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki qətiyyətlə pisləyir və hesab edir ki, dövlətimiz və xalqımız belə əməllərə layiqli cavab verəcək, məkrli qüvvələrin İmam Hüseyn (ə) təziyadarlığından siyasi təxribatlar üçün istifadəsinə imkan verməyəcəkdir: "Din xadimlərimizi və dindarlarımızı respublikamızdakı mövcud sabitliyin qorunması üçün çalışmağa, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar mümkün hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar. QMİ, məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanlarına islami həmrəylik nümayiş etdirərək İmamHüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləriilə yanaşı Qarabağ, Xocalı şəhidlərimizin ruhuna dualar etməyi tövsiyə edir".
Sevindirici hal ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən inanclı insanlar, dindarların böyük əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəmlik ayının başlaması ilə bağlı yaymış olduğu fətvada qeyd edilən fikirlərə dəstək nümayiş etdirir, dini radikal qruplaşmaların ölkəmizdə qarşıdurma, təfriqə yaratmaq cəhdlərini kəskin şəkildə pisləyirlər. Elə ilahiyyatçı Hacı Ceyhun Şükürov da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Hacı Ceyhun Şükürov son illərdə aparılan dini maarifləndirmə işlərinin müsbət nəticələrindən də danışıb.
-Ceyhun bəy, artıq Məhərrəmlik ayı başlandı. Son illərdə aparılan maarifləndirici tədbirlər nəticəsində əvvəlki illərlə müqayisədə Aşura mərasimlərində cana xələl yetirmək, zəncir vurmaq kimi hallar nisbətən azalıb. Bu tendensiyanı bir ilahiyyatçı olaraq necə dəyərləndirirsiniz?
- Artıq sentyabr ayının 11-i Hicri-qəməri təqvimi ilə 1440-cı il daxil olur. Hicri təqvimdə ilin ilk ayı Məhərrəm ayıdır. İslam dininə əsasən ildə 4 ay "haram" ay adlanır. Mənası müqəddəs və toxunulmaz deməkdir. Məhərrəm ayında tarixdə bir çox hadisələr baş verib. İslam tarixində isə bu ay döyüşməyin, adam öldürməyin qadağan olmasına baxmayaraq İslam Peyğəmbərinin reyhan ətirli nəvəsi, cənnət cavanlarının seyyidi Hz Hüseynin (Allah ondan razı olsun) və tərəfdarlarının Kərbala çölündə amansızcasına qətlə yetirilməsi ilə yadda qalıb. Əlbəttə ki, bu hadisə hər bir iman sahibinin qəlbində qaynayan bir yaradır. Bunu icra edən və səbəbkar olanlar İslam dininin qaydalarına görə böyük günah daşıyıcılarıdır. Onlar daim xeyirlə deyil, lənətlə yad edilir. İnsanlarımızın İmam Hüseynə olan hüsnü rəğbəti və dərin məhəbbəti hər zaman təzə-tər olaraq qalacaq.
-Bu il də Qafqaz Müsəlmanları Idarəsi fətva verərək cəmiyyəti Aşura mərasimlərində bəzi əməllərdən çəkinməyə, əsli olmayan hal və hərəkətlərdən uzaq durmağa çağırdı. Sizcə bu kimi çağırışlar effektli olurmu?
-Sizin də buyurduğunuz kimi hər il olduğu kimi bu il də Qafqaz Müsəlmanları İdarəsi insanlarımızı bu kimi xürafatlardan uzaq durmağa çağırır. Bu ciddi məsələdir. Bu bir çağırış olaraq qalmamalıdır, bütün təbliğat və təşviqat vasitələrindən maksimum istifadə edərək həm məscidlərdə xütbə və moizələrdə, həmçinin din xadimlərinin iştirak etdikləri bütün növ məclislərdə bu neqativ hallar ciddi şəkildə insanlara çatdırılmalıdır.
-Ancaq bəziləri hesab edir ki, bununla insanların dini inanclarına hörmətsizlik edilir, guya onların dini cəhətdən hüquqları pozulur. Zəncir vurmaq, cana zərər vurmaq kimi hallar nə dərəcədə dini inanc kimi qəbul edilə bilər?
-Buna yalnız dini maarifçilikdən uzaq duran nadanlar qarşı çıxa bilər. Bu tip əməllər dinlə səciyyələnə bilməz. Din cəhalətin, xürafatçılığın ,maarifsizliyin əleyhinədir. İslam dini bütün bəşəriyyəti oxumağa, elmlənməyə, maariflənməyə, cəhalətdən yaxa qurtarmağa səsləyir.
-Bəs müqəddəs kitabımız Qurani Kərimdə, yaxud hədislərdə zəncir vurmaq, qan çıxarmaq kimi hallardan bəhs edilirmi?
-Nə Qurani Kərimdə, nə də hədislərdə bu kimi əməllər haqqında bəhs edilmir. Hüznlənmək, kədərlənmək. ağlamaq başqa bir şeydir. Amma zəncir vurub baş yarmaq, hələ bunu savab bir əməl adlandırmaq Allaha və Rəsuluna iftira atmaqdan başqa bir şey deyil. İnsanlarımız ən azından dilimizə mənaca tərcümə edilmiş Qurani Kərimi oxumalıdırlar. Qoy oxumaqdan boyun qaçırmasınlar. Allahın bizə nəyi əmr etdiyini insanlarımız ən azından dilimizə mənaca tərcümə edilmiş Qurani Kərimi oxumaqla bilməlidirlər. Allahın bizə nəyi əmr etdiyini, nəyi isə bizə qadağan, tövsiyə etdiyini bir öyrənsinlər. Bir məsələni qeyd etmək lazımdır ki, İmam Hüseynə olan məhəbbətimiz bizi ifrata, xürafata fanatizmə sövq etməməlidir. İslam dinində olmayan, heç bir məntiqə əsaslanmayan əməlləri edib dinimizə xələl gətirməməliyik. Peygəmbərimiz (Allahın salamı və xeyir duası ona və ailəsinə olsun) mövhümatçılıqla, xürafatla, cahilliklə daim mübarizə aparıb. İmam Hüseyn bu cəhalətin ortadan qalxması üçün özünü fəda edib. Biz isə onların bizə öyrətdiklərinin əksinə gedirik.
-Aşura mərasimlərində qeyd etdiyimiz mənfi tendensiyanın aradan qaldırılması məqsədilə aparılan maarifləndirici xarakterli tədbirləri necə dəyərləndirərdiniz?
- Son zamanlar aparılan maarifləndirmə işləri nəticəsində zəncir vurmaq, baş yarmaq kimi dinə xas olmayan əməllərin azaldığını müşahidə edirik . Buna baxmayaraq, hansısa gizli bir əl və ya bir qüvvə bu tip dindən olmayan xürafatçı əməllərin rituallaşdırılmasını və cəmiyyətdə daha geniş vüsət almasını istəyir. Bu əməllər- zəncir vurmaq, baş yarmaq və s. kimi hərəkətlər mövhümat xarakterli, dini əsası olmayan bir cəhalət sindiromudur.
- Belə halların qanvermə aksiyası ilə əvəzlənməsi sizcə daha məntiqli deyilmi?
-Son zamanlar aparılan müsbət təbliğat nəticəsində artıq insanlarımız ehtiyac olan qan xəstələri üçün qanvermə aksiyaları keçirir ki, bu da təqdirəlayiqdir. Əgər sən həqiqətən İmam Hüseyni sevirsənsə ona oxşamağa çalış. Təbi ki, əməllərin, etiqadın, Allaha olan bağlılığın, əxlaqın, elmin, hikmətin, düşüncə tərzinlə. Xülasə dini baxımdan imamın etdiklərini özümüzdə əks etdirməyə çalışaq. O zaman doğurdan da biz İmamı özümüzə nümunə götürmüş olarıq. İmamın atası və babasından öyrənərək etdiyi əməlləri gücümüz çatdığı qədər həyatımızın bütün sahələrinə şamil etməliyik. Bax o zaman biz həqiqi aşiq olarıq.
Süleyman