"Məhərrəmlik ayı ilə əlaqədar bir sıra humanitar aksiyaların təşviqi mütləqdir" - Münasibət

"İslam tarixində önəmli yeri olan Məhərrəmlik ayının - Aşuranın bu gün İslama yad olan məsələlərlə assosiasiya olunması təəssüf doğuran haldır. İctimai qaydaları pozmağa yönəlik radikal çağırışlar, insanların özlərinə fiziki xəsarət yetirməsi ilə nəticələnən zərərli adətlər, Azərbaycanda İslam modelinə yad olan "atributların" meydanlara çıxarılması və s. Fikrimcə, bütün bunlar sadə insanların Məhərrəmlik ayına, Aşuraya, şəhid İmam Hüseynə sayğısından, hüznündən istifadə edib, öz məqsədlərinə çatmaq istəyənlər üçün bir fürsətdir. Belə olmasaydı, Məhərrəmlik ayında - Aşurada insanların ülvi hisslərini daha çox vətəndaş həmrəyliyinə, sosial rifaha, Vətən sevgisinə yönəltməyə çağrışlar edilərdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal deyib.

O əminliklə bildirib ki, yüz illərdir Kərbəla faciəsinə, İmam Hüseynin şəhadətinə yas saxlayan Azərbaycan dindarları böyük əksəriyyət olaraq indiyə qədər olan ənənəni davam etdirəcəklər: 

"Bu gün Orta Şərqdə yaşananlar, elə bu yaxınlarda Gəncə şəhərində baş verən hadisə göstərdi ki, din üzərindən siyasət yürütmək istəyənlərin əldə edə biləcəyi yeganə qazanc günahsız insanların qanının axıdılmasıdır. Xaosdur, fəlakətdir. Bu baxımdan, əminəm ki, Azərbaycan dindarları bu kimi çağırışlara yox deyəcəklər". 

Aqil Camalın sözlərinə görə bu məsələdə maarifləndirmə din xadimlərinin, həmçinin elmli dindarların üzərinə düşür: 

"Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəmlik ayı və Aşura ilə bağlı fətvası var. Orada da qeyd olunur ki, mərasimlərdə soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamın, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Bu qaydalar geniş kütlələrə çatdırılmalıdır"

O vurğulayıb ki, eyni zamanda, Məhərrəmlik ayı ilə əlaqədar bir sıra humanirat aksiyaların təşviqi də mütləqdir. Qanvermə aksiyaları, humanitar yardımlar, maddi və mənəvi dəstəklər və s bunlara daxildir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31