Xocalı faciəsinə həsr olunmuş onlayn toplantı keçirilib
26 Fevral 2021 12:16 Daxili siyasətAzərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn toplantı keçirilib. "OLAYLAR" xəbər verir ki, Belçikada fəaliyyət göstərən Kanal Avropanın direktoru Dönməz Hüseynin moderatorluğu ilə keçirilən toplantıda Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və PR departamentinin müdiri, sabiq diplomat Fuad Hümbətov, Azərbaycan Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar institutunun disertantı, Azərbaycan Yazıçılar birliyinin üzvü, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili, Belçika türkləri vətəndaş cəmiyyətinin təmsilçisi Rəcəb Tuncər Sarı, Hollandiya Qəzetəçilər Birliyinin üzvü Vüqar Abbasov, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, yazar Orhan Aras, "OLAYLAR" qəsetinin müxbiri Süleyman İsmayılbəyli və "Xalq Cəbhəsi" qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu iştirak edib. Tədbiri giriş sözü ilə açan Dönməz Hüseyn 29 il əvvəl Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri insanlıq əleyhinə cinayət barədə danışıb. Toplantıda çıxış edən digər iştirakçılar ötən 29 il ərzində Xocalıda həyata keçirilən soyqırımın dünyaya çatdırılması istiqamətində müxtəlif istiqamətlərdə atılan addımlar, görülən işlər barədə danışıb, qarşıda duran vəzifələrdən söz açıblar.