Ötən həftənin mədəni mənzərəsi

Salam olsun çox dəyərli oxucum! Son zamanlar dünyamızda  və təbiətdə baş verənlər dəyişikliklər ümumi həyat zəncirinin ən mühüm halqasını təşkil edən insanın da yaşam və düşüncə tərzindən yan keçmir. Sadəcə ötən həftələr ərzində baş vermis mədəni hadisələrə ötəri bir nəzər saldıqda belə biz bunun şahidi oluruq. "Tərəfsiz ədəbiyyat tarixdir!" şüarımıza sadiq qalaraq ötən günlərin mühüm mədəni (ədəbi-tarixi) hadisələrinə nəzər salaq. Bu yazımda iki mühüm hadisəyə toxunacam. Bu mühüm mədəni hadisələrdən biri gənc şair, publisist, Prezident təqaüdçüsü Tural Cəfərlinin "Elə ki darıxdın" adlı yeni şeirlər kitabının təqdimatı, digəri isə  gənc filoloq, rejissor, "Türkel Teatrı"n yaradıcısı və tamaşanın əsas ifaçılarından biri Aysu Türkelin təşəbbüskarlığı ilə antik yunan dramaturgiyasının görkəmli nümunələrindən olan Evripidin "Alkesta" əsərinin səhnə təqdimatı barədə olacaq:
-Darıxmağın fəlsəfəsi və sözün işığında yeni görüş
        Azərbaycanın mədəni həyatında ötən həftənin diqqətçəkən hadisələrindən biri gənc şair, publisist, Prezident təqaüdçüsü Tural Cəfərlinin "Elə ki darıxdın" adlı yeni şeirlər kitabının təqdimatı oldu.  "Litera" kitab mağazasında keçirilən tədbir ədəbi ictimaiyyətin, qələm adamlarının, media nümayəndələrinin və poeziyasevərlərin iştirak etdiyi əlamətdar görüşə çevrildi.
      Təqdimat mərasimində millət vəkili və yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və esseist Səlim Babullaoğlu, yazıçılar İlham Əziz və Nihat Pir, şair Vahid Əlioğlu, dosent Nəsir Xankişiyev çıxış edərək müəllifin yaradıcılığı, poeziyaya gətirdiyi fərqli baxış və yeni kitabın bədii məziyyətləri haqqında fikirlərini bölüşdülər.
Müasir Azərbaycan poeziyasında son illər müşahidə olunan əsas tendensiyalardan biri insanın daxili aləminə dönüş, fərdi duyğuların fəlsəfi təhlili və həyat hadisələrinə yeni baxış bucağının formalaşdırılmasıdır. Tural Cəfərlinin "Elə ki darıxdın" kitabı da məhz bu istiqamətin diqqətçəkən nümunələrindən biri kimi qiymətləndirilə bilər.
       Kitabın adından başlayaraq oxucu fərqli bir poetik məkanla qarşılaşır. Adətən mənfi emosional hal kimi qəbul olunan darıxmaq hissi müəllifin yaradıcılığında özünü tanımağın, daxili dünyaya qayıdışın və ruhun öz həqiqətini axtarmasının başlanğıc nöqtəsinə çevrilir:
"Elə ki darıxdın, heç kimə demə,
Bir az xəyal götür, özünlə danış.
Yığıb bir araya xatirələri,
Sahildə oturub dənizlə danış."
Bu misralarda şair insanı təkliyə deyil, özünə qayıdışa çağırır. Müasir həyatın sürəti, informasiya bolluğu və gündəlik qayğılar fonunda insanın öz iç dünyasından uzaqlaşdığı bir dövrdə müəllif sadə, lakin dərin məna daşıyan bir yol göstərir: özünlə danışmaq.
Tural Cəfərlinin poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri obrazların mürəkkəb metaforalarla deyil, sadə və anlaşıqlı dillə qurulmasıdır. Onun şeirlərində həyatın fəlsəfəsi gündəlik müşahidələrdən, təbiət hadisələrindən və insanın daxili təcrübəsindən doğur:
"Danış, ürəyini boşalt beləcə,
Ləpələr dərdini yuyub-aparsın.
İçində sızlayan yaralarını
Külək yarpaq kimi bir-bir qoparsın."
Burada dəniz sadəcə təbiət obrazı deyil, insanın sirdaşına çevrilir. Külək yalnız meteoroloji hadisə deyil, ağrıları aparan mənəvi güc kimi təqdim olunur. Şair təbiətlə insan arasında görünməyən bir körpü yaradır.
      Kitabda tez-tez rast gəlinən mövzulardan biri də bağışlamaqdır. Müəllif bağışlamağı zəiflik deyil, mənəvi yüksəliş kimi təqdim edir:
"Uzaqdan əl edib özün-özünə,
Hamını bir axşam bağışla getsin.
Gözündən asılan yorğun baxışlar,
Son dəfə islanıb yağışla getsin."
Bu misralarda həyatın yükündən qurtulmaq, keçmişlə barışmaq və ruhun azadlığına qovuşmaq arzusu hiss olunur. Şair insanı qisasın deyil, mərhəmətin və anlayışın tərəfinə dəvət edir.
     "Elə ki darıxdın" kitabında ölüm mövzusu da xüsusi yer tutur. Lakin müəllif ölümə qorxu ilə deyil, həyatın ayrılmaz hissəsi kimi yanaşır. "Mən də" şeirində bu fikir sadə, lakin təsirli şəkildə ifadə olunur:
"Gördüm ki, ağlayan yoxdur halıma,
Başladım halıma gülməyə mən də.
Əbədi deyiləm, arxayın olun,
Dünyaya gəlmişəm ölməyə mən də."
Bu misralar oxucunu həyatın faniliyi haqqında düşünməyə vadar edir. Şair burada ümidsizlik yaratmır, əksinə, insanın yaşadığı anın dəyərini dərk etməsinin vacibliyini vurğulayır.
       Müəllifin yaradıcılığında diqqət çəkən başqa bir məqam çətinliklərə münasibətdir. Adətən maneə kimi qəbul olunan hadisələr onun poeziyasında inkişaf vasitəsinə çevrilir:
"Ay mənim yoluma daş düzən adam,
Nə gözəl etmisən, daşına şükür.
Ayağım bərkidi sənin sayəndə,
Düşünən beyninə, başına şükür."
Bu misralar müasir insan üçün mühüm mesaj daşıyır. Şair həyatdakı əngəlləri bədbəxtlik deyil, möhkəmlənmək imkanı kimi qiymətləndirir. Çətinliklərin insanı böyütdüyünü və gücləndirdiyini xatırladır.
Şeirin davamında bu fəlsəfə daha aydın görünür:
"Sənin sağlığına, həmin daşları,
Yığıb mən özümə ev düzəltmişəm."
Bu poetik fikir əslində bütöv bir həyat dərsidir. İnsan qarşılaşdığı problemlərdən dağıla da bilər, həmin problemlərin üzərində yeni həyat da qura bilər. Seçim onun öz əlindədir.
Tural Cəfərlinin poeziyası müasir Azərbaycan şeirində nikbin fəlsəfənin, sadə ifadə tərzinin və daxili səmimiyyətin uğurlu sintezidir. Onun şeirləri oxucunu yalnız hisslər dünyasına aparmır, eyni zamanda düşündürür, həyat hadisələrinə fərqli rakursdan baxmağa sövq edir.


     Təqdimat mərasimində müəllif yaradıcılıq prosesi, kitabın ərsəyə gəlməsi və gələcək planları haqqında danışdı, şeirləri qiraətçilər tərəfindən səsləndirildi, oxucuların sualları cavablandırıldı. Sonda müəllif kitablarını imzalayaraq oxucularla xatirə şəkilləri çəkdirdi.
On beş ildən sonra işıq üzü görən ikinci şeirlər kitabı olan "Elə ki darıxdın" göstərir ki, Tural Cəfərli zaman ərzində öz poetik dəst-xəttini qoruyub saxlamaqla yanaşı, onu daha da zənginləşdirə bilib. Kitabın səhifələrində həm həyatın ağrıları, həm insanın daxili axtarışları, həm də ümidin və inamın işığı yaşayır.
        Ötən həftənin mədəni mənzərəsinə nəzər salarkən demək olar ki, "Elə ki darıxdın" kitabının təqdimatı sadəcə yeni bir nəşrin oxucularla görüşü deyildi. Bu tədbir həm də müasir Azərbaycan poeziyasının yeni düşüncə istiqamətlərinin, insanın öz daxilinə qayıdış çağırışının və söz sənətinin yaşamaqda davam edən gücünün növbəti təzahürü idi.
-Ölümə meydan oxuyan sevgi - "Alkesta" tamaşası
       Azərbaycanın teatr həyatında ötən həftənin diqqətçəkən mədəni hadisələrindən biri antik yunan dramaturgiyasının görkəmli nümunələrindən olan Evripidin "Alkesta" əsərinin səhnə təqdimatı oldu. İyunun 2-də Şuşa Dövlət Musiqili Teatrının səhnəsində "Türkel Teatrı"n təqdim etdiyi tamaşa klassik irslə müasir teatr düşüncəsinin uğurlu vəhdəti kimi tamaşaçıların diqqətini cəlb etdi.
      Evripidin yaradıcılığında xüsusi yer tutan "Alkesta" təkcə qədim yunan dramaturgiyasının deyil, ümumilikdə dünya ədəbiyyatının ən maraqlı fəlsəfi-mənəvi nümunələrindən biri hesab edilir. Əsərin mərkəzində insan həyatının əbədi sualları dayanır: Sevgi ölümə qalib gələ bilərmi? Fədakarlığın sərhədi varmı? İnsan öz xoşbəxtliyi naminə başqasının həyatını qurban verməyə haqq qazanırmı?
      Mifoloji süjet əsasında qurulan əsərdə Fera hökmdarı Admet ölüm hökmündən yalnız o halda xilas ola bilər ki, kimsə onun yerinə ölməyə razı olsun. Nə valideynləri, nə də yaxınları bu ağır yükü üzərinə götürmək istəmir. Yalnız həyat yoldaşı Alkesta sevgisinin gücü ilə bu fədakarlığa hazır olur. Beləliklə, tamaşa sevgi, vəfa, vicdan, insanlıq və mənəvi məsuliyyət kimi anlayışları dərin fəlsəfi müstəvidə təqdim edir.
      Tamaşanın quruluşçu rejissoru Şəbnəm Xeyrullanın səhnə yozumu klassik mətnin əsas ideya yükünü qorumaqla yanaşı, onu müasir tamaşaçı üçün anlaşılan və təsirli formada təqdim etməyə imkan verib. Rejissorun əsərə yanaşmasında emosional gərginliklə fəlsəfi düşüncə arasında tarazlıq hiss olunur. Hadisələrin inkişafı boyunca tamaşaçı yalnız süjetin izləyicisi deyil, həm də qəhrəmanların mənəvi seçimlərinin şahidinə çevrilir.
     Alkesta obrazını canlandıran "Türkel Teatrı"n yaradıcısı və tamaşanın əsas ifaçılarından biri Aysu Türkel obrazın daxili aləmini uğurla nümayiş etdirə bilib. Onun ifasında Alkesta sadəcə özünü qurban verən qadın deyil, həm də sevginin, sədaqətin və mənəvi gücün simvolu kimi görünür. Aktrisanın emosional oyunu obrazın faciəvi mahiyyətini tamaşaçıya çatdırmağa kömək edir.
     Digər rolları ifa edən Əlibala Qasımov, Şövqi Əmiraslanov, Kənan Abdulov, Tural Orucov, İsa Səttarov, Allahverdi Ramazanov və Lətif Niyazov da tamaşanın ümumi bədii bütövlüyünün formalaşmasında mühüm rol oynayıblar. Aktyor ansamblının harmoniyası səhnədə kollektiv yaradıcılıq atmosferi yaradaraq əsərin ideya-estetik yükünün tamaşaçıya çatdırılmasına xidmət edib.
     "Alkesta"nın əsas uğurlarından biri onun zamandan və məkandan asılı olmayan mövzulara müraciət etməsidir. Minilliklər əvvəl yazılmış əsər bu gün də aktuallığını qoruyur. Çünki insanın sevgi, ölüm, itki və fədakarlıq qarşısında yaşadığı hisslər dəyişmir. Tamaşa bir daha göstərir ki, klassik əsərlər yalnız keçmişin yadigarı deyil, həm də müasir insanın mənəvi axtarışlarına cavab verən canlı sənət nümunələridir.
    "Türkel Teatrı"n təqdim etdiyi "Alkesta" tamaşası ötən həftənin mədəni mənzərəsində xüsusi yer tutan hadisələrdən biri kimi yadda qaldı. Bu səhnə əsəri tamaşaçıya yalnız estetik zövq bəxş etmir, həm də onu həyatın ən mühüm dəyərləri barədə düşünməyə sövq edir. Ölümün qaçılmazlığı fonunda sevginin gücünü nümayiş etdirən tamaşa insan ruhunun ən ali keyfiyyətlərini ön plana çıxararaq klassik dramaturgiyanın əbədi yaşarlığını bir daha təsdiqləyir.
     Beləliklə, "Alkesta" yalnız bir tamaşa deyil, sevginin, fədakarlığın və insanlıq idealının səhnədə təcəssümüdür. Məhz bu xüsusiyyətlərinə görə o, ötən həftənin mədəni həyatında diqqətəlayiq sənət hadisəsi kimi dəyərləndirilə bilər.  
    

Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31