Şəhriyarın ilk portetini çəkən bakılı rəssam: “Şairin Bakıya gəlməsinə mane olan adamların adını bilirəm” - MÜSAHİBƏ

Modern.az saytı ciddi sənət adamları və onların gizli qalan fəaliyyəti ilə bağlı silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin ən peşəkar davamçılarından biri Fəxrəddin Əlidir. Fəxrəddin bəy Güney sevdalısı kimi də tanınır. Şimali Azərbaycandan böyük Məhəmmədhüseyn Şəhriyarla ilk əlaqə quran sənətçi olmaqla yanaşı, onun portretini çəkən ilk rəssam kimi də tanınır. Modern.az saytı qocaman rəssamla Məhəmmədhüseyin Şəhriyarla əlaqəsi və ona həsr etdiyi portretin maraqlı tarixçəsindən danışıb:

- Şimali Azərbaycandan Şəhriyarla ilk kontakt quran sənətçi siz olmusuz?

- Bəli. Cənubi Azərbaycandan Bakıya gələn alim Qulamhüseyn Bəydili mənimlə tanış oldu və dedi ki, "bu yaxınlarda İrana gedəcəm, sən gəl Şəhriyarın əsərlərinə miniatürlər çək". Mən də "Heydərbabaya salam" poemasına 60-a yaxın miniatür işlədim. O, gözəl xəttat idi. Mən çəkdiyim miniatürlərə uyğun olaraq sözlər yazdı. İndinin özündə də Şəhriyara heç kəs müraciət etməyib. O, eynən Füzulinin aqibətini yaşayıb. Nizaminin, Xətainin əsərlərinə miniatür çəkilib, amma Füzuli qalıb kənarda...

- Amma deyəsən siz həm də elə Füzulinin əsərlərinə miniatürlər çəkmisiniz...

- Mən bütün klassiklərə miniatür çəkmişəm. Ədəbiyyatımızda Qətran Təbrizi, Dədə Qorquddan belə Əlağa Vahidə qədər hamısına miniatür çəkmişəm. Biz həmin adamla Şəhriyarın miniatürlərini çəkdik. Sonra o çıxdı getdi və qaldım tək ortalıqda.

- Portretin maraqlı tarixçəsi olub...

- Bəydili mənə dedi ki, "Şəhriyarın portretin çək, mən onu aparım". Dedim baş üstə. Şəhriyarın portretini işlədim. Düzdü, onun fotosuna baxdım, amma kompozisiya mənə məxsus idi. Dağlar, yaşıllıqlar və s. Mənzərələri də portretə əlavə etdim. Bəydili portreti Təbrizə aparanda mən onu yola saldım. Bizə imkan vermirdilər. Portreti keçirmək olmazdı. Bir yəhudi arvaddan naxışlı çərçivə almışdıq. Çox qədim və möhtəşəm çərçivə idi. Dedilər ki, yox buna icazə vermək olmaz. Nəhayət Bəydili bir siyasət işlətdi. Yalandan dedi ki, "bu mənim atamın portretidir, qoymaram ki, burda qalsın. O vaxtlar da ara qarışmışdı. Portretin kimə məxsusluğunu tanımadılar. Dedilər ki, "yaxşı apar. Amma bu çərçivəni qoparmalısınız. Nikolay dövründən qalıb". Əşi, Nikoloy dövründən qalıb nədi, Nikolay ona "peçat" basmayıb ki... Nə isə çərçivəni çıxartdıq. Dünya miqyasında bir qanun var ki, bir sənət əsərini başqa ölkəyə aparmaq olmaz. Gərək xüsusi komissiyada onun sənət dəyəri heçə endirilsin ki, həmin əsəri başqa yerə aparmaq olsun. Amma biz istəyirdik ki, Şəhriyar bu portreti görsün.

- Şəhriyar o portereti görə bildi ?

- 1990-cı ildə Tehranda Bəydilinin "Şəhriyarla görüş" adlı kitabı çıxmışdı. Bu kitabda Bəydili yazırdı ki, "mən ilk dəfə Şəhriyarın görüşünə çıxanda eyvanda durmuşdu. Yaxınına gəldim. İstədim ayağından öpəm, imkan vermədi, əlindən öpməyə çalışdı, yenə imkan vermədi, məni tanıyırdı. Məni gördü, ağladı görüşdük. Dedim, ay ustad, sənin Bakıdan bir portretini gətirmişəm. Orda Fəxrəddin adında bir nəqqaş var, o sənin portretini çəkib. Dedi hardadı portret? Dedim, aşağıdadı maşında. Tez düşdüm gətirdim. Çox şadlandı, kövrəldi də hətta".
Ondan sonra Bəydili Bakıya gələndə mən onun əsərlərinə çəkilmiş miniatürləri də verdim ki, Şəhriyara aparsın. Şəhriyar deyib ki, "Fəxrəddin bizim qardaşımızdı. Mən onun boynunu qucaqlayıb əllərindən öpürəm". Portret bu taydan o taya aparılan gözəl bir ərməğan oldu.
Sonradan Təbrizdə mənim Şəhriyara aid bir kitabım çıxdı. 15 miniatürüm də o kitabda var. Mən də sevindim ki, axır ki orda da mənim kitabım çıxdı. Kitabda Şəhriyarın mənə dediyi sözlər də yazılmışdı.


- Nə yazılmışdı ?

- Yazılmışdı ki, "əllərinə qurban olum, nə gözəl şəkillərdi. Məni indiyə qədər heç kəs saymayıb. Adımı belə tutmayıblar. O taylı qardaşımın göndərdiyi şəkil mənim üçün ən dəyərli hədiyyədir".

- Telefon danışıqlarınız da olub ....

- Bir gün həmin Bəydiliyə dedim ki, Şəhriyarın telefon nömrəsini mənə versin. Təbriz, Məqsudiyyə küçəsi, 38 nömrəli evdə yaşayırdı. Əvvəlcə oğlu götürdü. Sonra ustadın özünə verdi. Dedim ki, "ustad mənəm, Bakıdan sənin portretini çəkən Fəxrəddin". O bunu eşitcək çox kövrəldi. Şimaldan heç kəsin səsini eşitməmişdi. Onunla əlaqə quran ilk sənətçi mən olmuşam. Mən onunla danışanda nə Bəxtiyar Vahabzadə, nə də Süleyman Rüstəm onun səsini eşitmişdi. Yalnız Rüstəm Əliyev və Mübariz adlı bir nəfər onunla ünsiyyətdə olmuşdu.

- Həmin danışıqdan nə yadda qalıb?

- Deyirdi ki, "Fəxrəddin sənin əllərinə qurban olum". Cavab verirdim ki, "ustad elə demə, mən sənə qurban olum". Vəziyyəti çox ağır idi. Həyat yoldaşı da çox pis halda idi. Şəhriyar mənə deyirdi ki, "ay Fəxrəddin, kaş mən öləydim onun yerinə. Bu qoca vaxtımda nə balaya düçar olmuşam". Mən ona təsəlli verməyə çalışırdım. Çox vaxt ikimiz də kövrəlirdik. Atam yaşında kişi idi, onunla danışanda elə bil atamla danışırdım. Deyirdim ki, "ustad, hər şey yaxşı olacaq belə deməyin, biz sizin yolunuzu gözləyirik. Hətta arzumuz var ki, Bakı cavanları səni təyyarə limanından şəhərə qədər çiyinlərində gətirəcəklər". Amma onun gəlməyinə imkan vermədilər. Vaqifin 250 illiyilə bağlı Şəhriyara dəvət göndərmişdilər. Amma imkan vermədilər ki, o Bakıya gəlsin. Məktubu aparıb Pakistanın Şəhriyar adlı şairinə verdilər. Bilərəkdən verildi ki, bizim Şəhriyara məktub çatmasın. Çatmadı da. Tədbir qurtardı. Bizim də istəyimiz alınmadı. Danışmışdıq ki, Şəhriyarı çiynimizdə gətirək.
O dövrdə icazə vermədilər. SSRİ Yazıçılar İttifaqı, Azərbaycan Yazıçılar İttifaqı, nə bilim "Lenin" mükafat laureatları onun bura gəlməsinə imkan verməzdilər. Şəhriyarın bu cür nüfuzla qarşılanmasını qəbul edə bilmirdilər. Odur ki, hər hansı bir yolla onun bura gəlməsinin qarşısını aldılar. Çünki Şəhriyar bura gəlsəydi, onlar heç olacaqdılar.

- Buna imkan verməyənlər kimlər idi ?

- O şəxslərin adlarını deyə bilmərəm. Moskva icazə vermədi. Moskvada komissiyanın sədri Mirzə İbrahimov məni kənara çəkərək Şəhriyarın Bakıya gəlməsini əngəlləyən insanların adını qulağıma pıçıldadı.
Amma mən həmin vaxtı da boş oturmadım. Bir kitab çıxartdıq. Adını da "Aman ayrılıq" qoyduq. İçərisində isə mənim miniatürlərim getdi. Bu oxucular arasında böyük rəğbətlə qarşılandı. Sirus Təbrizi mənim kitabımı görəndən sonra televiziyada böyük bir veriliş hazırlamağı tövsiyə etdi. Süleyman Rüstəmi də dəvət etdilər. Süleyman Rüstəm gəlmirdi. Nahid Hacızadə yalandan aldatdı ki, bəs "Şəhriyarın da səsini eşidə biləcəyik". Rübabə Muradova da orda idi.
Şəhriyarın əsərlərini mənim həmişə yaradıcılıq diqqətimdə olub.

- Şəhriyarla bağlı daha nələr etmisiniz?

- Seçilmiş əsərlərini buraxmışam. Mənim xeyli miniatürlərim də o əsərlərin içində var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31