QMİ rəsmisi: “Biz qan verərək insanları xilas edirik"
5 Sentyabr 2018 13:46 Din"Ümumiyyətlə Kərbəla faciəsinin yad edilməsi, Həzrət İmam Hüseyn (ə) və onun tərəfdarlarının, "Əhli-beyt" nümayəndələrinin Kərbəla çölündə şəhid edilməsi tarix boyunca müsəlman xalqları arasında, o cümlədən də Azərbaycan xalqı arasında qeyd olunub. Biz bu mərasimləri tarixən qeyd etmişik. Bizim bir çox müsəlman ölkələrindən fərqimiz ondan ibarətdir ki, biz bu ənənələri, mərasimləri şüurlu şəkildə qeyd etmişik. Xüsusilə Azərbaycanın müstəqilliyindən sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin çağırışı ilə bu qanvermə aksiyaları keçirildi". Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva və moizələr şöbəsinin müdiri Aqil Şirinov deyib.
Onun sözlərinə görə, qanvermə aksiyaları Həzrət İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin ruhuna daha uyğundur. Onların verdiyi mesaja daha uyğun bir haldır. Çünki biz qan verərək insanları xilas edirik. Necə ki, Həzrət İmam Hüseyin (ə) öz qanını verərək İslam cəmiyyətini qorumağa çalışmışdı, insanları bəd hisslərdən xilas etməyə çalışmışdı, eyni zamanda biz də burada qan verərək insanları xilas edirik. Beləcə bir çox neqativ haldan da yayınırıq. İnsanların özünə zəncir vuraraq xələl yetirməsi, qurşağa qədər soyunaraq öz bədənlərinə müəyyən xələl yetirmələri İslam dinində qəbul olunan bir hal deyil. Azərbaycanda gözəl ənənə mövcuddur. Sevindirici haldır ki, Azərbaycanda qanvermə aksiyası ilə bağlı mövcud olan bu ənənə yavaş-yavaş digər müsəlman ölkələrinə də yayılıb. Həmin ölkələrin bəzilərində də bu qanvermə aksiyaları keçirilməyə başlanılıb. Bu ənənənin demokratik şəkildə keçirildiyi əsas ölkə məhz Azərbaycandır".
SİA