Cütlüklərin aktual problemindən biri də ünsiyyətdir
Bu gün bir çox ailələrdə yaşanan bəzi həlli mümkün olan problemlər, münaqişələr ilk növbədə onların, daha sonra isə ətrafdakı insanların xoşbəxtliyinə mane olur. Əgər, ailədə övlad varsa, o zaman problem daha da kritik həddə çatır. Bəzi ölkələrdə bu cür ailələrə yardım etmək üçün ailə psixoloqları, psixoterapevtlər fəaliyyət göstərir. Şəbnəm Sadıqova məkan olaraq, Türkiyədə fəaliyyət göstərən, lakin, online terapiya ilə hər kəsin yanında olan, münasibətlər üzrə uzman psixoloqdu. Ailələrin ilkin problemlərinə, onların həlli yoluna aydınlıq gətirmək üçün Şəbnəm xanımla olan müsahibəni sizlərə təqdim edirik.
27 Mart 2017 14:27 Müsahibə"Uzun evliliklərdə bir müddətdən sonra asılılıq, bağlılıq, itaətkarlıq yaranır."- Şəbnəm Sadıqova
Bu gün bir çox ailələrdə yaşanan bəzi həlli mümkün olan problemlər, münaqişələr ilk növbədə onların, daha sonra isə ətrafdakı insanların xoşbəxtliyinə mane olur. Əgər, ailədə övlad varsa, o zaman problem daha da kritik həddə çatır. Bəzi ölkələrdə bu cür ailələrə yardım etmək üçün ailə psixoloqları, psixoterapevtlər fəaliyyət göstərir. Şəbnəm Sadıqova məkan olaraq, Türkiyədə fəaliyyət göstərən, lakin, online terapiya ilə hər kəsin yanında olan, münasibətlər üzrə uzman psixoloqdu. Ailələrin ilkin problemlərinə, onların həlli yoluna aydınlıq gətirmək üçün Şəbnəm xanımla olan müsahibəni sizlərə təqdim edirik.
- Geniş qucaq adlandırdığınız ailədə sizə ən çox hansı problemlərlə müraciət edirlər?
- Qucaq yerinə, tikanlı toxunuşlardan və ya iqnor edilməkdən alınmış yaralar, zədələr üçün müraciət edirlər. Bu ya özünü münaqişələrlə biruzə verir, ya cinsi problemlərlə, ya mənəvi dəyər fərqlilikləri ilə, ya da kənar müdaxilələrlə. Yaxud da, ən ağırı: ünsiyyətsizliklə. Terapiya bəzən bir ümid gözləntisidi. Bəzən nəyin baş verdiyini anlamaq üçün tutulan ayna, bəzənsə də sağalma müddəti. Bu yolu bərabər yeriyirik. Eyni addımlarla. Bu, ilk əvvəl zaman maşını ilə səyahətə bənzəyir. Sonrası isə bir ağac əkməyə. Tərkibində böyük zəhmət və məsuliyyət var.
- Aralarında yaş fərqi çox olan və ya eyni yaşlı ailələrdə ən çox hansı problemlər yaşanır ?
- Səhv bilinən məsələlərdən biri budur: zidd qütüblərdə, xarakterlərdə olan insanlar bir-birini cəzb edir, daha uzunömürlü birlikdəlikləri olur. Bu belə deyil. Ortaq dəyərləri, uyğun dünyaları olan insanlar daha möhkəm münasibət qurur və davam etdirə bilir. Buraya böyüdükləri ailə şəraiti də daxildir. "Yaş fərqliliyi və ya eyniliyi onları problemə aparacaq" şəklində bir qəliblə düşünə bilmərik. Orta məktəbdən tanış olub, evlənən və uzun evlilik yaşayan cütlüklər olduğu kimi, arada 12 yaş fərqlə ər-arvad, ata-qız rollarını dəyişərək bir-birini doyuran və yenə uzun müddət evlilik sürən cütlüklər də var. Əgər cütlüklərin aktual problemindən danışsaq, ən başda ünsiyyət çətinliklərindən söhbət edərik. Cütlüklər bir - birləri ilə danışa bilmirlər. Duyğu və düşüncələrini davranışa tökürlər. Qarşıdakına problemi davranışla bildirməyə çalışırlar. Səssiz film oyununu xatırlayın. Siz, 2 kəlimədən ibarət film adını ifadə etməyə çalışarkən, sizi izləyən insanlar müxtəlif, fərqli fikir bildirirlər. Dəfələrlə eyni hərəkətləri etməli olursunuz, o zamana qədər ki, aranızda sizinlə eyni fikri daşıyan bir insan çıxacaq. Bu, zaman itgisindən və gərginlikdən başqa birşey deyil. Problemin həlli kimi görünən, çarəsiz çırpınışlardır.
- Problemsiz ailə sağlam düşüncəli, azad fikirli övlad deməkdir. Problemsiz ailə üçün ilkin olaraq hansı amillərə önəm yetirmək lazımdır?
- Problemsiz ailə və oksigensiz həyat, eyni mənaya gəlir. Bəzən aldığımız artıq oksigen belə bizə mənfi təsir edə bilər. Lakin, varlığı yararlıdı, onsuz mümkün deyil. Problem olmalıdır ki, insan təcrübə qazansın. Həm bu problemi yaşayarkən özünü (mənini) qidalandırsın, həm də onun həllindəki bacarıqlarını təkmilləşdirsin. Problemsiz ailənin olmağı mümkünsüzdürsə, o zaman, sağlam düşüncəli, azad fikirli övladı necə böyütməli sualına gələk. Ən təməl məsələ: uşağa, onun problemlərinə, bu problemlərin həllindəki bacarıqlarına şans vermək, şərait yaratmaq və hörmət etmək. Uşaqdan əvvəl isə bunları özünə və partnerinə qarşı yönləndirmək. Uşaq onsuz da valideynlərini özünə rol modeli alır. Şüurlu ya şüursuz. Bundan qaçış yoxdur.
- Müəyyən müddətdən sonra ailələrdə "münasibət yorğunluğu" yaranır. Statistikada boşanmaların çoxunu uzun illərin ailələri olduğunu görürük. Ailələr bu cür "yorğunluğu" necə aradan qaldıra bilərlər?
- Əslində, uzun evliliklərdə bir müddətdən sonra asılılıq, bağlılıq, itaətkarlıq yaranır. Ailədə şiddət görən və ya inkar edilən qadınlar evliliyi davam etdirmək üçün özlərinə bu şəkildə təsəlli verirlər: övladım üçün dözürəm. Bəs övlad bunu istəyirmi? Belə bir ailə modelini görərək, travmalı böyümək istəyirmi? Bəzən uzun amma problemli evliliklərin bitməyində uşaqlar rol oynayır.
- Problemlərin məxfiliyinin qorunmasında ən çox hansı cinsin nümayəndələri həssas yanaşır?
- Əgər bu problem cinsi sağlamlıqla bağlıdırsa, məxfiliyinin qorunmasına adətən, kişilər daha qabarıq yanaşırlar. Qarşılaşdığımız digər problem isə onların həkimə getməmək üçün inad göstərmələridir. Çünki, cəmiyyətin qəddarca etdiyi bir basqı var: "əsl kişi", "kişi dediyin", "kişilik" və s. şəklində başlayan cümlələr insanlara həm maddi və həm də mənəvi bir basqıdı. Problem ondan qaynaqlanmasa belə, kompleksə düşürlər. Çünki, yaşadığı bioloji və ya psixoloji bir problemi öz kişiliyi, mənliyi, varlığı ilə əlaqələndirirlər. Halbuki, istər qadında, istərsə də kişidə hər hansısa cinsi problem varsa, bu digər fiziki və ya ruhi narahatçılıqlarla eyni cəbhədədir. Dişi ağrayan insan necə müalicəyə ehtiyac duyursa, cinsi sağlamlığında problem olan insan da eyni ilə davranmalıdı. Hər ikisinin də şəxsiyyətlə heç bir əlaqəsi yoxdur. Bu problemlər sağlamlıqla əlaqəlidir. Problemin yaranmağını çox zaman biz kontrol edə bilmərik, lakin, aradan qalxmağı əksər hallarda bizim öz əlimizdədir.
- Bildiyimiz kimi Türkiyədə fəaliyyət göstərirsiniz. Azərbaycan ailələri ilə Türk ailələrini müqayisə etdikdə problemə yanaşma tərzlərini, cütlüklərin bir - birlərini anlamalarını, müqayisədə normal ailə ortamına daha çox hansı cəmiyyətdə rast gəlirsiniz?
- Normal ailə anlayışı biraz nisbi məsələdir. Bunun bir qəlibi yoxdur. Lakin, iki cəmiyyətin yetişdirdiyi cütlükləri müqaisə etsək, Türkiyədəki əksər qisim danışmağı yaxşı bacarır. Duyğu və düşüncələrini ayırd etmək, problemə yönəlik fərqindəlik və həlli axtarmaqda effektiv yanaşmaları var. Bizim cütlüklər isə öz iç dialoqlarında belə çətinlik çəkirlər. Nəinki partneriylə danışmaq və yaxud da problemin həllinə yönəlik addımlar ata bilmək. Bizdə valideynlər övladları ilə yox səviyyəsində ünsiyyət qururlar. Bu da onların üçün gələcək illərdə böyük əngəllər yaradır. Yoxluğun yaratdığı əngəllər. Əyni qalındır, qarnı toxdurla olmur uşaq böyütmək. Uşaqlarla ünsiyyət qurmaq lazımdır.
- Azərbaycan gəlinlərinin hər zaman bir nömrəli problemləri qaynana olub. Ayrılan ailələrdə səbəb daha çox qaynanalar göstərilir. Türkiyəli qaynanalarda bu "güc"hələ də qüvvədədir?
- Ananın oğluna olan hədsiz bağlılığı bir çox şərq ölkələrində əsas problemlərdəndir. Nəinki Azərbaycanda və Türkiyədə. Ərindən sevgi, hörmət görməyən qadınlar, övladlarına aşırı yönəlməyə başlayırlar. Hətta övlad sahibi olmağı da çox zaman bunun üçün istəyirlər, "mənə aid birşey olsun bu həyatda, istədiyim kimi böyüdəcəyim, mənə layiq olacaq, dəyər verəcək biri" və s. Yəni, ərtafdakıların mənə olan münasibətini, davranışını kontrol edə bilmədim, uşağım olsun ki, tamamilə onu təsirim altına salım, özümü də ona həsr edim. İdeal böyüdüm, hətta zaman-zaman qisasımı da ona aldırım. Beləliklə, övlad tamamilə ananın ağuşunda böyüyür. Ana övladı ilə özünü tam hiss edir, lakin, analar belə edərək övladlarını yarım etdiyindən xəbərsizdirlər. Bütün bunlar şüursuzca baş verir. Qadın bilərəkdən, planlı şəkildə qurmur bu oyunu. Yaşantılar, yarımçıqlıqlar ona belə bir çıxış yolunu təqdim edir. Və zaman gəlir çatır övladı bir başqasına "verməyə". Söhbət oğul övladdan gedirsə, bu ana üçün bir zərbədir. Təbii ki, də imkan tapdıqca "rəqibindən" acığını çıxacaq.
Məsələni dolayı yoldan gətirsəm əgər, evliliklərin dağılmağına birbaşa səbəb qaynana deyil. Buna həm kənar müdaxilələr təsir edir, həm də patoloji bağlılıqlar.
- Övladdan istifadəyə həm birgə yaşayan ailələrdə, həm də boşanmış ailələrdə tez - tez rast gəlirik. Birincidə ən çox qadınlar, ikincidə isə həm qadınlar, həm də kişilər istifadə edir. Niyə istifadə obyekti kimi övlad seçilir? Uzun illər, əsrlər keçməsinə baxmayaraq, nə kişi, nə də qadın bunun hansı problemlər yaradacağının fərqində deyillər və deyəsən, hələ çox zaman fərqində olmayacaqlar. Bunu tərəflərin zəifliyi kimi əlaqələndirə bilərikmi?`
- Boşanma ərəfəsində olan və ya boşanan cütlüklərin əksəriyyətində uşaq ya poçtalyon rolunu oynayır, ya da cəza metodunu. Poçtalyon ona görə ki, uşağa "get atana(anana) de ki" ilə başlayan missiyalar verilir. Böyüklərin bir-birlərinə deməli olduğu sözləri uşaq arada daşıyır. Bunun onu necə əzdiyini, bəzən valideynlər görməzdən gəlir. Cəza metodu ona görə ki, uşağı göstərməyərək bir tərəf, digərindən intiqam alır. Lakin, uşağın nə hiss etdiyi, nə istədiyi soruşulmur. Bütün bunlar onun inkişafına ciddi təsir edir. Əksər uşaqlarda depressiya müşahidə edirik. Uşaq azyaşlıdırsa, dərdini danışa bilmədiyi üçün problem fərqli şəkillərdə ortaya çıxır: altını islatma, dırnaq yemə, qusmaq, tez-tez xəstələnmək, bağırsaqlarında pozulma və s. Valideynlərin bu vəziyyətdən agah olmaqları, aralarındakı aqressiyanı uşağa yansıtmamaqları, ona baş verənləri yetişkinlə danışırmış kimi danışmaqları lazımdır. Ata ana bir - birindən ayrıla bilər, lakin bu onların analıqdan və atalıqdan imtina etdikləri anlamına gəlmir.
- Son günlər bildirildi ki, facebook çox sayda ailələrin dağılmasına səbəb olub. Bu fikir ətrafında mübahisələr hələ də davam edir. Psixoterapevt kimi sizcə, sosial şəbəkələr ailələrin ayrılmasına səbəb ola bilər?
- Ailələrin dağılmasına vəya birləşməsinə səbəb sosial şəbəkələr deyil. Bu sadəcə bir vasitədir. İnsanların məlumat alış-verişinə, özünü və qarşıdakını tanımağa, öyrənib-öyrətməyə və s. köməkçi olan bir vasitə. İnternetin olmadığı dövrlərdə də ayrılıqlar, xəyanətlər olub. Bir günahkar axtarılırsa, bu sosial şəbəkələr deyildir.
- Qadınlarda və ya kişilərədə bir - birlərinə qarşı olan inamsızlığı aradan qaldırmaq üçün nələri məsləhət görərdiniz?
- Qadın və ya kişi - hər ikisi stereotiplərdən azad olmalıdırlar. "Kişi belə olar", "qadın belə olar" kimi qəliblərdən uzaqlaşsınlar artıq. Bir-birlərini çılpaq gözlə tanımağa, olduqları kimi qavramağa, qəbul etməyə çalışsınlar. Güvən problemi varsa, bu barədə bir - birləri ilə söhbət etsinlər, danışsınlar. Hazır mövzudur. Sadəcə danışmaq lazımdır. Ya ikilikdə, ya da terapist vasitəsilə.
Telefonunuz xarab olanda, ona arxanızı çevirib "sənə güvənmirəm, səndən şübhələnirəm, məndən uzaq dur!" - deyirsinizmi? Problemin nədə olduğunu aydınlaşdırmaq və çözmək üçün, onu da götürüb, ustaya gedirsiniz. Münasibətlərdə də zaman-zaman nasazlıqlar ola bilir. Əl-ələ verib, bunun nədən qaynaqlandığını araşdırmaq və çözümünə enerji ayırmaq lazımdı. Problemi qarşınıza qoyub, onun haqqında partnerinizlə danışmağa başlayın. Onu eşidin, dinləyin, anlayın daha sonra bu haqda düşünüb, qarşınızdakı insanla düşüncənizi paylaşın.
- Online terapiya ilə hər yerdə fəaliyyət göstərirsiniz. Məkan olaraq isə Türkiyəni seçdiniz. Bunu Azərbaycanda hələ də münasibətlərindəki problemləri psixoloqlara, uzmanlara söyləməkdə çətinlik çəkənlərlə əlaqələndirmək olar?
- Ölkəmizdən ilk gedişim deyil bu. Daha öncə də 18 aylıq müddətdə Hollandiyada yaşayıb, ixtisasımı təkmilləşdirmişəm. Online terapiya vasitəsilə insanlara yardım etməyə Azərbaycanda ikən (3 ilə yaxındır) başladım. İlk dəfə online görüşməyə insult keçirmiş bir pasientlə başladıq, sonra isə Rusiyada yaşayan bir cütlük qoşuldu. O vaxta qədər insanlar iş yerimin yaxınlığında ev kirayələyirdilər. Hər həftə görüşdüyümüz üçün, yaxında olmaq istəyirdilər. Ancaq bunu hərkəs edə bilmirdi. Həm yaşadığı ölkə, şəhər, həm iş rejimi səbəbindən, həm də maddiyyata görə. İndi çox rahatlıqla terapiyalarını ala bilirlər.
İnsanların psixoloji məsələlərlə bağlı müraciətlərində artış var. 2009 - cu ildən bəri bu sahədə işləyirəm. İldən-ilə insanların daha məlumatlı, psixi sağlamlıqlarına daha həssas yanaşdıqlarını müşahidə edirik. Burada, yazılan məqalələrin, aparılan araşdırmaların çox böyük rolu var. Son dövrlərdə, cütlüklər evlilikdən əvvəl terapi dəstəyi almağa başlayıblar. Biz evlənmək istəyirik, amma buna hazırıqmı, doğru zamandırmı, cinsi məlumatlarımız yetərlidirmi, evin büdcə bölgüsü münasibətimizə təsir edərmi və s. kimi suallarla doludurlar. Psixi sağlamlığımızın qayğısına qalmaq, həytımızın istənilən anında işimizə yarayır. Bunun üçün sadəcə, gecikməmək lazımdır. Bütün sahələrdə erkən müdaxilə önəmlidir.
NigarNigar