IV Beynəlxalq türk incəsənət, tarix və folklor konfransı keçirilib
19 May 2015 12:21 SosialTürkiyənin Konya şəhərində IV Beynəlxalq türk incəsənət, tarix və folklor konfransı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya Böyükşəhər Bələdiyyəsi, İtaliyanın Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Assosiasiyası (YOCOCU), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Azərbaycan) birgə təşkil etdiyi beynəlxalq konfransda 10 ölkədən 150-dək nümayəndə iştirak edib. Konfrans işini "Türk incəsənəti", "Orta Asiya türk tarixi", "Türk ədəbiyyatı", "Türk musiqisi", "Türk folkloru", "Türk mədəniyyəti", "Türk incəsənət tarixi", "Türk arxeologiyası", "Bərpa və konservasiya", "Turizm", "Təhsil" bölmələrində davam etdirib. İclaslarda Azərbaycan, Türkiyə, İtaliya, Ukrayna, İran, Gürcüstan, Makedoniya və digər ölkələrdən alim və mütəxəssislərin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd türk incəsənəti, tarixi, folklorunu araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, aparılan tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti tanış etməkdir. Tədbirdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərov da iştirak və çıxış edib.