Sosial şəbəkələrdə uşaqlar...

Sosial şəbəkələr müasir dövrün ən sürətlə inkişaf edən rəqəmsal platformalarından biri kimi artıq təkcə ünsiyyət vasitəsi deyil, həm də informasiya mübadiləsi, əyləncə, təhsil və sosiallaşmanın əsas məkanına çevrilib. İnsanlar gündəlik həyatlarının böyük bir hissəsini bu platformalarda keçirir, xəbərləri buradan izləyir, fikirlərini paylaşır. Bu baxımdan sosial şəbəkələrin cəmiyyət həyatında rolu danılmazdır və onların təsiri hər keçən gün daha da genişlənir. Məncə, bu proses artıq texnoloji inkişafın sadəcə bir nəticəsi deyil, eyni zamanda yeni bir həyat tərzinin formalaşmasıdır.
Sosial şəbəkələrin bu qədər geniş yayılması onların istifadəçi bazasını da köklü şəkildə dəyişib. Əvvəllər daha çox gənclər və böyüklər tərəfindən istifadə edilən bu platformalar, indi artıq uşaqların və yeniyetmələrin də gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Telefon və internetə çıxışın asanlaşması, rəqəmsal cihazların erkən yaşlardan istifadəsi uşaqların sosial şəbəkələrlə tanışlığını daha da sürətləndirib. Məncə, bu tendensiya təkcə texnoloji əlçatanlıqla deyil, həm də sosial mühitin dəyişməsi ilə birbaşa əlaqəlidir. Çünki uşaqlar artıq çox erkən yaşlardan rəqəmsal dünyanın içində böyüyürlər.
Uşaqların sosial şəbəkələrdən istifadəsi isə həm müsbət, həm də mənfi tərəfləri ilə diqqət çəkir. Bir tərəfdən, bu platformalar onlara öyrənmək, yeni məlumatlar əldə etmək, yaradıcılıqlarını inkişaf etdirmək və dünyagörüşlərini genişləndirmək imkanı yaradır. Digər tərəfdən isə nəzarətsiz istifadə ciddi risklər doğurur. Uşaqların yaşlarına uyğun olmayan məzmunla qarşılaşması, internet asılılığı, diqqət dağınıqlığı və sosial təcrid kimi problemlər getdikcə daha çox müzakirə olunur. Bundan əlavə, sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi məsələsi də ciddi narahatlıq doğurur. Onlayn bullinq, tanımadığı şəxslərlə ünsiyyət, şəxsi məlumatların paylaşılması və manipulyativ kontentlər uşaqlar üçün real təhlükə mənbəyinə çevrilə bilər. Məhz bu səbəbdən sosial şəbəkələrə qoşulma yaşının 16-dan başlaması ilə bağlı irəli sürülən təklif cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bir qisim bu məhdudiyyətin uşaqların qorunması baxımından vacib addım olduğunu düşünür, digər qisim isə bunun praktikada tətbiqinin çətin olacağını iddia edir. 

Məsələnin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Mehman Muradlı Olaylar.az-a açıqlama verib:
"Bu məsələ ilə bağlı bir məqam var. Azyaşlıların sosial şəbəkələrə qoşulması onların öz adları, öz elektron poçt ünvanları və ya öz mobil nömrələri ilə əslində mümkün deyil. Çünki sosial şəbəkələrə mobil nömrə vasitəsilə qeydiyyat zamanı həmin nömrənin sahibinə dair məlumatlar nəzərə alınır. Bir çox ölkələrin qanunvericiliyində mobil nömrənin müəyyən yaş həddindən yuxarı şəxsin adına rəsmiləşdirilməsi tələb olunur. Elektron poçt vasitəsilə qeydiyyat zamanı da yaş məhdudiyyəti məsələsi ortaya çıxır. Əksər platformalar qeydiyyat zamanı istifadəçinin doğum tarixini tələb edir. Yaş həddi aşağı olduqda hesabın açılması və ya istifadəsi məhdudlaşdırıla bilər. 
Azərbaycanda və digər ölkələrdə bir çox valideyn mobil nömrəni öz adına alır və sonradan uşağın istifadəsinə verir. Elektron poçt ünvanları ilə bağlı da oxşar hallar müşahidə olunur. Uşaqlar bəzən valideynlərinin və ya digər ailə üzvlərinin məlumatlarından istifadə etməklə qeydiyyatdan keçirlər. Sosial şəbəkələrdə tez-tez belə hallarla rastlaşırıq: profil sahibinin azyaşlı olduğu açıq görünür, amma profildə göstərilən doğum tarixi ilə faktiki yaş arasında ciddi fərq olur. Yəni qeydiyyat zamanı yaşı böyük göstərməklə sistemin tələbləri formal şəkildə keçilmiş olur.
Digər tərəfdən, Facebook, Instagram və digər sosial şəbəkələr özəl şirkətlərə məxsus platformalardır. Bu platformalar müəyyən müddətdən sonra profilin saxta olduğunu aşkarladıqda həmin hesabı bloklaya bilirlər. Əgər hesabın saxta və ya qaydalara zidd fəaliyyət göstərdiyi müəyyən olunarsa, platforma onu bağlayır. Əgər qanunvericilikdə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə görə hansısa məsuliyyət nəzərdə tutulacaqsa, bunun tətbiq mexanizmi də aydın olmalıdır. Azyaşlı şəxsin özünə inzibati cərimə tətbiq etmək məsələsi hüquqi baxımdan ayrıca müzakirə tələb edir. Belə hallarda məsuliyyətin valideynlərin üzərinə düşəcək.  Bir məqamı da nəzərə almaq lazımdır ki, bu sosial şəbəkələr Azərbaycana məxsus platformalar deyil. Onların sahibləri müxtəlif ölkələrdə yerləşən beynəlxalq şirkətlərdir. Buna görə də Azərbaycan kimi ölkələrin həmin platformalar üzərində birbaşa nəzarət imkanları məhduddur.
Əlbəttə, yerli sosial şəbəkə yaratmaq mümkündür. Ancaq belə platformalar əsasən lokal xarakter daşıyacaq və qlobal sosial şəbəkələrlə rəqabət aparmaq imkanları məhdud olacaq. Məsələn, Facebook-da yaradılan qruplar kimi daha dar auditoriyaya xidmət edən platformalar formalaşdırmaq olar. Hesab edirəm ki, belə təkliflər irəli sürülərkən müvafiq sahənin mütəxəssisləri ilə məsləhətləşmək vacibdir. Hər hansı qanunvericilik təşəbbüsü hazırlanarkən onun texniki, hüquqi və praktiki tərəfləri əvvəlcədən araşdırılmalıdır. Yalnız bundan sonra belə təkliflərin ictimai müzakirəyə çıxarılması daha məqsədəuyğun olar".
Sosial şəbəkələrdən erkən yaşlarda istifadə uşaqların və yeniyetmələrin psixoloji inkişafına necə təsir göstərir? 16 yaş məhdudiyyəti uşaqları onlayn risklərdən qorumaq baxımından nə dərəcədə effektiv ola bilər?  Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva Olaylar.az-a açıqlama verib: 

"Sosial şəbəkələrdən demək olar ki, çox erkən yaş dövründə insanlar istifadə edir. Bunun əsas səbəbi müasir dövrdə texnologiyanın sürətli inkişafıdır. Əgər təhlükəsizlik və yarana biləcək risklər nəzərə alınaraq qanuni şəkildə yalnız 16 yaş və yuxarı şəxslərin sosial şəbəkələrdən istifadəsinə icazə verilsə, bu məhdudiyyət bir çox problemlərin qarşısını ala bilər. Məsələn, yeniyetmələrin və uşaqların sosial şəbəkələrdə öz videolarını paylaşmasının, yaxud bəzi şagirdlərin müəllimlərin şəkillərini götürərək paylaşmasının və xoşagəlməz şərhlər yazmasının qarşısı alınar. Yəni düşünülməmiş addımların qarşısını almaq mümkün olar. Amma bunun nə dərəcədə effektiv olacağını yalnız təcrübə göstərər. Hər hansı nəzəriyyə irəli sürülürsə, o, sınaqdan keçirilməli və nəticələri qiymətləndirilməlidir. Məsələn, elektron qəlyanların da 18 yaşdan aşağı şəxslərə satılması qadağandır. Lakin buna baxmayaraq, 6-cı, 7-ci və 8-ci sinif şagirdlərində elektron qəlyan istifadə hallarına rast gəlirik. Deməli, qadağa qoyulursa, ona əməl edilməlidir.
Sosial şəbəkələrin uşaqların inkişafına təsirinə gəldikdə isə, erkən yaşlarda ekran qarşısında çox vaxt keçirmək nitq inkişafına mənfi təsir göstərir. Bəzən valideynlər deyirlər ki, uşaqları danışır. Amma ekran qarşısında əslində yalnız monitorda görünən şəxs danışır, uşaq isə aktiv ünsiyyət qurmur. Burada canlı dialoq olmadığı üçün uşağın nitqi kifayət qədər inkişaf etmir. Söhbət ekran şüalarının təsirindən deyil, ünsiyyət çatışmazlığından gedir. Yeniyetmələrdə isə bu hal asosiallığa və özgüvən problemlərinə səbəb ola bilir. Çünki onlar özlərini daim yaşıdları ilə müqayisə edir və bu da özünəinamlarına mənfi təsir göstərir. Eyni zamanda sosial şəbəkələr dərsdən uzaqlaşmağa, məsuliyyət hissinin azalmasına səbəb ola bilir. Çünki telefonda vaxt keçirmək bizim üçün komfort zonasıdır. Həmin komfort zonasından çıxaraq dərs oxumaq və məsuliyyət daşımaq uşaqlara, xüsusilə də yeniyetmələrə əlavə yük kimi görünür. Bu səbəbdən onların təhsil göstəricilərində də zəifləmə müşahidə olunur.
Bu məsələdə daha effektiv vasitə valideyn nəzarətidir. Valideyn tərbiyənin qızıl qaydalarına əməl etməlidir. Bu qaydalar davamlılıq və tutarlılıqdır. Yəni valideyn müəyyən qayda qoyursa, başlanğıcda uşaq buna etiraz edə, əsəbiləşə və müxtəlif reaksiyalar göstərə bilər. Lakin valideyn sakit şəkildə, qışqırmadan, təhqir etmədən öz mövqeyində qalmalı və qoyduğu qaydalara ardıcıl şəkildə əməl etməlidir. Valideyn hər gün eyni prinsipləri tətbiq etməli, bir gün güzəşt edib digər gün qadağa qoymamalıdır. Çünki qayda qaydadır və ona ardıcıl şəkildə riayət olunmalıdır".


İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti  Bəhruz Əliyev mövzu ilə bağlı Olaylar.az-a açıqlama verib:
"Hər bir sosial media platformasında müəyyən yaş məhdudiyyətləri nəzərdə tutulsa da, istifadəçilər qeydiyyat zamanı doğum tarixini özləri daxil etdikləri üçün bu mexanizmlər həmişə real yaşı dəqiq müəyyən etməyə imkan vermir. Sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması ilə bağlı yanaşma tətbiq olunarsa, bunun effektiv olması üçün təkcə qanunvericiliklə kifayətlənmək mümkün deyil, müvafiq rəqəmsal mexanizmlərin də formalaşdırılması vacibdir.
Bu baxımdan, yaşın təsdiqlənməsi üçün daha etibarlı texnoloji həllərdən istifadə oluna bilər. Məsələn, platformalar istifadəçinin yaşını dövlət elektron identifikasiya sistemləri, etibarlı üçüncü tərəf yaş təsdiqləmə xidmətləri vasitəsilə yoxlaya bilərlər. Belə yanaşma istifadəçinin bütün şəxsi məlumatlarının paylaşılmasını deyil, yalnız onun müəyyən yaş həddinə çatıb-çatmadığının təsdiqlənməsini təmin etməlidir. Bu isə həm uşaqların müdafiəsinə, həm də şəxsi məlumatların məxfiliyinin qorunmasına xidmət edər.
Digər tərəfdən, valideyn nəzarəti mexanizmlərinin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Valideynlərin övladlarının hesablarına nəzarət edə bilməsi, istifadə müddətini məhdudlaşdırması və müəyyən məzmun növlərini filtrdən keçirməsi üçün əlavə alətlər təqdim edilə bilər. Eyni zamanda, süni intellekt əsaslı sistemlər istifadəçinin davranış xüsusiyyətlərini analiz edərək hesab sahibinin göstərilən yaş kateqoriyasına uyğun olub-olmaması ilə bağlı əlavə qiymətləndirmə apara bilər.
Məqsəd internetdən istifadəni məhdudlaşdırmaq deyil, uşaqları zərərli məzmunlardan, kibertəhdidlərdən, onlayn zorakılıqdan və müxtəlif manipulyativ təsirlərdən qorumaqdır. Buna görə də yaş məhdudiyyətlərinin effektivliyi texnoloji həllər, hüquqi çərçivə, valideyn maarifləndirilməsi və platformaların məsuliyyətli yanaşmasının birgə tətbiqindən asılı olacaq. Belə kompleks yanaşma həm uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirə, həm də sağlam və təhlükəsiz onlayn mühitin formalaşmasına töhfə verə bilər".
Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və bu reallıqdan geri dönüş demək olar ki, mümkün deyil. Lakin bu rəqəmsal dünyanın xüsusilə uşaqlar üçün yaratdığı risklər məsələyə daha diqqətli yanaşma tələb edir. Mütəxəssislərin də vurğuladığı kimi, təkcə yaş məhdudiyyəti deyil, həm hüquqi mexanizmlər, həm texnoloji nəzarət, həm də valideyn məsuliyyəti birlikdə işlədikdə daha effektiv nəticə vermək mümkündür. Əks halda, sosial şəbəkələr uşaqlar üçün həm imkanlar dünyası, həm də nəzarətsiz risklər məkanına çevrilməkdə davam edəcək.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31