"Məktəblərdə vahid geyim qərarı hüquqi əsasa söykənir" – ÖZƏL

"Məktəb bilik, nizam-intizam və bərabərlik məkanıdır. Şagird geyimi ilə yox, biliyi ilə fərqlənməlidir. Bu qərar hüquqi əsasa söykənir. Konstitusiyaya görə din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, prezident 7 iyul 2026-da imzaladığı qanunla ümumi təhsilin əsas prinsiplərinə "millilik və laiklik"i əlavə etdi. Nazirlər Kabinetinin qərarı isə bu prinsipi dövlət məktəblərində geyim qaydalarına tətbiq edir. Qərar hamıya eyni şəkildə şamil olunur. Hər məktəbin seçdiyi vahid forma ən azı 3 tədris ili qüvvədə qalır və valideynlər əvvəlcədən məlumatlandırılır. Məqsəd heç bir dini qrupu hədəf almaq deyil, sinifdə sosial və dini fərqləri geyim üzərindən görünən etməməkdir. Uşaqların hüququ əsasdır. Yetkinlik yaşına çatmamış 10-12 yaşlı və hətta daha az yaşlı qızlarımızın  baş örtüyü taxması çox vaxt onun öz seçimi olmur, ailə və mühit təzyiqinin nəticəsi olur. Məktəb şagirdin qərarı özünün verə biləcəyi yaşa qədər onu bu təzyiqdən kənarda saxlamalıdır.

Ekspert qeyd edib ki, dini etiqad qadağan olunmur.Hər kəs məktəbdən kənarda istədiyi kimi ibadət edə və geyinə bilər. Söhbət yalnız dövlət məktəbinin daxili qaydasından gedir. Bu qərarı bölünmə vasitəsinə çevirməməliyik .  Başqa dövlətlərin bu mövzuda tənqidi fikirlərinə gəldik də isə, Azərbaycan məktəblərində hansı geyim qaydasının olacağı Azərbaycanın daxili işidir. Bizim öz milli-mənəvi dəyərlərimiz, öz dünyəvi dövlət ənənəmiz və bunu formalaşdıran öz tarixi təcrübəmiz var. Bu qərarları Azərbaycan xalqı və dövləti özü verir, kənardan heç kim bu məsələyə qarışa bilməz.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31