Həcc söhbətləri-Allahın Elçisinin(s) Kəbəni təvaf etməsi

(Əvvəli 22 oktyabr tarixli sayımızda)

Hər il olduğu kimi bu il də zəvvarlarımız Həcc ziyarətinə yola düşüblər. Bəs Həcc ziyarəti nədir? Bu və digər suallara Elmira Qafarovanın ərəbcədən tərcüməsində "Məvahibu-l-ləduniyyə" əsərində cavab tapa biləcəksiniz.

Kəbənin dörd divarı var; onların birində qara daş yerləşir. Bu ev İbrahim əleyhissəlamın qurduğu təməl üzərində tikilmişdir. Belə hesab edirlər ki, Kəbənin bir divarını İbrahim əleyhissəlam tikib. Divarlardan biri öpülür, biri isə salamlanır. İmam Şafii, İbn Ömərdən belə rəvayət etmişdir: "Allahın Elçisi(s) Kəbənin təvafı zamanı qara daşı öpməklə onu salamladı; öpərkən mübarək dodaqlarını daşa toxundurdu". Təbərani isə bunu rəvayət etmişdir: "Rəsulullah(s) Kəbənin divarına salam verdiyi zaman: "Bismilləhi vallahu Əkbər!", qara daşın yerləşdiyi divarın qarşısına gələndə isə: "Allahu Əkbər",-deyirdi. Allahın Elçisinin(s) təvafi dəvəsinin üstündə, yoxsa piyada etdiyi haqqında da müxtəlif fikirlər söylənilmişdir.

***

Müslimin "Səhih" əsərində Aişənin (Allah ondan razı olsun) bu rəvayəti yer almışdır: "Allahın Elçisi(s) vida həcci zamanı dəvəsinin üstündə təvaf etmişdir". Bunu da müxtəlif cür izah etmişlər. Əbu Davuda görə, Məkkəyə gəldiyi zaman Allahın Elçisinin(s) mübarək səhhətində nasazlıq vardı. Bu səbəbdən də Peyğəmbər(s) dəvəsi üstündə təvaf etmişdir. Müslimin "Səhih" əsərində Əbu Tüfeyldən belə rəvayət olunmuşdur: "Allahın Elçisini(s) gördüm. O, Beyti-şərifi dəvəsi üstündə təvaf edirdi". Cabir isə belə rəvayət etmişdir: "Allahın Elçisinin(s) dəvə üstündə təvaf etməsinin səbəbi həcci necə icra etmək lazım olduğunu xalqa göstərmək  və insanların sualına cavab verə bilmək  üçün idi".

İbn Battal da belə izah edir: "Bu hədisdən aydın olur ki, ehtiyac duyulduğu zaman əti halal olan minik heyvanları ilə məscidə girməyin icazə verildiyini insanlara göstərmək üçün Allahın Elçisi(s) dəvəsi üstündə təvaf etmişdir. Həmin heyvanların sidiyi murdar hesab olunmadığından, Beyti-şərifi murdarlamaz. Başqa heyvanlara bu aid deyildir". Lakin İbn Battalın bu fikri bəyənilməmişdir və bu hədisdə ehtiyac olmadıqda digər heyvanların məscidə girməsinə icazə olmadığına dair bir dəlil göstərilmir, ola bilsin ki, icazə verilib-verilməməsi [heyvanın] Beyti-şərifi murdarlaması ehtimalına görədir, yəni murdarlamaq ehtimalı olan heyvanlarla Beyti-şərifə girməyə icazə verilmir. Allahın Elçisinin(s) dəvəsinə gəlincə isə, o-öyrədilmiş idi, Beyti-şərifi murdarlamayacağından arxayınlıq vardı. Buna görə Allahın Elçisi(s) onunla Kəbəyə daxil olmuşdur. Bəzi alimlərin fikrincə, Allahın Elçisinin(s) dəvəsi üstündə təvaf etməsi ifazə-izah etmə, ilhamalma təvafı idi, qudum-varma təvafı deyildi.Cabirin söylədiyinə görə, Allahın Elçisi(s) ilk üç təvafı yeyin [iti] etmişdi, buna görə də ilk üç təvaf piyada edilir. Mühəddislərdən heç biri Allahın Elçisinin(s) Kəbəni təvaf etməsi zamanı dəvəsini sürətlə sürdüyünü bildirməmişlər, əksinə, hamısı Peyğəmbərin(s) təvafı piyada etdiyini qeyd edirlər. İmam Şafii də Allahın Elçisinin(s) qudum təvafını piyada etdiyini söyləmişdir.

***

Deyilənlərə görə, Allahın Elçisi(s) qara daşı salamlayaraq öpdükdən sonra Kəbənin sağ tərəfindən təvafa başlamışdır. O, ilk üç təvafı sürətlə etmiş, dördüncü təvafdan başlayaraq isə yavaşıtmışdı. Sürətlə yürümənin səbəbi budur: "Qəza ümrəsində Allahın Elçisi(s) Məkkəyə gəldikdə müşriklər müsəlmanlar haqqında: "Mədinə qızdırması [xəstəliyi] bunları zəiflətmiş, haldan salmışdır",-deyirdilər. Allahın Elçisi(s) də onlara (müşriklərə) gümrah və sağlam olduqlarını göstərmək üçün əshabına yeyin təvaf etmələrini buyurdu. Müşriklər onların bu cür təvaf etdiyini görüb: "Biz müsəlmanların  zəif və gücsüz olduğunu zənn etmişdik, amma əksinə, onlar əvvəlkindən daha qüvvətli və güclüdürlər", -dedilər. Vida həcci zamanı da Allahın Elçisi(s) və əshabı sürətlə  yüyürərək təvaf etmişlər. Yeddi təvafdan ilk üç təvafı sürətlə  yüyürərək etmək həmin vaxtdan adət halını alaraq sünnət oldu. Təbərani də deyir ki, Allahın Elçisinin(s) vida həccində sürətlə  yüyürərək təvaf etməsi artıq sünnətə çevrilmişdi, həmin vaxtı Məkkədə müşrik qalmamışdı [çünki şəhərin  bütün əhalisi islamı qəbul etmişdi]. Bu halda bu cür təvaf etmək həccin əməllərindəndir, amma bu cür təvaf etməyən sünnəti pozmuş olmur, sadəcə  təvafı bir az başqa formada etmiş olur, səsi yüksəldərək təlbiyyə söylənilən kimi. Bir kimsə səsini yüksəltmədən təlbiyyəni [astadan] söyləsə, günah işlətmir, çünki bu zaman o təlbiyyədən imtina etmir, sadəcə onu söyləmə üslubunu, formasını dəyişmiş olur. Və ilk üç təvafda sürəti azaldaraq yavaş yeriyən zəvvara sonrakı təvaflarda qəza etməsi tələb olunmur.

***

Allahın Elçisi(s) təvafı bitirdikdən sonra Məqami İbrahimə gəldi və orada: "Biz Kəbəni insanlar üçün ziyarətgah və əmin-amanlıq yeri etdik. [Ey möminlər!] Sizə də: "İbrahimin durduğu yeri özünüzə namazgah edin!"-dedik. İbrahimə və İsmailə də: "Evimi təvaf edənlərə, orada qalıb daim ibadət edənlərə, səcdə və namaz qılanlara görə təmiz saxlayın!-deyə tövsiyə etdik". ("Əl-Bəqərə",125-ci ayə) Ayəni oxudu və iki rükət namaz qıldı. Namaz qılarkən Peyğəmbər(s) "əl-Kəfirun" və "əl-İxlas" surələrini oxudu. Namazdan sonra Allahın Elçisi(s) qara daşın yanına gəlib onu öpdü. Bundan sonra Allahın Elçisi(s) Səfa dağına yollandı və ora yaxınlaşdıqda: "Lə iləhə illəllah, vahdəhu, lə şərikə ləhu. Ləhu-l-mulku va ləhu-l-həmdu va huva alə kulli şeyin kadırun. Lə iləhə illəllahu, vahdəhu, əncəzə vadəhu va nasara abdəhu va həzəməl əhzəbə vahdəhu",-deyə buyurdu. Bu sözləri Allahın Elçisi(s) üç dəfə dedi və orada [Səfa dağında] dua etdi. Daha sonra Allahın Elçisi(s) Səfadan enərək Mərvə dağına yollandı. Vadinin ortasına-dağın yoxuşuna yetişdikdə Peyğəmbər(s) sürətlə yeridi. Mərvəyə çıxdıqda isə yenə addımlarını  yavaşıtdı.

***

İmam Müslim və Əbu Davud, Əbu Tüfeyldən bunu rəvayət etmişlər: "Bir gün İbn Abbasdan soruşdum:

-Səfa ilə Mərvə dağları arasındakı yolu heyvan üstündə qət etmək sünnətdirmi? Sənin qövmün onu sünnət hesab edir.

-Onlar həm haqlıdırlar, həm də haqlı deyillər,-deyə İbn Abbas cavab verdi.

Mən:

-Sənin bu cavabını necə başa düşüm?-deyə soruşdum.

-Bəli, o zaman Allahın Elçisinin(s) ətrafına o qədər insan toplanmışdı ki, (onlar "Muhəmməd-odur! Muhəmməd-odur!") deyərək bir-birlərinə göstərirdilər, hətta həddi-buluğa çatmış qızlar belə evlərindən [çölə] çıxaraq onu görmək istəyirdilər. [Çoxlu sayda insan toplaşması səbəbindən tünlük yarandığından] Allahın Elçisinin(s) piyada hərəkət etməyə imkanı olmamış və o, məcbur olub dəvəsinə minmişdir. İnsanlar "haqlıdır"-dedikdə Allahın Elçisinin(s) dəvəyə minməsini, "haqlı deyildir"-dedikdə isə məsafənin hamısını dəvəyə minərək qət etmədiyini-yolun bir hissəsini piyada, bir hissəsini isə dəvə üstündə qət etdiyini nəzərdə tuturlar.  Allahın Elçisi(s) dəvəyə məcbur olaraq minmişdir".

***

Daha sonra Allahın Elçisi(s) Mərvə dağına çıxmış və Səfa dağında oxuduğu duaları burada da təkrar etmiş və xalqa xitabən: "Yanında qurbanlıq qoyun, inək və ya dəvə gətirməyənlər həcc ihramını çıxarıb ümrəyə niyyət etsin!"-deyə buyurmuşdu. Görəsən, bu buyruq təkcə o il həccə yollanmış əshaba, yoxsa qiyamətə qədər bütün müsəlmanlara aiddir? Bu barədə də müxtəlif fikirlər söylənilir.

İmam Əhməd və bir sıra alimlər: "Qiyamətə qədər hər kəs bu cür etməlidir, yəni qurbanlıq heyvan gətirməyən kəsin həcc ihramını çıxarıb ümrə etməsi gərəkdir"-demişlər. İmam Azəm, İmam Şafii, İmam Malik və [onların sələfləri]:  "Bu əməl o il [həccə gəlmiş] səhabələrə aid idi, ondan sonrakı zəvvarlara bu aid olunmamalıdır"-deyirlər.  Bu əməlin yalnız o ildəki səhabələrə aid olduğuna dair onların bir dəlili budur: "Cahilliyə dövründə xalq həcc ayında ümrəni haram hesab edər və ümrə etməzdi. Rəsulullah(s) onların əleyhinə hərəkət edərək, həcc ayında müsəlmanlara ümrə etməyi buyurmuşdur,-demişlər".

Dəlillərdən digəri də budur: "İmam Müslim Əbu Zərrin (Allah ondan razı olsun) belə buyurduğunu yazır: "Həcc zamanı "təməttu" Allahın Elçisinin(s) əshabına aiddir". Nəsai Haris bin Bilaldan (Allah ondan razı olsun) bunu rəvayət edir. "-Ya Rəsulullah, həcci ümrəyə çevirmək bizə, yoxsa bütün insanlara aiddir?",-deyə soruşdum. Allahın Elçisi(s):-"Bəli, bu yalnız bizə aiddir",-deyə buyurdu. Bu hədis, həcci ümrəyə çevirməyin Rəsulullahın(s) əshabına aid olduğunu göstərən açıq-aşkar dəlildir. Onlardan sonra bir kimsəyə aid deyildir. Düzünü isə yalnız Allah bilir.

***

Allahın Elçisi(s) Məkkə şəhərinin kənarında yerləşdi və Mina dağına çıxana qədər dörd gün həmin yerdə qaldı və namaz qılmaqla məşğul oldu. Allahın Elçisi(s) bura zü-l-hiccə ayının dördündə gəldi və səkkizi oradan çıxdı. Burada o iyirmi bir dəfə namaz qıldı. Belə ki, o, dördüncü günü günorta namazı ilə başladı, səkkizinci günü günorta namazına qədər orada qaldı. Məkkəyə gəldiyi gündən Əbtaha çıxıb getdiyi günə qədər düz on gün olmuşdur.

***

Deyilənlərə görə, Əli (Allah ondan razı olsun) Allahın Elçisinin(s) sonuncu, vida həcci ərəfəsində Yəmənə yürüşə göndərilmişdi. Allahın Elçisi(s) Məkkədə ikən Əli (Allah ondan razı olsun) gəlib ona yetişdi. Peyğəmbər(s): "-Ya Əli, nəyə ihlal-həccə, yoxsa ümrəyə niyyət etdin?"-deyə buyurdu. Əli (Allah ondan razı olsun): -"Rəsulullah(s) nəyə niyyət edibsə, mən də ona niyyət etdim",-deyə cavab verdi. Allahın Elçisi(s): "-Əgər yanımda qurbanlıq heyvan olmasaydı, həcc ihramımı çıxarıb ümrəyə başlardım,-deyə buyurdu"...

Ardı var

 

Sabah Həccin digər fəzilətləri, qayda və qanunları haqqında "Məvahibu-l-ləduniyyə"dən təqdim edəcəyimiz bölümlərdə oxuya biləcəksiniz.

Bizi izləyin.

 

P.S. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşüblər.  Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur. Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31