Vətəndaşa pis örnək olan məmurlar
4 Mart 2021 15:10 Daxili siyasətVə ya insanları minalı ərazilərə getməyə nə vadar edir?
Azərbaycan dövləti, Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsini uğurla, zəfərlə başa vuran Azərbaycan Ordusu uzun illər erməni işğalı altında olan ərazilərimizi düşməndən təmizlədi, ərazilərimizi azad etdi. Artıq işğal altında olan ərazilərimizin düşməndən azad edilməsi mərhələsi demək olar ki, başa çatıb. Qarşıda növbəti mərhələ, azad edilən şəhər və rayonlarımızın abadlaşdırılması, orada quruculuq işlərinin həyata keçirilməsi dayanır. Azərbaycan dövləti, onun iqtisadi gücü, qüdrətinə əsaslanaraq deyə bilərik ki, tezliklə Qarabağda quruculuq-abadlıq işləri ən yüksək səviyyədə həyata keçiriləcək və Qarabağda əsl cənnət yaradılacaq. Qeyd edim ki, artıq bu işlərə start verilib. Şuşaya avtomobil yolunun çəkilişi, Füzuli rayonunda beynəlxalq aeroportun inşasına başlanması və s. buna misal göstərmək olar.
Ancaq təəsüüüf hissi ilə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərimizdə start verilən quruculuq-abadlıq işlərini tam mənada sevinc, fərəh hissi ilə qarşılaya bilmirik. Demək olar ki, hər gün düşmən işğalından azad edilən ərazilərimizdə mina və partlamamış hərbi sursatlarla bağlı hal qeydə alınır. Düşmənin vaxti ilə işğal etdiyi ərazilərimizdə basdırdığı mina və partlamamış hərbiu sursatlar can alır, itkilərə yol açır. Müharibənin başa çatdığı müddətdən bu günə qədər onlarla belə hal qeydə alınıb ki, nəticədə bir neçə hərbi və mülki vətəndaşımız həlak olub. Hərbiçilərin minaya düşməsini müəyyən mənada başa düşmək olar ki, onlar xidmət keçdikləri ərazidə hərəkət edərkən, yaxud mina təmizləmə əməliyyatı həyata keçirərəkən bu bədbəxt hadisənin qurbanına çevrilirlər. Ancaq mülki vətəndaşlarımızın minaya düşməsi, həyatını itirməsi, yaxud xəsarət alması başadüşülən deyil. O mənada başadüşülən deyil ki, Azərbaycan dövləti və onun müvafiq qurumları dəfələrlə əhaliyə müraciət edərık işğaldan azad edilən ərazilərə səfərlərin həyata keçirilməməsinə çağırış edib. Düşmənin ən ağlasığmaz yerlərə belə mina basdırdığı danılmaz faktdır, ona görə də hələlik bu kimi səfərlərdən çəkinmək lazımdır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlarımız bu çağırışlara əməl etmir və işğaldan azad edilən ərazilərə səfərlər edirlər. Bu da nəticə etibarilə yuxarıda qeyd etdiyimiz bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır. Bəs görəsən vətəndaşlarımız nə üçün dövlətin müvafiq qurumlarının işğaldan azad edilmiş ərazilərə səfər etməmək çağırışına əməl etmirlər və bu kimi səfərləri edən əsasən kimlərdir?
Sualın ikinci hissəsini cavablandırarkən qeyd etmək yerinə düşər ki, işğaldan azad edilmiş ərazilərə səfər edənlər əsasən iki qrupu bölünür. Birincisi, torpaq həsrəti, ata-baba yurdunu bir anlıq görmək arzusunda olanlar, bunun üçün hətta ölümü belə gözə alanlar. Bu kimi vətəndaşlarımıza müəyyən mənada haqq qazandırmaq da olar. Lakin indiki situasiyada, ərazilərin minalarla əhatələndiyi zamanda belə səfərlər olduqca riskli və təhlükəlidir. Ona görə də hər bir vətəndaş icazəsiz, gizli yollarla düşməndən azad edilmiş ərazilərə səfər etməkdən çəkinməlidir.
İşğaldan azad edilən ərazilərimizə səfər edən vətəndaşlarımız arasında ikinci qrupa daxil olanlar isə daha çox tamah məqsədilə bu şəhər və rayonlara gedənlərdir. Bu birmənalıdır ki, Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatından qorxuya düşərək yalnız canını götürüb qaçan ermənilər bütün mal-mülklərini işğaldan azad edilən ərazilərdə qoyub gediblər. Təkcə mənzil-məişət texnikaları deyil, eləcə də çoxlu sayda xırda və iribuynuzlu heyvanlar düşməndən qənimət kimi qalıb. Ona görə də bəzi asan qazanc mənbəyi dalınca qaçanlar işğaldan azad edilən ərazilərimizə icazəsiz səfər etməklə həmin mala-mülkə, digər məhsullara sahib olmaq, onları əldə etməyə çalışırlar. Son günlər Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həmin ərazilərdə saxlanılan vətəndaşlarımızın bir çoxunun xarici görünüşü də onu deməyə əsas verir ki, işğaldan azad edilən əraazilərə səfər edənlərin böyük əksəriyyəti qənimət üçün özlərini təhlükəyə atanlardır.
O ki qaldı dövlətin müvafiq qurumlarının düşməndən azad edilmiş ərazilərə səfər etməmək çağırışına, bəzi vətəndaşlarımızın əməl etməməsinə, burada müəyyən mənada səlahiyyət sahiblərinin də günahı az deyil. Bəzi kiçik məmurların, səlahiyyət sahiblərinin işğaldan azad edilmiş ərazilərə səfər edib ordan, ata-baba yurdundan fotolar, videolar paylaşması da vətəndaşı bu cür neqativ addım atmaq, özünü təhlükə qarşısında qoymaq məcburiyyətində buraxır. Məsələn, bu günlərdə Ağdam rayon icra hakimiyyəti başçısının ata-baba yurduna getdiyi, həyətlərinə baş çəkdiyi barədə sosial şəbəkədə video paylaşılıb. İstər-istəməz həmin görüntülərə baxan vətəndaşda yalnış olaraq belə bir fikir formalaşır ki, ərazilərin minalanması xəbəri yalandır. Əgər belə bir hal olsaydı rayon icra hakimiyyəti başçısı, yaxud bir başqa səlahiyyət sahibi də minaya düşərdi. Ona görə də vətəndaşla bərabər bəzi səlahiyyət sahibləri, kiçik məmurların da bu kimi icazəsiz səfərlərinin qarşısı alınmalıdır. Çünki belə məmurlar vətəndaşa pis örnək olur və onu minalanmış ərazilərə, ölümə sürükləyir. Ən azı ərazilərimizdə minatəmizləmə işləri başa çatana qədər.
Süleyman