Xarici siyasətdə yeni inkişaf xətti: Azərbaycan Prezidentinin sülh və əməkdaşlığa töhfələri
12 Yanvar 2023 11:48 Xarici siyasətAzərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın yaranacağı proqnozlaşdırılırdı. Ancaq bu prosesdə rəsmi Bakının həlledici rolunu heç də hamı qəbul etmək istəmirdi. Keçən iki ilin təcrübəsi göstərir ki, məhz Azərbaycan rəhbərliyinin apardığı müstəqil və milli maraqlara söykənən uğurlu xarici siyasət kursu sayəsində regionda əsaslı geosiyasi dəyişikliklər baş verməkdədir. Bunun fonunda ekspertləri Azərbaycanın xarici siyasətində hansı yeni məqamların müşahidə edildiyi maraqlandırır. Biz bu məsələnin üzərində geosiyasi aspektdə daha geniş dayanmağa ehtiyac gördük.
Regional geosiyasi nizama doğru: İlham Əliyev təşəbbüsü ələ alır
Azərbaycanın xarici siyasətinin yeni istiqamətləri və əlamətləri ekspertlərin və kütləvi informasiya vasitələrinin müzakirələrinin başlıca mövzusuna çevrilib. Hesab edilir ki, rəsmi Bakı Zəfər Savaşından sonra, faktiki olaraq, yeni səviyyədə fəaliyyət göstərir. Ekspertlər artıq iki ildir ki, Cənubi Qafqazda postmünaqişə mərhələsinin dinamikasına uyğun siyasi və geosiyasi proseslərin cərəyan etdiyini vurğulayırlar. Azərbaycanın bu dinamikanın memarı olduğu tezisi də tədricən qəbul edilməkdədir.
Mahiyyət etibarilə Azərbaycanın xarici siyasətində regional və qlobal miqyaslarda yeni məqamlar özünü göstərməkdədir. Azərbaycan 2023-cü ilə bu istiqamətdə əldə etdiyi ciddi uğurlarla qədəm qoyub. Söhbət hansı uğurlardan gedir?
Əvvəlcə geosiyasi-nəzəri əhəmiyyətli məqamları vurğulayaq. Hər şeydən öncə Azərbaycan xarici siyasətini tamamilə yeni regional şəraitə uyğun yaradıcı əsasda qurmağı bacardı. Bunun bir neçə aspektdə əlamətləri haqqında danışmaq olar. Həmin kontekstdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 2021-cim ilin iyulunda "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda diplomatiya həftəsinin açılış mərasimində çıxışı zamanı ifadə etdiyi konseptual müddəalar və tezislər böyük maraq doğurur. Hikmət Hacıyev vurğulayıb: "44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun qazandığı şanlı Zəfər ölkəmizin tarixinə qızıl hərflərlə daxil oldu". Hikmət Hacıyev bildirib ki, münaqişə artıq keçmişdə qalıb və "...təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasəti bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcək".
Bu fikirlər, əslində, onu ifadə edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin münaqişədən sonrakı dövrdə xarici siyasət kursunda sülh, təhlükəsizlik və beynəlxalq hüquq normaları əsas yerlərdən birini tutacaqdır. Təsadüfi deyildir ki, Azərbaycan Zəfər savaşından sonra Cənubi Qafqazda sülh, barış, əməkdaşlıq naminə konkret təkliflə çıxış etdi: "3+3" formatı! Bu təkliflə bağlı Azərbaycan rəhbərliyi konkret addımlar atdı. Regionun bütün dövlətlərinin həmin prosesdə iştirakını təmin edə biləcək layihələr irəli sürdü. Onların sırasında Azərbaycan-Rusiya-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Türkiyə əməkdaşlıq formatlarının yeni səviyyəyə yüksəldilməsi istiqamətində atılan siyasi-diplomatik addımları qeyd etmək olar.
Təcrübə göstərdi ki, rəsmi Bakının bu təşəbbüsünü regionun heç də hər bir dövləti səmimi olaraq dəstəkləmək istəmir. Nəticədə, İran və Ermənistanın timsalında "3+3" formatında əməkdaşlıq platformasının yaranmasında yavaşlama meydana gəldi. Lakin ölkə rəhbərliyi qətiyyən mövqeyini dəyişmədi, əksinə, iki istiqamətdə fəaliyyətini daha da aktivləşdirdi. Postmünaqişə mərhələsində Azərbaycanın xarici siyasətində bu məqamlar ciddi yer tutur.
Onlardan biri Azərbaycanın Rusiya istiqamətində xarici siyasətini daha da intensivləşdirməsindən ibarətdir. Buraya KTMT üzvlərinin hər biri daxil olmaqla qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi daxildir. Xüsusi olaraq isə Belarus və Rusiya ilə iş aparıldı. Rusiya ilə imzalanmış strateji müttəfiqlik sənədi burada həlledici rol oynadı. Artıq 2022-ci ildə aydın oldu ki, Azərbaycanla Rusiya sosial, iqtisadi, enerji, nəqliyyat və digər sferalarda daha predmetli əlaqələr qururlar. Bunun konkret təsdiqi müxtəlif proqramların (istehsal sahələri də daxil olmaqla) reallaşmağa başlamasıdır.
Bu kontekstdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tamamilə haqlı olaraq qeyd edir ki, iki ölkə arasında əlaqələr regionda təhlükəsizliyin təmin edilməsi və regional miqyasda əməkdaşlığın inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir və "bu prosesdə iki ölkənin dövlət başçılarının etibarlı dialoqu mühüm rol" oynayır. Əməkdaşlıq sosial-iqtisadi, enerji, nəqliyyat və kommunikasiya istiqamətlərini əhatə edir.
Onu da mütləq vurğulamaq gərəkdir ki, Azərbaycan Prezidenti yalnız Rusiya istiqamətində deyil, Avropa istiqamətində də postmünaqişə mərhələsində xarici siyasətdə çox önəmli, səmərəli və əməkdaşlığa yönəlmiş addımlar atır, konkret layihələr reallaşdırır. Bu dəyişikliklər xarici siyasət kontekstində hansı məqamları ifadə edir?
Azərbaycan postmünaqişə mərhələsində Rusiya istiqamətində xarici siyasətin geosiyasi-təhlükəsizlik aspektini aktual saxlamaqla sosial-iqtisadi, enerji, nəqliyyat-logistika müstəvisinə keçirməyi bacardı. Yəni Azərbaycan-Rusiya münasibətləri konkret təhlükəsizlik çərçivəsindən çıxaraq real məzmunlu strateji əməkdaşlıq səviyyəsinə keçdi. Bu, çox ciddi uğurdur. Çünki Azərbaycan İkinci Qarabağ müharibəsində Rusiya ilə münasibətləri saxlamaqla yanaşı, bir sıra mürəkkəbləşmənin də şahidi oldu. Eyni zamanda, beynəlxalq aləmdə Rusiyaya qarşı ciddi qruplaşmalar da meydana gəldi. Rəsmi Bakı həm Ermənistanın müttəfiqi kimi Rusiyanı daha geniş konstruktiv əməkdaşlıq müstəvisinə çəkməli, həm də Qərbin antirusiya isterikasına qarşı müqavimət göstərməli idi. Məhz bu səbəblərdən Azərbaycanın Rusiya istiqamətində xarici siyasətində yeni səviyyədə praktiki və predmetli addımların atılması dövlətçilik və milli maraqlar baxımından olduqca əhəmiyyətlidir.
BMT, QH və TDT: siyasi-diplomatik fəallığın nəticələri
Azərbaycan bu siyasətin səmərəsini beynəlxalq aləmdə, eyni zamanda, Qarabağda tam sabitliyin yaradılmasında Rusiyanın əngəl olmamasına çalışmasında görməkdədir. Konkret fakt ondan ibarətdir ki, BMT-də Fransanın ciddi-cəhdlərinə baxmayaraq Azərbaycan diplomatiyası təxribat xarakterli, erməniyönlü qətnamənin qəbul edilməsinin qarşısını aldı.
Və bu prosesdə biz zamanlar antiazərbaycan xarakterli layihələrin təşəbbüskarı olan Rusiya Azərbaycanı ciddi müdafiə etdi! Xarici siyasətin konkret uğuru bundan ibarətdir! Bu dəyişikliyə nail olmaq üçün Azərbaycan Prezidenti olduqca səmərəli xarici siyasət kursunu müasir mərhələnin ən incə geosiyasi məqamlarına belə uyğunlaşdıra bildi.
Postmünaqişə mərhələsində xarici siyasətdə özünü göstərən başqa mühüm əlamət Azərbaycan rəhbərliyinin beynəlxalq və regional təşkilatlar çərçivəsində fəaliyyətini daha da genişləndirməsi və konkret istiqamətlər üzrə fokuslaşdırması ilə bağlıdır. Məsələnin bu tərəfi də olduqca əhəmiyyətlidir. Çünki hazırda beynəlxalq təşkilatların potensialından yerində və düzgün istifadə etməyən dövlət xarici siyasətdə heç bir uğur qazana bilmir. Azərbaycan Zəfər savaşından sonra tarixi baxımdan qısa bir müddətdə bu vəzifənin öhdəsindən məharətlə gəldi. Bunu Azərbaycan Prezidentinin Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində aktiv siyasəti fonunda aydın görə bilərik.
Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyəti o dərəcədə uğurlu oldu ki, ölkəmizin sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılıb. Bu o deməkdir ki, Prezident İlham Əliyevin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri kimi atdığı addımlar taktiki və strateji baxımdan dünyanın 120 dövlətinin maraqlarına uyğundur. Belə bir durumun yaranmasının siyasi-diplomatik sfera ilə yanaşı, qlobal səviyyədə geosiyasi əhəmiyyəti ölçüyəgəlməzdir. Daha konkret ifadə etsək, bu o deməkdir ki, Qoşulmama Hərəkatına daxil olan 120 dövlətin hər biri beynəlxalq miqyasda Azərbaycanı dəstəkləyəcək! Bu bir faktdır ki, Fransanın təklifi və təzyiqi ilə ölkəmizə qarşı mürtəce qətnamə qəbul edilməsini BMT-də rədd edənlər sırasında Qoşulmama Hərəkatına üzv olan dövlətlər də var!
Onu da vurğulayaq ki, tarixdə ilk dəfə olaraq Azərbaycan Ərəb Dövlətləri Liqasının zirvə toplantısına Qoşulmama Hərəkatının sədri kimi dəvət edilib! Həmin tədbirdə dövlətimizin başçısına olan hörmət, inam və ehtiramı hər birimiz gördük!
Bunlar postmünaqişə mərhələsində Azərbaycanın xarici siyasət kursunun konkret, predmetli nailiyyətlərinin bir qismidir! Həmin bağlılıqda Azərbaycanın BMT, UNESCO və ICESCO-da da fəaliyyəti vurğulanmalıdır. Çünki bu təşkilatlarda Azərbaycan başlıca olaraq mədəniyyət sferasında tarixi ədalətin bərpası uğrunda yenilməz mübarizə aparmaqdadır. Azərbaycan rəhbərliyi, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qarabağda ermənilərin Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı vəhşiliklərinin vurğulanan təşkilatlar tərəfindən pislənilməsi üçün yorulmadan çalışır və bu, indi də davam edir. Bunun müsbət nəticəsini Azərbaycan 2022-ci ilin sonundan görməyə başladı. İnanırıq ki, bu müsbət tendensiya 2023-cü ildə konkret məzmun kəsb edəcəkdir. Belə ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyası gönədəriləcəkidr.
Bunların fonunda Azərbaycan diplomatiyasının BMT çərçivəsində postmünaqişə mərhələsində apardığı fəaliyyət də qürurvericidir. Bütün maneələrə baxmayaraq, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq BMT Bakının mövqeyini nəzərə aldı. Azərbaycan diplomatları intensiv apardıqları işlərlə BMT-də siyasi-diplomatik abı-havanı xeyrimizə dəyişə bildilər. Bu tendensiyanın getdikcə daha da güclənəcəyinə şübhə yoxdur.
Azərbaycanın xarici siyasətində postmünaqişə mərhələsində başqa bir əhəmiyyətli məqam Türk Dövlətləri Təşkilatındakı fəaliyyətlə bağlıdır. Azərbaycan, faktiki olaraq, bu çərçivədə liderliyi ələ alıb. Prezident İlham Əliyev həm regional, həm də qlobal miqyaslarda təhlükəsizlik, enerji sferasında əməkdaşlıq, nəqliyyat-logistika infrastrukturunun birgə təşkili və bir sıra beynəlxalq layihələrdə iştirak məsələsində tarixi nailiyyətlərə imza atıb. Bunun sayəsində Avrasiya coğrafiyasında yeni İpək yolu, yeni enerji marşrutlarının yaradılması, Orta dəhlizin Zəngəzur dəhlizi ilə bağlılığının qəbul edilməsi, Türk xalqlarının hüquqlarının dünya miqyasında müdafiə edilməsi, Qarabağa Türk dövlətləri başçılarının səfərinin təşkili istiqamətlərində real addımlar atılmaqdadır!
Beləliklə, postmünaqişə mərhələsində Azərbaycanın xarici siyasəti yeni mərhələyə yüksələrək regional və qlobal miqyaslarda sabitliyin, əməkdaşlığın və sülhün bərqərar olmasında ciddi payı olan kursa çevrilib. Bu prosesin 2023-cü ildə də davam edərək daha əhatəli olacağına şübhə yoxdur!
Kamal Adıgözəlov