Sanksiyalar yumşaldılır? – ABŞ və Rusiya arasında enerji müzakirələri – ÖZƏL

"ABŞ-Rusiya arasında müharibə davam etdiyi halda iqtisadi razılaşmaların gündəmə gəlməsi yeni mərhələnin göstəricisidir. Hazırda Vaşinqtonda enerji və investisiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunur. Məqsəd iqtisadi əlaqələri Moskva üçün sülh danışıqlarına əlavə stimul kimi istifadə etməkdir. Lakin ABŞ administrasiyasında bu yanaşmanın Rusiyaya qarşı təzyiqi zəiflədə biləcəyi ilə bağlı fikir ayrılığı da qalır".

Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Ekspert bildirib ki, ən real sahələr enerji, investisiya, logistika və müəyyən ticarət əməliyyatları ola bilər. Xüsusilə enerji sektoru böyük əhəmiyyət daşıyır. Çünki Rusiya qlobal neft və qaz bazarında əsas oyunçulardan biridir və bu sahədə hər hansı məhdudiyyətin yumşaldılması dünya qiymətlərinə də təsir göstərə bilər. ABŞ və Rusiya arasında enerji və iqtisadi məsələlərlə bağlı danışıqların artıq davam etdiyi də bildirilir. Burada əsas risk sanksiyaların təsirinin azalmasıdır. Əgər iqtisadi güzəştlər müharibənin dayandırılması ilə bağlı konkret şərtlərə bağlanmasa, Moskvanın iqtisadi təzyiqi hiss etməsi zəifləyə bilər. Xüsusilə enerji gəlirlərinin və investisiya imkanlarının artması Rusiyanın büdcəsinə əlavə resurs verə bilər. Hazırda Rusiyanın 2026-cı il büdcə kəsirinin ÜDM-in 3 faizinə çatmasının gözlənilməsi də iqtisadi təzyiqin tam aradan qalxmadığını göstərir. Digər tərəfdən, iqtisadi əməkdaşlıq düzgün qurularsa, danışıqlar üçün əlavə mexanizmə çevrilə bilər. Məsələn, müəyyən sanksiyaların mərhələli yumşaldılması konkret siyasi və təhlükəsizlik öhdəlikləri ilə əlaqələndirilə bilər. Belə yanaşmada iqtisadi güzəşt müharibənin qarşılığında verilən hədiyyə yox, danışıqlar prosesində istifadə olunan alətə çevrilir. Əks halda ABŞ-nin təzyiq siyasətinin təsir imkanları azala bilər.

İqtisadçının sözlərinə görə, Avropa üçün məsələ daha mürəkkəbdir. Rusiya ilə enerji əlaqələrinin qismən bərpası enerji qiymətlərini və Avropa sənayesinin xərclərini aşağı sala bilər. Amma eyni zamanda Avropanın Rusiyadan enerji asılılığını azaltmaq siyasətini yenidən müzakirəyə çıxara bilər. Hazırda Avropa İttifaqında Rusiya ilə bağlı sanksiyaların davam etdirilməsi müzakirə olunur və bu, Vaşinqtonun mümkün iqtisadi açılımı ilə transatlantik yanaşmalar arasında fərqləri artıra bilər. ABŞ-Rusiya iqtisadi razılaşmasının əsas təsiri yalnız iki ölkənin münasibətləri ilə məhdudlaşmayacaq. Neft, qaz, gübrə, logistika və maliyyə bazarlarında dəyişikliklər digər ölkələrə də keçəcək. Məncə, əsas məsələ razılaşmanın olub-olmamasından daha çox onun hansı şərtlərlə həyata keçirilməsidir. İqtisadi əməkdaşlıq sülhə aparan mərhələli mexanizm kimi qurularsa, danışıqlara stimul verə bilər; geniş və şərtsiz iqtisadi açılım isə Rusiyaya tətbiq olunan təzyiqin əhəmiyyətli hissəsini zəiflədə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31