Avropanın Türkiyə jesti
Türkiyənin getdikcə artan nüfuzu, Yaxın Şərqdə regional güc amilinə çevrilməsi reallığı artıq Qərbdə də acı da olsa qəbul edilməkdədir. Bunu son həftələr ərzində rəsmi Ankaraya qarşı sərgilənən münasibətlərdən də aydın görmək mümkündür.
27 Yanvar 2017 14:44 DünyaQoca qitə Ankara ilə münasibətləri istiləşdirmək istəyir
Türkiyənin getdikcə artan nüfuzu, Yaxın Şərqdə regional güc amilinə çevrilməsi reallığı artıq Qərbdə də acı da olsa qəbul edilməkdədir. Bunu son həftələr ərzində rəsmi Ankaraya qarşı sərgilənən münasibətlərdən də aydın görmək mümkündür. Dünənə qədər Türkiyənin Rusiya ilə birgə Yaxın Şərqdə, xüsusilə Suriyada mövcudluğunu heç cür qəbul etmək istəməyən Qərb, Avropa, bu gün ona sarı çevrilir, Ankaranın mövqeyinə əvvəlki kimi sərt təpki göstərmir. Düzdür, burada hər nə qədər Rusiya amili olsa da, lakin Türkiyənin qətiyyəti, ortaya qoyduğu siyasi iradə də Ankara ilə Qərb, Avropa arasında mövcud olan buzların əriməsinə imkan yaradır. Artıq Yaxın Şərqin, xüsusilə Suriyanın tamamilə onların maraq dairəsindən çıxdığını düşünən Qərb, Avropa Türkiyə vasitəsilə regiondakı maraqlarını müəyyən mənada təmin etməyi planlayır. Yəni bir növ qarşı tərəf Türkiyəni vasitəçi qismində görür. Maraqlısı isə odur ki, bu isti münasibət yalnız Qərb, Avropa institutları ilə kifayətlənmir. Həmçinin ayrı-ayrı Avropa dövlətləri də Türkiyə ilə münasibətlərə yenidən nəzər salmağa, onunla əlaqələri normallaşdırmağa çalışırlar. Bu mənada Fransa və Danimarkanın qondarma erməni soyqırımı ilə bağlı məsələdə ortaya qoyduğu yanaşmanı misal göstərmək olar. Məlumat üçün qeyd edək ki, bu günlərdə Danimarka parlamentində qondar erməni soyqırımı haqqında qanunun qəbul edilməsi məqsədilə qanunverici orqana layihə təqdim edilib. Lakin qanunverici orqanda təmsil olunan siyasi partiyaların böyük əksəriyyəti belə bir qanunun qəbul edilməsinə lüzum görməyərək onu rədd ediblər. Düzdür, bu məsələdə hər nə qədər adıçəkilən ölkədə fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının rolu olsa da, ancaq Türkiyəyə qarşı olan münasibət, qardaş ölkənin regional gücü və nüfuzunun artması da nəzərə alınmalıdır. Eyni zamanda Fransa da bir neçə il əvvəl yol verdiyi tarixi xətanı aradan qaldıraraq "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv edib.
Bəs görəsən Avropada birdən-birə Türkiyəyə qarşı isti münasibətin meydana gəlməsinin başlıca səbəbi nədir?
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu deyib ki, Fransa Konstitusiya Məhkəməsinin "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv etməsi ilk növbədə baş verən proseslər fonunda Avropanın Türkiyəyə münasibətini dəyişdirmək məcburiyyətində qalmasından xəbər verir: "Diqqət edin. Bir tərəfdən daha çox daxili auditoriyaya hesablanmış siyasət izləyəcəyini, eləcə də Rusiya ilə münasibətləri daha isti məcraya salmağı düşünən Birləşmiş Ştatlar prezidenti Donald Trampın məlum açıqlamaları, bununla da faktiki olaraq Rusiya ilə qoca qitənin ziddiyyətli və kəskin münasibətərinin davam etdiyi zamanda bu iki tərəfin baş-başa qalması, digər tərəfdən də Avropa ilə münasibətləri son rdərəcə kəskinləşən Türkiyənin Rusiya ilə münasibətlərinin normallaşması, hətta bir çox prinsipial məqamlarda ortaq məxrəcə gəlmək cəhdlərinin edilməsi. Bütün bunlar təbii ki, Avropanı bəzi qərarlarından vaz keçmək məcburiyyətində buraxacaq. Gördüyünüz kimi, ilk
addımlar da elə qoca qitəinin iki lider ölkəsindən gəldi: paytaxtında PKK-ya siyasi çadır qurmasına icazə verən və hətta onu polisi ilə mühafizə edən Almaniya 2 gün əvvəl, 2013-cü ildən bu terror təşkilatının Almaniyadakı fəaliyyətinə rəhbərlik edən liderlərini həbs edir. Bu həbsdən bir gün sonra, Fransa Konstitusiya Məhkəməsi "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv edir. Təbii ki, Avropanın Türkiyəyə ünvanlanmış bu tip referansları davam edəcək. Məqsəd, ən azından Ruriya ilə münasibətlərinin normallaşması üçün Türkiyədən bir vasitəçi kimi istifadə etməkdən tutmuş, Yaxın Şərq siyasətində daha aktiv və indilikdə qalib tərəf kimi görünən Əsəd-İran-Rusiya üçlüyünə qarşı müəyyən bir avantajlar əldə edə bilməyə qədər geniş spektri əhatə edir. Təbii ki. bütün bu məqamlarda Türkiyə, qoca qitə üçün yeganə, alternativsiz müttəfiqdir". Bəs, Türkiyə, bu atılan addımlarla kifayətlənərək, ondan gözlənilənləri edəcəkmi? Politoloq deyir ki, bu bir qədər mübahisəlidir: "Türkiyənin Avropadan gözləntiləri bəllidir. Terror məsələsində ikili yanaşmaya son qoyulması, Avropa Birliyinə üzvlük məsələsində obyektiv yanaşma, viza problemlərinin həlli, NATO ölkəsi olaraq Yaxın Şərq siyasətində dəstək. Hər halda indiki dönəmdə, Avropanın sadalanan məsələlərin haməsında və tam olaraq olmasa da, müəyyən qədər yumuşalmalara və güzəştlərə gedəcəyini düşünmək olar. Təbii ki, Türkiyənin Avropaya münasdibətdə qarşılıqlı olaraq hansı addımlar atacağı da indi çox maraqlıdır".
Füzuli