Dini maarifləndirici tədbirlər özünü doğruldur
5 Sentyabr 2018 14:19 DinSon illər dini sahədə həyata keçirilən islahatlar, görülən tədbirlər nəticəsində bu sahədə uzun illər ərzində mövcud olan boşluqların, yersiz fəaliyyətlərin qarşısı alınıb desək yanılmarıq. Xüsusilə bu sahədə həyata keçirilən maarifləndirici xarakter daşıyan tədbirlərin son illərə qədər mövcud olan problemlərin həllində mühüm rol oynadığını deyə bilərik. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin paytaxt və yerlərdə apardığı maarifləndirici xarakter daşıyan tədbirləri, görüş və dəyirmi masaları cəmiyyət üzvləri, xüsusilə gənclərimizin radikal dini qruplaşmalara qoşulmasının qarşısını alıb. Keçirilən görüşlər gənclərdə sağlam fikir formalaşdırıb və o qənaəti yaradıb ki, radikal dini qruplaşmalar reallıqda İslam dininə deyil, dinimizdə təfriqə yaratmaq, bununla ayrı-ayrı müsəlman ölkələrində xaos, anarxiyaya yol açmağı hədəfləyib.
Başqa bir misal. Bir qayda olaraq Məhərrəmlik ayında İslam dininə heç bir dəxli olmayan, əksinə cana, insan orqanizminə qəsd etməklə Allaha zidd sayılan zəncir vurmaq, qan çıxarmaq kimi əsli olmayan hal və hərəkətlərin qarşısı məhz əhali arasında aparılan dini maarifləndirmə tədbirləri nəticəsində aradan qalxıb. Artıq bir neçə ildir ki, həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirici xarakter daşıyan tədbirləri nəticəsində zəncir vurmaq, kəsici alətlərlə vücuddan qan çıxarmaq kimi əsli olmayan adətlər qanvermə aksiyası, eləcə də digər humanitar xarakter daşıyan aksiyalarla əvəzlənib. Düzdür, əksəriyyət bu kimi aksiyalara dəstək versə də, lakin hər bir cəmiyyətdə olduğu kimi Azərbaycan cəmiyyətində də az sayda insanlar var ki, hələ də dini fanatizm, əsli olmayan hal və hərəkətlərdən uzaqlaşa bilmirlər. Ancaq ümid etmək olar ki, tezliklə məhdud sayda olan həmin insanlar da mövcud reallıqla barışmalı olacaqlar.
Dini sahədə həyata keçirilən ən təqdirəlayiq hallardan biri də hüzr mərasimlərində israfçılığın aradan qaldırılmasıdır. Artıq bu istiqamətdə də vəziyyət nisbətən ürəkaçandır desək yanılmarıq. Belə ki, əhali arasında aparılan maarifləndirici tədbirlər nəticəsində arrtıq respublikanın əksər bölgələrində, eləcə də paytaxtda hüzr mərasimlərində israfçılıq aradan qalxıb. Amma istisan hallar da var ki, tədricən onlar da aradan qalxacaq. Elə əksər dini ekspertləri də bu narahat edir ki, insanlar hansı səbəbdən hüzr mərasimlərində israfçılığa yol verilməməsinə yönəlik çağırışlara əməl etmirlər.
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun sözlərinə görə, dinimizə görə məsələyə yanaşanda, dini mətnlərə baxanda görürük ki, orada bizə dərs verilir. İlahiyyatçı qeyd edib ki, insanlarda olan nemətlər uca Allahın onlara verdiyi bir bəxşişdir: "Allah təala insanları müxtəlif nemətlərlə onların özlərini necə aparmaları ilə imtahana çəkir. Elə şəxsiyyətli insanlar vardır ki, onlar özlərində olan nemətlərin imtahan üçün müvəqqəti olaraq onlara verildiyini dərk edirlər və həmin insanlar özlərində olan nemətləri digər insanlarla paylaşırlar. Amma bu gün cəmiyyətimizdə "hamı özü üçün" prinsipi ilə yaşayırlar. Belə ki, müxtəlif toy və yas mərasimlərində insanların gözünün önündə müxtəlif yemək növləri sərgilənir. Bəzi insanlar bunu dərk edirlər və bilirlər ki, sərgilədikləri bu nemətlərdən digər insanlar məhrumdurlar. Çünki, uca Allah hamıya eyni neməti eyni çoxluqda vermir. Birinə çox nemət verir ki, az neməti olanla bölüşsün. Həmçinin az neməti olan quluna da imtahan üçün az nemət verərək onun dözümlü, yoxsa Allaha qarşı asilik edən biri olacağını yoxlamaq üçün azaldır. Bütün nemətlər hamısı belədir. Bu barədə Quran ayələri də vardır. Allah təala bu ayələrdə bildirir ki, biz sizə çox nemətlər verməklə və az nemət verməklə bir birinizlə imtahana çəkirik. Həqiqət bundan ibarətdir ki, bu gün elə insanlar var, onların evində aylarla ət bişmir. Onlar bu neməti digər insanlardan fərqli olaraq dada bilmirlər. Elə insnalar da vardır ki, kifayət qədər yeməkləri zibilliyə atırlar. Çox hallarda cəmiyyətdə tarazlıq qorunub saxlanılmır. Əvvəllər biz görərdik ki, böyüklərimiz bizə deyərdilər, əlində olan çörəyi evində ye, həyətə, qonşuya əlində olan çörəklə getmə. Çünki, həyətdə olan uşağın, ya da qonşunun imkanı zəifdir və sənin kimi çörək tapıb yeyə bilmir. Bizim də elə güclü imkanımız yoxdur ki, özümüzə aldığımız çörəkdən onlara da alıb verək. Yəni, belə ailələr əvvəllər olub, indi də vardır". Əkrəm Həsənovun sözlərinə görə, bu gün isə elə vəziyyət yaranıb ki, insanlar hətta kütləvi şəkildə göstəriş yarışına giriblər: "Əsas da göstərmələri bir yana, imkanları olduğu halda belə ehtiyacı olanlarla əllərindəki nemətlərdən paylaşmırlar. Toy mərasimlərinə daha çox kasıblar dəvət olunmalı olduğu halda, bu gün görürük ki, toy mərasimlərinə də ancaq qazanc sağlamaq məqsədi ilə bəzi şəxslər ancaq varlı, imkanlı adamları dəvət edirlər. Bu da dinimizcə bəyənilmir. Toy mərasimlərində yemək çeşidlərində israfçılığa çox yol verilməməlidir. Bunu 10 il əvvəl böyük bir məqalədə yazmışdım, amma dəyişən heç nə də görünmür. Hər halda son günlər cəmiyyətimizin sakinləri özləri də bunu etiraf edirlər və düzəlməyə doğru getməyə çalışırlar. Ancaq yenə də savadlanmaq, maarifçilik davam etməlidir. Sadəcə efirdə toy müğənniləri insanlara şəriət dərsi, əxlaq, ədəb dərsi, mədəniyyət dərsi verməyə davam edərlərsə, bu vəziyyət yaxın yüz ilə düzələnə oxşamır. Yenə də ümidsizlik etmirik. Gün gələr hər kəs öz səhvindən dərs çıxarar".
Məhəmməd