Elşən Nəsibovun yeni kitabı çapdan çıxıb

Siyasətşünas-alim, yazıçı-publisist Elşən Nəsibovun (Elşən Ardıcın) "Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında-Azərbaycandilli yazılarda. Kənd həyatından bəhs edən yazılar: 1960-1980-ci illərin əhatəsi. İkinci kitab",-başlıqlı kitabı çapdan çıxıb. Kitab  "ARDIC" Hərəkatının təqdimatıdır. 
Kitabda "Sovet Ermənistanı" qəzetində,  qeyd edilən dövrdə kənd haqqında dərc olunmuş məqalələrin məcmusu toplanmış və yazılara müəllif tərəfindən şərh verilmişdir. Kitab iki bölmədən ibarətdir: birinci bölmədə qəzet məqalələrinin mətni verilmiş, ikinci bölmədə isə məqalələrin orijinal mətnlərinin qəzetlərdən götürlümüş şəkillərinin surətləri əks olunmuşdur. 
Kitabın mövzusu bunlardan ibarətdir. Belə ki, məqalələrdə qeyd olunduğu kimi,  Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının, Yaqublu (Quqark) rayonunun Arçut kəndi XX əsrin ortalarında və 70-80-ci illərində tərəqqi, çiçəklənmə dövrünü yaşamış, inkişaf mərhələsinə qədəm qoymuşdur. Kənd təsərrüfatında əsaslı dönüş yaranmış, kolxoz sovxozla əvəz edilmiş, kənddə infrastruktur yaradılmış, kəndin elektriklə, telefonla təmin edilməsi həyata keçirilmişdir. Bu qədim yaşayış məskənində poçt və rabitə xidmətləri yaxşılaşdırılmış, şəhərlə əlaqədə avtobus nəqliyyatının əhəmiyyəti artmış, yeni mədəniyyət klubu fəaliyyətə başlamışdır. Yeni və müasir tələblərə cavab verən məktəb binası inşa olunmuş, məktəblərdə mədəniyyət dərnəklərinin fəaliyyəti gücləndirilmişdir. Mədəni tədbirlər geniş vüsət almışdır.  Təsərrüfatlarda mexanizmlərin tətbiqi üsulları genişləndirilmişdir. Qeyd edilən dövrdə yaşayış  evlərinin, təsərrüfatların sayı artmış, yeni-yeni ailələr formalaşmışdır. Əməkdə fərqlənməyə görə kənd sakinləri orden və medallarla təltif edilmişdir.  Bu və digər proseslər mətbuat səhifələrində geniş işıqlandırılmışdır. 
Media, bu baxımdan televiziya, radio və mətbuat informasiya daşıyan, yayan və aidiyyatı ünvanlara çatdıran vasitələrdir. Bu vasitələr hadisələrin təfərrüatını, forma və məzmununu subyektlərə təqdim edir. Hadisələrin zahiri və daxili görkəmini məkanlarda yayır, əks etdirir.  Bununla da hadisələrlə onu bilənlər arasında zaman və məkan bağlılığı yaradır. Hadisələr zamanda və məkanda baş verir.  İnformasiya daşıyan vasitələr zamanı bir-birinə bağlaya bilir. Keçmişi indiki zamana və gələcəyə pərçimləyir. Məsələn, qəzetlərdə saxlanılmış informasiyalarla tanışlıq keçmişlə tanışlığı və prosesləri aydınlaşmanı özündə ifadə edir. Keçmişin dərk olunmasında mühüm vasitələr olaraq çıxış edir. 
Hadisələrin gerçəkliyi ilə tanışlıq üçün media vasitələri həlledici rol oynayır.  Keçmişin dərk olunması məkan doğmalığını meydana gətirir. Materiallarla tanışlıq mövcud zamanda hadisələrin dərk olunmasının əsaslarını özündə ifadə edir. Keçmiş mövcud və gələcək zaman üçün yaddaş təqdim edir. 
Arçut (Ardıc) kəndi 1960-1988-ci illərdə şərəfli və ləyaqətli bir yol keçib. Kənd sakinləri otuz ilə yaxın olan bir müddətdə zəngin irs yarada biliblər. Ötən müddət ərzində kənddə xeyli sayda əlamətdar hadisələr yaşanıb. Ümumiyyətlə,  qeyd etmək yerinə düşər ki, Sovet Ermənistanının  1929-1988-ci illəri  əhatə edən dövrü ölkənin qızıl dövrü kimi xassələnə bilər. Sovet hökuməti Ermənistana, o cümlədən orada yaşamış azərbaycanlılara tərəqqi, çiçəklənmə, rifah, inteqrasiya, inkişaf, sağlamlıq, hörmət, diqqət və qayğı, nüfuz və sadalamaqla bitməyən dəyərlər bəxş etmişdir. 
Kitabda 1960-1980-ci illərdə Arçut kəndində hansı  sahələrin  inkişaf etməsi araşdırma obyekti olmuşdur. Sahələrin inkişafı bir-birini şərtləndirmişdir.    1929-1959-cu illəri əhatə edən eyniadlı kitabın birinci hissəsinin davamı olaraq sahələrin xüsusiyyətləri də periodik olaraq araşdırma obyektinə cəlb edilmişdir.
Kəndin sürətlə böyüməsinin əsasları diqqət mərkəzində olmuşdur. Sahələrin bir-birini zəncirvari qaydada şərtləndirməsi və sahəvi, eləcə də ümumi inkişafın tendensiyalarının formalaşma əsasları araşdırma məqsədinə çevrilmişdir. Tezislər, mətn başlıqları 1960-cı ildən başlayaraq 1988-ci ilə qədər  hər beşilliyi nəzərdə tutmuş və nəticə etibarilə mövzunun əsasları formalaşdırılmışdır. 
Kitab Qərbi Azərbaycanlılar, o cümlədən bölgə ilə maraqlanan bütün oxucular, tədqiqatçılar üçün maraqlı ola bilər.
Onu da qeyd etmək yerinə düşər ki, kitab 1970-1980-ci illərdə Arçutun təsərrüfat, mədəni, sosial  və siyasi həyatını  "Sovet Ermənistanı" qəzetində öz yazıları ilə ardıcıl qaydada işıqlandırmış, ziyalı, müəllim, jurnalist arçutlu mərhum Şura Dilbazovun əziz xatirəsinə ithaf olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31