Həcc söhbətləri - Peyğəmbərin (s) buyurduqları... - “Məvahibu-l-ləduniyyə”
19 Oktyabr 2012 13:46 Din(Əvvəli 18 oktyabr tarixli sayımızda)
Hər il olduğu kimi bu il də zəvvarlarımız Həcc ziyarətinə yola düşüblər. Bəs Həcc ziyarəti nədir? Bu və digər suallara Elmira Qafarovanın ərəbcədən tərcüməsində "Məvahibu-l-ləduniyyə" əsərində cavab tapa biləcəksiniz.
Məkkəyə gedərkən Üsfan adlanan yerə çatanda Allahın Elçisi(s) Əbu Bəkrdən (Allah ondan razı olsun):
-Bu hansı vadidir?-deyə soruşdu.
Əbu Bəkr:
-Ya Rəsulullah, bu Üsfan vadisidir,-deyə cavab verdi.
Allahın Elçisi(s):
-Vallah, Hud və Saleh Peyğəmbərlər [də] bu vadidən keçib Allahın evini ziyarətə-həccə getmişdilər. Onlar ovsarı [xurma] lifindən olan qırmızı [rəngli] iki cavan dəvəyə minmişdilər. Əyinlərində əba vardı, [başlarındakı] şalın ağ-qara saçaqları isə yundan idi,-deyə buyurmuşdu.
İmam Müslim, İbn Abbasdan (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Allahın Elçisi(s) Vadi əl-Ərzaq adlanan dərəyə yetişdiyi zaman: "Sanki bu yoxuşdan Musaya baxıram. O, iki barmağını hər iki qulağına qoymuş halda: "Ləbbeykə, ləbbeykə" deməklə Allah-Təalaya yalvarıb-yaxarır", -deyə buyurmuşdur". Buxarinin rəvayətində vadinin adı çəkilmir, rəvayətin məzmunu isə İmam Müslimin rəvayəti ilə eynidir.
Mühəlləb deyir: "Bu rəvayətdəki Musa adı bir səhvdir, İsa olmalıdır, çünki Musanın həcc etməsi haqqında bir xəbər, bir məlumat belə yoxdur. Rəvayət edən [ola bilsin ki, səhvən] Musa demişdir. Əslində isə İsa olmalıdır". Lakin Mühəlləbin bu fikri yanlışdır, çünki Buxarinin rəvayətində İbrahim (əleyhissəlam), Müslimin rəvayətində isə Yunus (əleyhissəlam), söylənilmişdir. Bunları rəvayət edənlərindəmi səhv etdiklərini düşünməliyik?
***
Allahın Elçisinin(s): "baxıram" söyləməsində məqsədi nə idi? Bu barədə hədis alimlərinin fikirləri müxtəlifdir.
Bəzi hədis alimləri: "Allahın Elçisi (s) Musa əleyhissəlamı əvvəlcə yuxuda görmüş, həccə gedərkən həmin yuxunu xatırladığından belə söyləmişdir. Peyğəmbərlərin(s) yuxusu vəhydir",-demişlər.
Digər alimlər isə, Allhaın Elçisinin (s) Musa əleyhissəlamı gerçəkdən gördüyünü hesab edirlər. Onların fikrincə, Peyğəmbərlər Allah-Təalanın dərgahında sağdırlar, onların ruziləri verilir. Bu vəziyyətdə onların həcc etmələrinə mane olan bir şey yoxdur. İmam Qurtubi deyir ki, ibadət Peyğəmbərlər (s) üçün sevimli əməl olmuşdur. Onlar ibadəti nəfslərinin istəyi ilə icra edərlər. Cənnət əhlinin Allahı zikr etmələri, anmaları da bu cürdür. İbadət etmək, Allahı zikr etmək onlara hec də vacib buyurulmamışdır. [Yuxarıdakı hədisə gəlincə isə] belə zənn etmək olar ki, Peyğəmbərin [gözünə görünən] onların ruhları olmuşdur, cisimləri yox, çünki onların cisimləri məzarlarındadır. Belə düşünmək olar ki, ruhları insan surətinə girib Allahın Elçisinə(s) görünmüşlər. Merac gecəsində ona(s) göründüyü kimi.
***
İbn əl-Munir (Allah ona rəhmət eləsin) və digər alimlər söyləyirlər ki, Allah-Təala Peyğəmbərlərin ruhlarına bənzərlərini yaradır. Bunların bənzərləri yuxuda olduğu kimi zahirdə də [gözə] görünə bilərlər. Onlardan bəzisi həyatlarında həcc edərək necə təlbiyyə ("Ləbbeykə, Allahummə, ləbbeykə") etmişdilərsə, Allahın Elçisinin (s) gözünə məhz o cür görünmüşlər. Buna görədir ki, Rəsulullah(s): "Sanki mən görürəm...",-buyurmuşdur.
Bir mülahizəyə görə də, Peyğəmbərlərin bu halı Allahın Elçisinə (s) vəhylə bildirilmişdir. Məhz buna görə də Allahın Elçisi(s): "Sanki bu yoxuşdan .... baxıram",-deyə buyurmuşdur.
***
Deyilənlərə görə, Sərif adlanan yerə çatanda Allahın Elçisi(s) əshabın qarşısına çıxıb buyurdu: "Qurban gətirməyən və həcc əvəzinə ümrə icra etmək istəyən ümrə icra etsin, qurbanı olan isə etməsin". Allahın Elçisi(s) bununla söyləmək istəmişdi ki: "Qurbanı olmayan yalnız ümrə ilə kifayətlənmək istəsə bunu etsin, qurbanı olan isə həcc [də] həyata keçirsin, ümrə ilə kifayətlənməsin". Burada [Sərifdə] Aişə (Allah ondan razı olsun) aybaşı oldu. Allahın Elçisi(s) onun yanına girdikdə ağladığını görüb səbəbini soruşdu. Aişə (Allah ondan razı olsun):
- Əshabına söylədiklərini eşitdim. Artıq ümrə icra edə bilməyəcəyəm,-dedi. Peyğəmbər(s):
- Nəyə görə?-soruşduqda:
-Çünki namaz qılacaq halda deyiləm,-cavabını verdi.
Allahın Elçisi(s):
-Namaz qıla bilməyəcəyindən sənə zərər gəlməz, çünki üzürlü səbəbin vardır. Sən Adəmin qızlarından olan bir xanımsan, Allah-Təala onlara buyurduğunu sənə də buyurubdur. Sən həccin əsas fərzlərini yerinə yetir, inşallah, Allah-Təala onu sənə nəsib edər,-deyə buyurdu.
Buxari, Müslim və digər mühəddislər də belə rəvayət etmişlər.
Bir rəvayətə görə isə Allahın Elçisi(s) Aişəyə (Allah ondan razı olsun) belə buyurmuşdur: "Hacıların icra etdiyi əməlləri sən də et, amma heyzdən təmizlənənə qədər təvaf etmə". Aişənin (Allah ondan razı olsun) necə həcc etdiyi barədə də müxtəlif fikirlər mövcuddur. Bəziləri onun əvvəl həcc üçün ihram bağladığını söyləmişlər. Lakin Ürvənin rəvayətində: "Aişənin (Allah ondan razı olsun): "Mən ümrə edənlər tərəfində idim",-dediyi söylənilir. Bu rəvayətdən aydın olur ki, Aişə (Allah ondan razı olsun) ümrəyə niyyət etmişdir.
İmam Əhməd, Zühridən belə rəvayət etmişdir: "Aişə (Allah ondan razı olsun): "Mən ümrəyə niyyət etmiş və qurbanlıq gətirməmişdim",-demişdir. Əsvəd isə Aişədən (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Mən Allahın Elçisi(s) ilə təlbiyyə (Ləbbeykə...) söyləyərək çıxdım. Nə həccə, nə də ümrəyə niyyət etməmişdik",-demişdir. Bu rəvayətlərdən belə bir nəticəyə gəlmək olar. Ehtimal ki, Aişə (Allah ondan razı olsun) ilk dəfə yalnız həcc üçün təlbiyyə etmişdir. Bir çox səhabələr də bu cür etmişlər. Sonra Allahın Elçisi(s): "Həcci ümrəyə dəyişdirin", buyurduqda Aişə də (Allah ondan razı olsun) səhabələrlə birlikdə həcci ümrəyə dəyişmiş və beləcə "mütəməttiə"-təmətti-həcci icra edən qadın-olmuşdu. Daha sonra isə Aişə (Allah ondan razı olsun) Məkkəyə daxil olduğu zaman aybaşı oldu və bu səbəbdən də Kəbəni təvaf edə bilmədi, ümrə isə təvafsız mümkün deyildir. Deyilənlərə görə, o zaman Allahın Elçisi(s) Aişəyə (Allah ondan razı olsun) yenidən həcc üçün ihram bağlamağı əmr etmişdi.
Ardı var
Sabah Həccin digər fəzilətləri, qayda və qanunları haqqında "Məvahibu-l-ləduniyyə"dən təqdim edəcəyimiz bölümlərdə oxuya biləcəksiniz.
Bizi izləyin.
P.S. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşüblər. Zəvvarlar 18 oktyabrda bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək. Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur. Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.