Şəhid ailələri, qazilər və müharibə veteranları daim dövlət qayğısı ilə əhatə edilib
27 Fevral 2021 11:22 Daxili siyasətMVP rəsmisi: "Azərbaycan dövlətinin bu siyasəti dəyişməz olara qalır"
Azərbaycanda cəmiyyətin xüsusi diqqət və qayğıya ehtiyacı olan həssas təbəqəsinin mövcud problemlərinin diqqətdə saxlanılması, həmin problemlərin qısa müddətdə həll edilməsi dövlətin daim əsas prioriteti olub və günümüzdə də bu siyasət dəyişməz olaraq qalır. Bu sırada xüsusilə şəhid ailələri, qazilər, müharibə əlillərinə dövlət qayğısını qeyd etmək yerinə düşər. Bütün dövrlərdə ən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunan şəhid ailələri, qazilər, müharibə veteranlarına göstərilən münasibət 44 günlük Vətən müharibəsindən sonra daha da artıb desək yanılmarıq. Çünki məhz onların sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindən qalib ayrılaraq uzun illər, 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarını azadlığa qovuşdurdu, xalqa qələbə, zəfər sevincini bəxş etdi.
Azərbaycan dövləti, şəxsən onun rəhbəri Cənab Prezident İlham Əliyev də şəhidlər. qazilər, müharibə veteranlarının bu şücaətini, qəhrəmanlıqlarını yüksək dəyərləndirir, onlar ən yaxşısına layiqdir prinsipindən çıxış edərək qeyd etdiyimiz təbəqədən olan vətəndaşlarımızın hər bir probleminin həllinə çalışır, ona nail olur. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasiminin keçirilməsini də buna misal göstərmək olar.
Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli da hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması dövlətin, şəxsən dövlət başçısının qeyd edilən kateqoriyadan olan insanlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Partiya rəsmisi bildirir ki, Cənab İlham Əliyev respublikaya rəhbərlik etdiyi 17 ildən artıq dövr ərzində daim bu prinsipə sadiq qalıb, şəhid ailələri, qazilər, müharibə veteranlarının problemləri, qayğılarına xüsusi həssaslıqla yanaşıb: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi ölkəmizdə son 17 il ərzində şəhid ailələri, qazilər və müharibə veteranlarının sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamərində çox ciddi addımlar atılıb. Belə ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə 2020-ci il ərzində 1572 mənzil bu qəbildən olan vətəndaşlarımıza verilib. 2021-ci ildə də daha 3 minə yaxın şəhid ailəsi və müharibə veteranına mənzil verilməsi nəzərdə tutulub".
Süleyman İsmayılbəyli onu da diqqətə çatdırıb ki, şəhid ailələri, qazilər, müharibə veteranlarına diqqət və qayğı yalnız onların mənzil şəraitinin yaxşılaşdırılması ilə kifayətlənməyib. Paralel olaraq digər istiqamətlərdə də bu təbəqədən olan vətəndaşlarımıza yüksək dövlət qayğısı göstərilib: "Onların sağlamlıq problemləri daim diqqət mərkəzində olub. Azərbaycan daxilində müalicəsi mümkün olan qazilərimiz, müharibə veteranları burada, xarici ölkələrdə müayinə və müalicəsi zərurəti meydana çıxan qazi və müharibə veteranlarımız isə dövlət vəsaiti hesabına müxtəlif xarici ölkələrə müalicəyə göndəriliblər. Ən son 44 günlük Vətən müharibəsində müxtəlif dərəcəli xəsarətlər almış onlarla qazimiz Cənab Prezidentin müvafiq sərəncamı ilə yaradılan "YAŞAT" Fondu tərəfindən qardaş Türkiyəyə göndərilib. Eyni zamanda bir qrup türkiyəli həkim, tibb personalı, mütəxəssislər Azərbaycana dəvət edilib ki, onlar da məhz 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını müalicə edirlər. Məlumat üçün qeyd edim ki, ən son bilgilərə görə, türkiyəli həkimlər 150-dən artıq qazimizi müayinədən keçirib, onlar üçün müalicə kursu müəyyən ediblər".
Milli Vəhdət Partiyasının sədr müavini onu da diqqətə çatdırıb ki, zaman-zaman qazilərimiz, müharibə veteranlarımız dövlət hesabına minik avtomobilləri ilə də təmin edilirlər: "Cənab Prezidentin də qeyd etdiyi kimi müharibə əlillərinə indiyə qədər 7200 minik avtomobili verilib. Paralel olaraq onların istər Azərbaycanın daxilində, istərsə də xarici ölkələrdə istirahətləri üçün də şərait yaradılır, ayrı-ayrı ölkələrə səfərləri təşkil edilir".
Süleyman İsmayılbəyli bildirib ki, şəhid ailələri, qazi və müharibə veteranlarına diqqət, qayğının davamlı və sistemli xarakter alması da xüsusi qeyd edilməlidir: "Digər tərəfdən bu missiya, proses təkcə Bakı şəhəri deyil, respublikanın bütün bölgələrini əhatə edir. Yerlərdə də müntəzəm olaraq bu təbəqədən olan vətəndaşlarımız üçün yaşayış binaları tikilib istifadəyə verilir. 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək ki, həmin mənzillərin də böyük əksəriyyəti regionlarda inşa olunacaq, ayrı-ayrı rayonlarda yaşayan şəhid ailələri, qazilər, müharibə veteranlarına veriləcək".
MVP rəsmisi vurğulayıb ki, şəhid ailələri, qazilər və müharibə veteranları daim dövlət qayğısı ilə əhatə edilib və Azərbaycan dövlətinin bu siyasəti dəyişməz olaraq qalır.
Füzuli
Olaylar.az