Aydın Quliyev: “Aşura mərasiminin ən radikal formada icrasına meyl sürətlə azalır”

"İslam dini mərasimlərini yaşatmaq hər bir müsəlmanın müqəddəs borcu olsa da, mərasimlərin ilk islam dövrü üçün xarakterik olan formalarda icrası yolverilməzdi. Erkən islam mərhələsində insanlar aşura və digər mərasimləri çox radikal, hətta bəzən intihar jesti sayıla biıəcək tərzdə icra edirdilər. Bu o dövrün insanlarına xas idi və indiki insanlar o dövrün insanlarından ən azi 1300 il irəlide olduqlarını bu məsələdə də göstərməlidir. Əgər indi bizlər də 7-ci əsrin insanları kimi başımızı yarıb özümüzü müxtəlif yerlərdən yaralasaq, onlardan 12-13 əsr qabaqda olduğumuzu inkar etmiş olarıq. Dini dəyərlərimizi dəyişməz saxlamaq borcumuzdur. Ancaq insan olaraq özümüzün də dəyişmə, inkişafda olduğumuzu gərək unutmayaq. Fikrimcə, aşura mərasiminin ən radikal formada icrasına meyl sürətlə azalır, bu yaxşı tendensiyadır. Bu mütərəqqi tendensiya əsasən maarifçilik təbliğatı ilə eldə olunub." Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Aydın Quliyev qeyd edir ki, yəqin az bir müddət sonra aşura kimi dəyərli islam mərasimlərinin radikal icra halları tam sıradan çıxacaq. "Bunun üçün ilk növbədə təbliğat-maarifçilik işi davam etdirilməlidir. Bu işdə əsas məsuliyyət və rol QMİ-nin üzərinə düşür. Dövlətin inzibati məhdudlandırıcı addımları da yerində davam etdirilməlidir. Bunun, guya dövlətimiz tərəfindən dini azadlığın məhdudlaşdırılması kimi qərəzli yozulması hallarından çekinmək lazım deyil. Dövlət bütün hallarda özünə xəsarət yetirmə, özünə qəsd hallarına qarşı mübarizə aparmalıdır və aparır da. Xüsusilə, səhiyyə sistemində həmin gün qanvermənin tibbi olaraq əhəmiyyətli olduğu barədə təbliğatlar davam etdirilməlidir. Başyarmanın, zəncirlə özünü döymənin ziyanlı olması barədə şəkilli çağırış lövhələri hər yerə vurulsa, bunun da effekti ola biler.  Bir sözlə, insanları 7-ci əsrin insanlarından fərqlənməyə əyani çağırış vaistələri geniş yayılmalıdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31