Qarabağ probleminin həllinə mane olan başlıca amillər- GEOSİYASİ BAXIŞ

Regionda maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən cənub qonşumuz İran İslam Respublikasına qarşı Birləşmiş Ştatlar və Qərbin təzyiqləri artır, bu ölkə daxilində siyasi gərginlik pik nöqtəyə qədəm qoyur, digər tərəfdən Rusiyada yenidən antiAzərbaycan qüvvələr fəallaşaraq ölkəmizə qarşı növbəti təxribatlara əl atırlar. Bütün bu hadisələrin fonunda isə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən diplomatik səylər müşahidə edilir. Xüsusilə. ATƏT-in Minsk qrupunun həmsədlərinin regiona səfərindən sonra bu fəallıq özünü büruzə verməyə başlayıb. Ancaq Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bütün bu fəallıq müvəqqəti xarakter daşıyır. Və əsas məqsəd gözdən pərdə asmaq, həmsədrlərin guya fəaliyyətdə olduqları görüntüsü yaratmaqdır. Politoloq deyir ki, bunun da başlıca səbəbi son illərdə Azərbaycan tərəfindən vasitəçilərin fəaliyyətinin haqlı olaraq tənqid edilməsi və hətta onların təmsil olunduğu Minks qrupunun Dağlıq Qarabağ problemi ilə məşğul olmaq barədə mandatını ləğv olunması tələbinin gündəmə gəlməsidir. Məhəmməd Əsədullazadə deyir ki, bu səbəbdən vasitəçilər bir qədər fəallıq nümayiş etdirirlər. Ancaq Məhəmməd Əsədullazadə hesab edir ki. bütün halda həmsədrlərin problemin həlli istiqamətindəki fəaliyyəti heç bir nəticə verməyəcək ki, bu da bir neçə səbəblə bağlıdır: "İlk növbədə problemin həllinə vasitəçilik edən həmsədr ölkələr arasında olan problemlər, eyni zamanda onların regionda olan maraqlarının toqquşması qeyd edilən istiqamətdə uğurlu addımın atılmasını qeyri-mümkün edir. Digər tərəfdən xristian təssübkeşliyi faktoru da burada başlıca rol oynayır. Baxmayaraq ki, hər üç həmsədr ölkəni Azərbaycanla daha çox əlaqələr bağlayır və ölkəmizin regionda aparıcı dövlətə çevrilməsi həmin ölkələrlə əlaqələri daha da inkişaf etdirir, buna baxmayaraq xristian təssübkeşliyi məsələsi hər zaman problemin həllinə mane olur". Politoloq deyir ki, xristian təssübkeşliyi məsələsinin önəmli rol oynadığını bu günlərdə Gürcüstan prezidentinin Ermənistana səfərində də açıq şəkildə müşahidə etdik. Mərkəz rəhbəri hesab edir ki, Ermənistanla Gürcüstan arasında hər hansı bir sahədə uğurlu əməkdaşlığın mümkünsüzlüyü rəsmi Tbilisiyə də məlum olduğu halda, lakin yaxın qonşumuz məhz xristian təssübkeşliyindən irəli gələrək işğalçı ölkə ilə əlaqələrə üstünlük verir. Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, Gürcüstan prezidentinin İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi də məhz qeyd edilən təssübkeşlikdən irəli gəlir: "Gürcüstan prezidenti Salome Zurabaşvilinin Ermənistana səfəri çərçivəsində bu ölkə ilə demək olar ki, heç bir ciddi siyasi-iqtisadi müqavilə imzalanmadı. Bu adi işçi səfər olaraq, sadəcə balans saxlamağa hesablanmışdı. Həmçinin Fransada erməni lobbisinə görə bu səfər reallaşmışdı. Zurabaşvilinin ilk olaraq Azərbaycana səfəri göstərdi ki, Azərbaycan Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyan ölkədir. Ermənistan yalnız Gürcüstan üçün problem yaradan bir ölkə statusuna malikdir. . Qeyd edim ki, Zurabaşvili Bakıda "Region üçün ərazilərin işğalı və münaqişənin davam etməsi təhlükəsizlik üçün əsas problemdi"-bəyanatı Yerevanda ciddi narahatlıq yaratmışdı. Bu bəyanatdan sonra Zurabaşvilinin Ermənistana səfəri elə bir ciddi siyasi əhəmiyyət kəsb etmir". Politoloq deyir ki, Gürcüstanla Ermənistan arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırlması da mümkün deyil. Çünki, Ermənistan zəif ixrac və idxal əməliyyatına malikdir: "Gürcüstanın cənub istiqamətinə çıxış, xüsusi ilə İranla iqtisadi əməkdaşlığı ABŞ-ın sanskiyalarına görə mümkün deyil. Zurabaşvilinin Paşinyanla siyasi-iqtisadi əməkdaşlığı inkişaf etdirmək barədə danışıqları, danışıqlar olaraq qalacaq. Bir məsləni qeyd edim ki, Zurabaşvili Gürcüstanda azərbaycanlılar və ermənilər arasında sülh şəraitində yaşaması barədə qeydləri Yereavana mesaj idi. Ona görə ki, Ermənistan rəhbərliyi çalışır ki, Gürcüstanda etnik münaqişəni qızışdırsın, nəticədə Azərbaycan Gürcüstan əlaqələri zəifləsin. Son vaxtlar ermənilərin Gürcüstanda aktivləşməsi Yerevandan idarə olunaraq azərbaycanlılar əleyhinə yönəlmişdi.
Cənubi Qafqazda yalnız Azərbaycan-Gürcüstan əlaqələri öz inkişaf tempinə görə regionda təhlükəsizliyə xidmət edəcək".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR