Gələcəyin qiyməti: Valideynlər keyfiyyətli təhsil üçün niyə borclanmalı olur?

Sentyabr ayı yaxınlaşdıqca minlərlə ailə üçün ən vacib məsələlərdən biri yenidən gündəmə gəlir: təhsil xərcləri. Son illər özəl ali məktəblərdə, özəl orta təhsil müəssisələrində və uşaq bağçalarında təhsil haqlarının ardıcıl şəkildə yüksəlməsi valideynlərin narahatlığını artıran əsas mövzulardan birinə çevrilib. Xüsusilə bir neçə övladı təhsil alan ailələr üçün bu artımlar ailə büdcəsinə ciddi təsir göstərir. Bir vaxtlar yalnız müəyyən sosial təbəqənin seçim etdiyi özəl təhsil müəssisələri artıq daha geniş auditoriyanın maraq göstərdiyi təhsil ocaqlarına çevrilib. Valideynlər övladlarının daha keyfiyyətli təhsil alması, xarici dilləri mənimsəməsi, müasir tədris metodlarından yararlanması və gələcəkdə rəqabətədavamlı mütəxəssis kimi yetişməsi üçün özəl məktəb və bağçalara üstünlük verməyə çalışırlar. Lakin bu istək hər il artan təhsil haqları fonunda daha çətin reallaşır. Bu gün bəzi özəl bağçalarda aylıq ödənişlər yüzlərlə manata, bəzi özəl məktəblərdə isə illik təhsil haqları minlərlə manata çatır. Özəl universitetlərdə də oxşar vəziyyət müşahidə olunur. Nəticədə bir çox valideynlər övladlarının təhsilini davam etdirmək üçün əlavə gəlir mənbələri axtarmağa, kreditlərdən istifadə etməyə və ya digər vacib xərclərini azaltmağa məcbur qalırlar. Bəzi ailələr isə ümumiyyətlə seçimlərini dəyişərək daha əlçatan alternativlərə üz tuturlar. Mövzunun aktuallığını artıran əsas məqamlardan biri də təhsilin sadəcə xidmət sahəsi deyil, cəmiyyətin gələcəyini formalaşdıran strateji sahə olmasıdır. Məhz buna görə də təhsil haqlarında baş verən hər bir dəyişiklik təkcə valideynləri deyil, bütövlükdə cəmiyyəti düşündürür. Təhsil imkanlarının maddi vəziyyətdən asılı hala gəlməsi sosial bərabərlik, insan kapitalının inkişafı və gələcək nəsillərin imkanları baxımından ciddi suallar doğurur.

Bəs özəl təhsil müəssisələrində qiymətlərin artmasının əsas səbəbləri nədir? Bu artımlar nə dərəcədə əsaslandırılmış hesab edilə bilər? Dövlət bu prosesə hansı formada təsir göstərə bilər?

"Ümumiyyətlə, hamımız bilirik ki, hər hansı bir məhsulun və ya xidmətin yekun qiymətinin formalaşması həmin məhsul və ya xidmətin yaradılmasına çəkilən xərclərdən çox asılıdır. Əgər məhsul və ya xidmət yüksək xərc hesabına başa gəlirsə, onun yekun qiyməti də yüksək olur".

Bu fikirləri iqtisadçı ekspert  Asif İbrahimov Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, özəl təhsil müəssisələrində təhsil haqlarının artmasının əsas səbəbləri sırasında ümumi inflyasiya, müəllim və işçi heyətinin əməkhaqlarının yüksəlməsi, kommunal və inzibati xərclərin artması, eləcə də tədris texnologiyalarının və infrastrukturun yenilənməsinə yönəldilən investisiyalar dayanır. Məsələn, əvvəllər hər hansı təmir işləri və ya yeni tədris materialları müəyyən qiymətə əldə olunurdusa, hazırda həmin məhsul və xidmətlər daha baha başa gəlir. Bu isə nəticə etibarilə təhsil xidmətinin yekun qiymətinə təsir göstərir. Xüsusilə beynəlxalq proqramlar tətbiq edən, xarici müəllimlər cəlb edən təhsil müəssisələrində xidmətin maya dəyəri daha yüksək olduğuna görə təhsil haqları da daha bahadır. Nəzərə almaq lazımdır ki, bunlar dövlət müəssisələri deyil, bazar iştirakçılarıdır və fəaliyyətlərini çəkdikləri xərclər əsasında qururlar. Buna uyğun olaraq da təqdim etdikləri xidmətin qiymətini müəyyənləşdirirlər. Lakin iqtisadi əsaslandırmaların mövcudluğu qiymət artımının sosial təsirlərini aradan qaldırmır. Təhsil haqlarının yüksəlməsi orta gəlirli ailələrin keyfiyyətli təhsilə çıxış imkanlarını məhdudlaşdırır. Bir çox ailələr övladlarının təhsili üçün əlavə maliyyə yükü ilə üzləşirlər, bəzi hallarda isə özəl təhsildən imtina etmək məcburiyyətində qalırlar. Bu da təhsil imkanlarının gəlir səviyyəsindən asılılığını artırır ki, bu da sosial bərabərlik baxımından arzuolunan tendensiya deyil.

Bəs burada hökumətin  üzərinə nə düşür? 

Təbii ki, hökumət özəl təhsil müəssisələrinə inzibati qaydada müdaxilə edib "qəbul haqqını və ya təhsil haqqını bu qədər müəyyən et" deyə bilməz. Bu, bazar iqtisadiyyatının prinsiplərinə uyğun olmaz. Ancaq hökumət təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində maksimum addımlar ata, müxtəlif proqramlar həyata keçirə bilər. Bununla belə, həmin proqramlar elə formada hazırlanmalıdır ki, onlar xidmətlərin maya dəyərinin daha da artmasına səbəb olmasın. Digər mühüm faktor isə rəqabət mühitidir. Praktik fəaliyyətim zamanı və müraciət edən şəxslərlə ünsiyyətdə tez-tez müşahidə etmişəm ki, özəl məktəb və bağçaların açılması üçün tələb olunan lisenziya və icazələrin əldə olunması kifayət qədər çətindir. Bir sıra hallarda qoyulan tələblər yeni uşaq bağçalarının, körpələr evlərinin və digər özəl təhsil müəssisələrinin fəaliyyətə başlamasına mane olur. Nəticədə bazarda kifayət qədər rəqabət formalaşmır. Əgər bu müəssisələrin sayı artsa, təbii olaraq rəqabət güclənər. Rəqabət şəraitində isə müəssisələr müştərilərini itirməmək üçün qiymət siyasətlərini daha çevik qurmağa məcbur olarlar. Bu baxımdan ən ciddi məsələlərdən biri məhz hökumət tərəfindən tənzimləyici mexanizmlərin təkmilləşdirilməsidir. Burada inzibati qiymət nəzarəti deyil, bazarda sağlam rəqabətin formalaşdırılması əsas məqsəd olmalıdır. Çünki qiymətlərin sərt inzibati qaydada tənzimlənməsi nəinki problemi həll etməz, hətta bəzi hallarda özəl təhsil müəssisələrinin fəaliyyətini dayandırmasına səbəb ola bilər. Özəl təhsil sektoru bazar prinsipləri əsasında fəaliyyət göstərir və qiymətlərin inzibati qaydada sərt şəkildə tənzimlənməsi effektiv həll yolu deyil. Daha məqsədəuyğun yanaşma şəffaflığın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və ailələrin dəstəklənməsidir.

Ekspertin fikrincə, ölkədə xidmətlərin pullu olması özlüyündə problem deyil. Əsas məsələ əhalinin həmin xidmətləri ödəmək imkanının olmasıdır. İnkişaf etmiş kapitalist ölkələrində də bir çox xidmətlər ödənişlidir, lakin insanların həmin xidmətlərdən istifadə etmək üçün kifayət qədər gəlirləri var. Bizdə isə əsas problem məhz bu balansın pozulmasıdır. Bu baxımdan hökumət ərəfindən təhsil kreditlərinin daha da genişləndirilməsi, aztəminatlı və orta gəlirli ailələr üçün dəstək proqramlarının hazırlanması vacibdir. Eyni zamanda, özəl təhsil müəssisələrinin qiymət siyasətində şəffaflığın təmin olunması üçün müəyyən mexanizmlər tətbiq edilə bilər. Çünki bəzi hallarda ümumi qiymət elan olunsa da, həmin qiymətin hansı xərc maddələri əsasında formalaşdığı barədə aydın məlumat təqdim edilmir. Bir daha vurğulamaq istərdim ki, təhsil kommersiya xidməti olmaqla yanaşı, insan kapitalının formalaşdığı strateji sahədir. Hətta deyərdim ki, bu, ən vacib strateji istiqamətlərdən biridir. Buna görə də qiymət siyasəti ilə təhsilə əlçatanlıq arasında balansın qorunması dövlətin və hökumətin mühüm vəzifələrindən biri olmalıdır. Bu istiqamətdə xüsusilə təhsil kreditlərinin şərtləri daha əlçatan edilməli, rəqabət mühiti genişləndirilməli və ölkədə iqtisadi imkanlar elə formalaşdırılmalıdır ki, əhali göstərilən xidmətlərin haqqını ödəmək imkanına malik olsun.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31