Azərbaycan-Misir əlaqələrində İslam tarixi və mədəniyyətinin yeri müzakirə olunub
27 Noyabr 2015 14:32 SosialMİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvləri Misirin Azərbaycandakı səfirliyinin nəzdindəki Misir Mədəniyyət Mərkəzinin qonağı olublar. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı "Azərbaycan-Misir əlaqələrində İslam tarixi və mədəniyyətinin yeri" mövzusunda müzakirələr keçirilib. Misir Mədəniyyət Mərkəzinin rəhbəri Dr. Ahmed Sami Abdelfattah Elaydy əvvəlcə MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvlərini mərkəzin konfrans zalı, dərs otaqları, zəngin kitabxanası və səyyar sərgi materialları ilə tanış edib. Qeyd olunub ki, mərkəzdə ərəb dili və ədəbiyyatı tədris olunur, ödənişsiz danışıq klubu fəaliyyət göstərir. Kitabxanada 8000-dən çox ərəb, ingilis və azərbaycan dillərində kitablar toplanılıb, elektron kataloqlaşdırılıb və tələbələrin ixtiyarındadır. Qeyd olunub ki, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının tanıdılması üçün Misirdə geniş işlər görülür. MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli əvvəlcə İdarə Heyətinin üzvlərini təqdim edib. Daha sonra birlik və mərkəz arasında əməkdaşlıq protoklounun imzalanmasında maraqlı olduqlarını bildirib. İndiyə qədər istər Misir alimlərinin Azərbaycanda keçirilən konfranslarda iştirakı, eləcə də MİRAS üzvlərinin Misirdə müxtəlif kurslar keçməsi kimi fəaliyyətlər baş tutub. Sonda MİRAS İctimai Birliyinin nəşrləri Misir Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə edilib.