Azərbaycan diasporunun tarixi şəxsiyyətlərindən Cəmaləddin Əfqani
28 Avqust 2013 16:50 DiasporaAzərbaycan diasporunun tanınmış tarixi şəxsiyyətləri sırasında Cəmaləddin Əfqani də yer alıb. Şərq və Qərb mədəniyyətlərini dərindən mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmiş görkəmli şəxsiyyət Cəmaləddin Əfqani 1838-ci ilin noyabr ayında Həmədan yaxınlığındakı Əsədabad kəndində doğulmuşdur. O, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş və hər üç dildə əsər yazmışdır. Cəmaləddin Əfqani fransız və rus dillərini də bilmişdir. Cəmaləddin Əfqaninin atası nüfuzlu din xadimi olmuşdur. O, atasının sayəsində Kabildə mükəmməl dini təhsil aldıqdan sonra Əfqanıstanın suverenliyi uğrunda çalışan və bir müddət buna nail olan Əmir Dost Məhəmmədin yanında xidmət etmişdir. Hətta Baş nazir vəzifəsində də olmuşdur. Ömrünün çox hissəsini səyahətlərdə keçirən Cəmaləddin Əfqani bir müddət Hindistanda və Misirdə yaşamış, Misir Universitetində professor işləmiş, məşhur Ərəbi peşə üsyanlarının rəhbərlərindən biri olmuşdur. Sonra o, Hindistana köçüb Heydərabadda məskunlaşmış, ingilislərin təkidi ilə oradan da uzaqlaşdırılmışdır. Bir müddət Tehranda yaşamış və çox keçmədən Londona gedib ömrünün bir hissəsini orada keçirmişdir.Mənbələr göstərir ki, Əfqani Amerikadada olmuş, sonra Parisə qayıtmış, bir müddət publisistika və qəzetçiliklə məşğul olmuşdur. Hətta "slavyanofil"lərin rəhbəri Katkovla görüşüb Hindistanın azadlığı uğrunda birgə mübarizə aparmağı ona təklif etmişdir. Bütün bunlar onu Qərb müstəmləkəçilərinə qorxulu və təhlükəli düşmən kimi tanıtmışdır. 1878-ci ildə Türkiyədə elm və tədris ocaqlarında oxuduğu antiimperialist xarakterrli mühazirələrinə görə ölkədən qovulmasına baxmayaraq Sultan Əbdülhəmid onu 1892-ci ildə yenidən Türkiyəyə dəvət etmişdir. O, ikinci dəfə İstanbula gəlmiş və ömrünün axırını, yəni 1897-ci ilə qədər burada yaşamışdır. 1944-cü ildə Cəmaləddin Əfqaninin məzarı Kabilə köçürülmüşdür. Cəmaləddin Əfqaninin siyasi və fəlsəfi baxışlarına görə, hər millətin taleyini o millətin öz öhdəsinə buraxmaq lazımdır. O, hesab edirdi ki, milli birlik və həmrəyliyə nail olmaq üçün dil və din kimi birləşdirici amillərindən istifadə edilməlidir. Cəmaləddin Əfqani dilin ictimai funksiyasını, milli tərəqqidə oynadığı rolu, milləti millət edən əsas və başlıca komponent olduğunu konkret faktlarla sübut etmiş və dil birliyini "milli vəhdət" adlandırmışdır. Bu iki amilin fərqli cəhətlərini göstərən Şeyx yazırdı: "Dil birliyi, yəni milli birlik dini birlikdən daha möhkəm və sabitdir. Çünki o, uzun müddət ərzində mövcud olmağı və başqa dil ilə əvəz olunmağı qəbul etmir. Din birliyi isə belə deyil. Tarix göstərir ki, bir dildə danışan bir millət min il ərzində öz dilinə ciddi xələl gətirmədən iki, üç dəfə dinini dəyişib başqa dinlə əvəz edə bilir. Odur ki, dil birliyindən hasil olan əlaqə və ittifaqın təsiri dini əlaqələrin təsirindən daha artıqdır". Cəmaləddin Əfqani islam birliyi ideyasını ortaya atan və ona elmi, siyasi məna verən mütəfəkkir olmuşdur. O, birinci növbədə islamın döyüşkənliyini bərpa etməyə çalışmışdır.
Süleyman İsmayılbəyli