Diplomatik gediş - İYNƏ -YUMOR

2005-ci il. Gürcüstanın paytaxtı Tiflis şəhəri. Gürcü, erməni və azərbaycanlı jurnalistləri görüşür. Mövzu dostluq, qardaşlıq və Qafqazda sülhün bərqərar olunmasıdır. Azərbaycan jurnalist nümayəndə heyətinin rəhbəri Aqil Abbas danışır:

- Ə bu ermənilərlə dostluq-zad mümkün deyil. Bunlarda etibar deyilən bir şey yoxdu. Babam danışırdı ki, 1905-ci ildə uşaqlarla yığışıb Xankəndinə çimməyə getmişdik. Çaydan çimib çıxdıq ki, paltarlarımızı oğurlayıblar...

Bu zaman ermənilər etiraz edirlər:

- Gopa basır! O vaxt Qarabağda biz yaşamırdıq.

Aqil Abbas təmkinlə:

-Elə mən də bunu sübut etmək istəyirdim də...

Jurnalist qabadayı pozasında əcayib görünür

Qorxu, mafiya filmlərindən zəhləm gedir. Mümkün qədər uşaqlar bundan uzaq tutmağa çalışıram. Yazıçıların əsərlərini, jurnalistlərin humanizmi, insanlığı tərənnüm edən publisistik yazılarını, köşələrini oxumağa üstünlük verirəm, uşağlara da oxuduram. Amma arada jurnalistlərdən elə gözlənilməz jestlər və hərəkətlər görürəm ki, Polad Alemdarın, Süleyman Çakırın hərəkətləri toya getməli olur. Bir də görürsən adı qulağına dəymiş biri qara eynəkdə şəkil çəkdirib facebooka qoyub. Gözündə qar eynək, əlini qabağa uzatmış. Ay qardaş, nə olub axı? Nə haraydı? Əli Mirəliyev demiş, studiyada günəş vardı? O eynəyi niyə taxmısan? Bu nə kabadayı pozasıdı belə? Yazar dediyin ədalətli olmalı, düzlüyü, doğruluğu, insanlığı təbliğ etməlidi. Ədaləti, insanlığı təbliğ edəndə də, adil, insan kimi görünməlidir. Daha qabadayı qılığına girməməlidir. Hələ bu harasıdır, "Qurtlar vadisi" serialının təsiri ilə çiyninə qara palto atıb şəkil çəkdirən jurnalistlər də vardı. Bir gənc yazar da var, adı qulağına dəyənlərdəndir. Köşə yazısına yekə, monitorun yarısını tutan saqqalda, paltoda şəkil qoyur. Pah atonnan, görməmiş yiyəsi. A bala, nədi, nə olub? Oxucuya fikrini çatdıracaqsan, yoxsa racon kəsəcəksən? Nə isə, dostlar,  vallah jurnalist qabadayı qiyafətində çox əcaib görünür.

İlin hit şeiri

"İynə"nin əməkdaşı Əhmədalı Qayaların keçən il elə bu vaxtlar qələmə aldığı "Xatırlayacaqsan" şeiri "Puşkin fondunun" "Ədəbi qıjı" mükafatına təqdim olunub. Ümid edirik ki, şeir mükafat alacaq. Şeirdən bir parçanı şeirsevərlərə təqdim edirik. 

Baxıb facebook şəkillərimə

Yoğranın altında ağlayacaqsan

Köçürüb hamısını telefonuna

Gizli "papka"larda saxlayacaqsan.

*** *** ***

Utanma layk elə yazdıqlarımı

Gülümsə yalandan, görsün düşmənin

Mən də printerdə çıxarıb elə

Profil şəklini küfr edim sənin. 

Allah gözünü doydursun!

Balıq ovunda tanınmış çoxdanışan şairlərdən birinin toruna qızıl balıq düşür. Balıq yazıq-yazıq dillənir:

- Şair, məni buraxsan, üç arzunu yerinə yetirərəm...

- Deməli, belə: İsveçrə bankında 10 milyon dollarım olsun! Bodrumda 3 mərtəbəli villam olsun! Axırıncı poemam dövlət mükafatına layiq görülsün! Bu bir!..

Balıq deyir:

- Ondansa bir arzu tut: "Allah gözümü doydursun".

"Birdəfəlik düzəltdirib aparım"

Jurnalist Tofiq Türkelin gənc vaxtlarıdır. Bir gün Türkelin yolu təsadüfən şəhərə düşür.

Kəndə əliboş qayıtmaq istəmir. Çox fikirləşəndən sonra gedib bir vedrə alır. Sonra nə fikirləşirsə, mismarla təzə vedrənin altını deşir, aparıb dəmirçiyə verir ki, təmir eləsin. Dəmirçi təzə vedrəyə baxıb deyir:

- Olmazdı ki, elə bunun deşik olmayanını alasan.

Dədə Tofiq ustanın sözünü ağzında kəsir:

- Usta, alanda deşik deyildi, fikirləşdim ki, bu vedrə əvvəl-axır deşiləcək. Mənim yolum bir də, Allah bilir, şəhərə nə vaxt düşəcək, odur ki, dedim, şəhərə gəlmişkən elə birdəfəlik düzəltdirib aparım.

"Bax, indi axırın çatdı"

Ateist yazarlardan biri Afrikaya yaradıcılıq ezamiyyətinə gedir və günlərin bir günü cəngəllikdə azaraq adam yeyən qəbilənin  mühasirəsinə düşür. Yazar ateizmdən əl çəkir və üzünü göylərə tutaraq yalvarır:

- Allahım, sən özün kömək ol! Yəni doğrudanmı mənim axırım çatıb?

- Hələ yox! - qeybdən səs gəlir, - xəncəri qəbilə başçısının əlindən qap və oğlunun ürəyinə sapla!

"Apokalipsis" filmindəki qəhrəmanı yadına salan yazar birdən-birə özündə aslan gücü hiss edir və bir anda xəncəri başçıdan alıb oğlunun sinəsinə saplayır.

Bu zaman qeybdən yenə səs gəlir:

- Bax, indi doğrudan axırın çatdı.

"Bəs ataları harda idi?"

Aktyor Çingiz Əhmədov nəvəsinə "Şəngülüm, Şüngülüm" nağılını danışır. Uşaq diqqətlə qulaq asır. Lap axırda dözmür:

-Baba, yaxşı bu çəpişlərin anası meşəyə yemək dalınca gedib, balacalar evdə təkdir, bəs bu çəpişlərin "kozyol" ataları harda idi?

Həm hə, həm yox

Psixoloqun qəbulunda.

- Mən özümdə qətiyyət hiss etmirəm. 

- Bu sizdə hər zaman belə olur?

- Bəli?

- Əminsiz?

- Həm hə, həm yox.

"Özüm deyərdim"

Serj Sərkisyanın cavan vaxtlarıdır. Bir gün gəlib görür ki, Sveta ağlayır. Soruşur:

-Noolub az, yenə? Niyə aglayırsan?

Sveta kədərli halda:

- Bu gün falçıya getmişdim, 50 manatımı alıb dedi ki: "Ərin sənə xəyanət edir"... 

Serj cin atına minir:

- Axmağın qızı, 20 manat verərdin mənə, deyərdim də özüm.

"Yaşıl işıqda özüm də keçərəm"

Cavanlıqda aftoşluq eləmiş Elçin Bayramlının qoca vaxtlarıdır. Bir gün Bakıxanov qəsəbəsində yolu keçmək istəyir. Yolun qırağında dayanmış cavan oğlana müraciət edir:

- A bala, kömək elə yolu keçim.

Oğlan qayğıkeşliklə:

- Baba, qoy yaşıl işıq yansın keçirərəm...

Elçin əsəbləşir:

- Səfehin bir səfeh, yaşıl isıqda elə özüm  keçərəm də.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31