Dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir
6 Sentyabr 2018 11:46 Din"Çoxmillətli, çoxkonfessiyalı, dünyəvi dövlət olan Azərbaycanda əsrlərdən bəridir ki, dini etiqad azadlığı mövcuddur. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Dövlət tərəfindən məscidlərin, pravoslav və katolik kilsələrin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. İndi məscidlərin sayı 2000-dən artıqdır. Son illərdə 140 məscid tikilib, 80 dini ocaq təmir olunub. Ölkədə rəsmi şəkildə 525 islam, 34 digər təmayüllü dini icma, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Başqa dinlərə, konfessiyalara hörmət ölkəmizin tolerantlıq ənənələrinin çoxəsrlik tarixindən xəbər verir. Azərbaycanda katoliklər, yəhudilər üçün yaradılan şəraitin özü tolerantlıq nümunəsidir".
Bu fikirləri Olaylar.az-a Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.
O bildirib ki, Azərbaycan xristian, yəhudi, katoliklər üçün doğma vətəndir. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranıb, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir: "Azərbaycanda mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Bu münasibətlər uzun illərdən bəri zamanın sınaqlarından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb və ölkəmizdə aparılan düzgün daxili və xarici siyasət nəticəsində getdikcə inkişaf etməkdədir. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur".
Sədr qeyd edib ki, Azərbaycanda həm dövlət səviyyəsində, həm cəmiyyət səviyyəsində, həm də fərdlər səviyyəsində İslam dininə böyük hörmət var. İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşıb: "Dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün buradakı qədər səylər göstərilsin. Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş verməmiş, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olmuşdur. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz.
Azərbaycan dövlətinin yürütdüyü dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir. Ulu öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün respublikamızda dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər".
Hikmət Şikarov vurğulayıb ki, yeniyetmələrin təlim-tərbiyə işlərində İslam dəyərlərinin uşaqlara düzgün aşılanması günümüzdə vacib olan məsələlərdəndir: "Dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı siyasiləşdirərək, daxildə qarışıqlıq yaratmaqla onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Beləbir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır. Bəzi qrupların din pərdəsialtında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətlərimüşahidə olunur. Bu cür əməllər etməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən mütəmadi olaraq mübarizətədbirləri həyata keçirilir. Müasir dövrümüzdə dini radikalizmə qarşı bütün istiqamətlərdə mübarizə aparılmasının, bu sahədə vətəndaş təşəbbüskarlığının artırılması zəruridir. Xüsusi ilə qlobal təhlükəsizliyin əsas təhdid vasitələrindən birinə çevrilmiş dini radikalizmin və terrorçuluğun aradan qaldırılması və yayılmasının qarşısının alınması üçün yeniyetmələr arasında maarifləndirmə işləri aparılmalı, gənclərin qeyri-ənənəvi, mürtəce cərəyanlara cəlb olunmasının qarşısını almaq üçün daim nəzarət olunmalıdır. Gənclərimizi dini və mənəvi - əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti isə bütün cəmiyyətin üzərinə düşür. Dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də ziyalılar fəallıq göstərməlidirlər".
H.Şikarov bildirib ki, müasir dövrdə Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxlanılması və radikallıq meyllərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir: "Hazırda Dini durumla bağlı narahatlıq doğuran məsələlərdən biri son illər müəyyən qüvvələrin bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadəyə çalışması və dindarlar arasında radikallıq meyllərinin artmasıdır. Həmin qüvvələr dindar insanları siyasi proseslərə və münaqişələrə cəlb edərək onlardan hakimiyyətə qarşı istifadə etməyə, dini məsələləri siyasiləşdirməyə çalışırlar. Siyasi mübarizədə din amilindən bəhrələnmək məqsədilə ictimai təşkilatlar, birliklər yaradır və əhalinin dindar təbəqəsini siyasi proseslərdə fəal iştiraka çağırırlar. Siyasi fikirlərini əsaslandırmaq, məqsədlərinə çatmaq üçün isə Quran ayələrinə və peyğəmbər hədislərinə istinad edirlər. Belə bir şəraitdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin qorunub saxlanılması və dindən siyasi məqsədlər üçün istifadənin qarşısının alınması üçün düzgün dini maarifləndirmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan dini durumun sabitliyinin qorunması məqsədilə dini vəziyyət daim nəzarətdə saxlanılmalı, qarşıdurma meyllərinin qarşısı alınmalı və sağlam dini maarifləndirmənin aparılması istiqamətində səylər daha da gücləndirilməlidir".